Azərbaycan xalça
sənətinin dünyada izləri və
naxışları
Oktyabrın 19-da Azərbaycan xalçası üzrə V Beynəlxalq simpozium işini sessiya və seminarlarla davam etdirdi.
«Xalça qrupları və atributları» mövzulu sessiyada iki çıxış dinlənildi. Əvvəlcə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini, sənətşünas Kübra Əliyeva çıxış etdi. Ömrünü milli toxuculuq sənətinin, xüsusilə də xalçaçılığın araşdırılmasına həsr etmiş Kübra xanım bu dəfə «Azərbaycanda yaşayan ləzgilərin toxuduğu xalçaların bədii orijinallığı» mövzusunda məruzə etdi. Bildirdi ki, belə mötəbər beynəlxalq elmi məclisdə Azərbaycan ləzgilərinin xalçaçılıq ənənələri barədə məruzənin dinlənilməsi ölkəmizdə azsaylı xalqların mədəni ənənələrinin yaşadılmasına diqqətin sübutdur. Azərbaycanda yaşayan ləzgilərin toxuduqları xalçalar çeşni və naxış baxımından təsir göstərməklə yanaşı, Dağıstan ləzgilərinin xalçalarından bir qədər fərqləndiyini deyən alim bu xüsusda ətraflı danışdı.
Şərq xalçalarının satışı və öyrənilməsi ilə məşhurlaşmış sənətşünas-tacir L.Kelatinin oğlu Devid Kelati (London, Böyük Britaniya) «XVIII əsrə və daha əvvəlki dövrlərə aid tarixi xalçaların və dəyərli təsviri sənət nümunələrinin - Azərbaycan xalçalarının dünya muzeylərinə çıxarılması» mövzusunda məruzə etdi. Devid Kelatinin məruzəsi daha çox kolleksiyaçılar üçün maraqlı olub, statistik məlumatlar ilə zəngin idisə, fasilədən sonra başlayacaq «Azərbaycan naxışları» sessiyasındakı çıxışlar sırf tədqiqat xarakterli idi.
Xalça Muzeyinin direktoru Şirin Məlikovanın moderator olduğu sessiyada bütün məruzələr Azərbaycan xalçaçılıq və toxucu sənətinə dair incə araşdırmalara həsr olunmuşdu.
Oksford Universitetinin Müqəddəs Antoni Kollecinin (London, Böyük Britaniya) professoru Robert Çensiner «Qərbi Xəzər naxışı» adlı məruzəsində demək olar ki, bütün dünya muzey və şəxsi kolleksiyalarına səpələnmiş Azərbaycan (Xəzərin qərb sahili) xalça naxışlarının iziylə apardığı müşahidələrini, bizim milli xalça çeşnilərinin İran, Kirman, Herat xalçalarında işlədildiyini elmi faktlarla sübuta yetirdi.
«Qədim Azərbaycanda Səfəvi üslubunda ipək tikmə» adlı məruzə ilə çıxış edən İslam İncəsənəti Muzeyinin elmi əməkdaşı Maykl Frensis hətta ipək tikmə sənətinin Azərbaycanın tarixi-etnoqrafik ərazisi üzrə bölgüsünü apardı, hər bölgəyə xas xırda detalları belə incələdi.
Şərq Xalçaları üzrə Beynəlxalq Konfransın İdarə Heyətinin üzvü Alberto Boralevinin (Florensiya, İtaliya) «Florensiyada Pittinin sarayında ecazkar stolüstü xalça: ən qədim Azərbaycan güləbətini» məruzəsində bir zamanlar bizlərdə çox geniş yayılmış güləbətin (qızıl sapla tikmə) tikmə sənəti nümunələrinin Avropanın orta çağ rəssamlarının əsərlərindəki təsvirlərdə yer almasına dair müşahidələrini paylaşdı.
Yaponiyalı tədqiqatçı, xalçaçılıq sənətinə marağına görə on ildən bəri Türkiyədə yaşayan Sumiyo Okumura isə maraqlı bir mövzunu araşdırmışdı: «İslam miniatürlərində yəhər altlıqları: Məhəmməd peyğəmbərin gecə meracı və cənnəti görməsini əks etdirən rəsmlər».
Türkiyədə yaşayan və Atatürk Universitetində (Ərzurum) çalışan Validə Paşayeva isə öz məruzəsini «Ümumi təkrarlanan naxışlarla Azərbaycan tikişi» üsuluna, xalça və tikmələrlə təkrarlanan naxış və ornamentlərin təkrarlanma ölçülərinə həsr etmişdi.
“Kolleksiyalar və toplama” - simpoziumun ilk seminarı
Azərbaycan xalçası üzrə
V Beynəlxalq simpozium
oktyabrın 19-da günün
ikinci yarısında seminarlarla davam etdi. Panelin birinci seminarı
“Kolleksiyalar və toplama” mövzusuna həsr olunmuşdu.
Seminarın ilk məruzəçisi, Polşa Dünya İncəsənəti Studiyasının
direktoru Beata Bidronskaya-Slota “Polşa xalçaları kimi tanınan İran xalçaları” adlı məruzə ilə çıxış etdi.
Bu xalçaların XVI əsrdən
etibarən İran və Türkiyədən
gələn tacirlərdən
alındığını, eləcə də səyyahlar tərəfindən
aparıldığını deyən məruzəçi
bildirdi ki, polşalıları Qafqaza
aid və ümumilikdə
islam mədəniyyətinə
aid olan bu nümunələr çox
maraqlandırırdı. Bu gün isə Polşa muzeylərindəki
xalça nümunələrinin
əksəriyyəti məhz
Azərbaycan xalçalarıdır.
Krakov Dövlət Muzeyində qorunan 65 xalça nümunəsinin 30-u Azərbaycana
məxsusdur. Tanınmış polyak kolleksiyaçı Jerzy Kulezyckenin xalça eksponatlarından
söz açan məruzəçi bu xalçaların da əksərinin Azərbaycana
aid olduğunu vurğuladı.
Dedi ki, Varşavanın “Kral qəsr” muzeyində, Tatra muzeyində Şirvan, Quba, Bakı məktəbinə
aid xalçalara rast gəlmək olar.
Rusiyanın Şərq İncəsənəti
Muzeyinin direktoru Yekaterina Yermakova məruzəsində “Mərcanı
Fondu”nun eksponatlarından
söz açdı.
Bildirdi ki, kolleksiyada 150 nümunə var. Onlardan
11-i Azərbaycan xalçaçılığına
məxsusdur. Fondda həmçinin
Osmanlı imperiyasına
aid xalça və naxışlar da ziyarətçilərin diqqətini
çəkir.
Hindistanlı mütəxəssis Ali Nasir ölkəsindəki kolleksiyaçılarda qorunan
Azərbaycan xalçaları
haqqında məlumatı
seminar iştirakçılarının diqqətinə çatdırdı.
Bildirdi ki, Bangalor bölgəsində
Dani Mehri adlı şəxsin zəngin kolleksiyasında
300-dən artıq Azərbaycan
xalçası var. Hindistanda
tekstil sahəsi üzrə araşdırma
mərkəzi yaratdığını
vurğulayan A.Nasir müxtəlif bölgələrdən
daxil olan kolleksiyaların elmi tərəfdən öyrənilməsinə
başlandığını bildirdi.
Moskvada yaşayan kolleksiyaçı
Aydın Cəbrayılov
məruzəsində Quba
qrupuna aid qədim minarə nümunəli xalçalardan söz açdı. O, Azərbaycan
xalçalarında kosmopolit
nümunələri və
kufi dəst-xətti ilə bağlı düşüncələrini mütəxəssislərlə
bölüşərək elmi tədqiqat baxımından maraqlı
araşdırmalara ehtiyac
olduğunu diqqətə
çatdırdı.
Seminarda qonaq qismində
iştirak edən Azərbaycan Respublikasının
insan hüquqları üzrə müvəkkili
(Ombudsman) Elmira Süleymanova belə bir beynəlxalq
simpoziumun keçirilməsində
göstərdiyi dəstəyə
görə ölkə
başçısına təşəkkürünü
bildirdi. Qeyd etdi ki, Azərbaycan
xalçaları hər
zaman humanizmi təbliğ edib: “Bizim xalça nümunələrimiz təkcə
Şimali Azərbaycanla
yekunlaşmır. Cənubda yaşayan
soydaşlarımızın milli düşüncəsi
xalçalarda əksini
tapıb”.
Sonra Elmira Süleymanova mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin
“Milli adət və ənənələrimizi
öz evimizdən qoruyaraq” çağırışına
qoşularaq ailəsinə
məxsus qədim tirmə şal və tikmə nümunələrini Milli
İncəsənət Muzeyinə
hədiyyə etdi.
Muzeyin şöbə müdiri hədiyyəyə görə
ona təşəkkürünü
bildirdi.
Seminarın sonunda gənc
kolleksiyaçılar Fuad
Cəbrayılov və
Ruslan Hüseynov öz kolleksiyaları haqqında məlumat verdilər. Bildirdilər ki, kolleksiyada
3500-dən artıq nümunə
saxlanılır. Ən qədim
nümunələr Səfəvi
dövrünə aid kəmxan
və bahari geyim növləridir.
Gülcahan
Lalə
Mədəniyyət.- 2017.- 20
oktyabr.- S.4.