“İpək xəzinələri: XVI-XVIII əsrlərdə
Azərbaycan naxışları”
Milli İncəsənət Muzeyində sərgi
Azərbaycan xalçası üzrə V Beynəlxalq simpoziumun proqramına maraqlı sərgi və təqdimatlar da daxildir. Oktyabrın 18-də Milli İncəsənət Muzeyində açılan “İpək xəzinələri: XVI-XVIII əsrlərdə Azərbaycan naxışları” adlı sərgi də beynəlxalq simpoziumun yaddaqalan tədbirlərindən oldu.
Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan xalçasının dünyada təbliği baxımından sərginin əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, bu sərgi ilə dünyanın tanınmış sənət xəzinələri olan Viktoriya və Albert Muzeyində (London), Berlin İslam İncəsənəti Muzeyində və bir sıra şəxsi kolleksiyalarda qorunub saxlanılan zəngin və zərif sənət nümunələrimiz, nəhayət ki, özünün həqiqi coğrafi-etnik ünvanını müəyyən edir. Uzun müddətdir ki, dünya alimlərinin nəzərini özünə cəlb edən bu nümunələr əcdadlarımızın yüksək sənət məharətindən, incə zövqündən, istedadından xəbər verir.
Nazir bildirdi ki, sərgidə xarici eksponatlarla yanaşı, Azərbaycan Milli İncəsənət Muzeyində qorunan bir qrup tikmə nümunəsi də yer alıb. Həmin əsərlərin beynəlxalq ekspertlərin səyi əsasında Azərbaycana aid olduğu təsdiqlənib. Sərgi beynəlxalq mədəni və elmi fəaliyyətimizin mühüm, uğurlu nəticəsi və təcəssümüdür.
Tədbirdə sərginin kuratorları, İCOC-un (Şərq Xalçaları üzrə Beynəlxalq Konfrans) akademik komitəsinin sədri Alberto Boralevi və nazirliyin müstəqil eksperti Əsli Səmədova çıxışlarında bildirdilər ki, Mədəniyyət və Turizm Nazirliyinin belə bir sərgini keçirməsi nəinki Azərbaycanda, eləcə də dünya muzey praktikasında mühüm məqamdır. 1600-1850-ci illərə aid olan nümunələr xarici mənbələrdə “Erkən Azərbaycan tikmələri” adlandırılır, Qərb mütəxəssisləri və kolleksiyaçıları tərəfindən yüksək qiymətləndirilir. Qeyd olundu ki, erkən Azərbaycan tikmələrinin bir çox motivləri XVI-XVIII əsrlərin “Əjdaha” qrupuna daxil olan Azərbaycan xalçalarının naxışları, həmçinin Səfəvi dövrü xalçalarına xas palmetta və mərkəzi medalyon elementi ilə sıx əlaqəlidir. Bu xalçalar Azərbaycan dekorativ-tətbiqi sənətinin beynəlxalq ədəbiyyatda ölkəmizə məxsusluğu qəbul edilən yeganə nümunələridir.
Daha sonra qonaqlar “İpək xəzinələri: XVI-XVIII əsrlərdə Azərbaycan naxışları” sərgisi ilə yaxından tanış oldular.
Qeyd edək ki, sərgidə Londonun Viktoriya və Albert Muzeyinin kolleksiyasından 13 ədəd eksponat nümayiş olunur. İkiillik tədqiqat çərçivəsində sərginin kuratorları Alberto Boralevi və Əsli Səmədova Londonun “Hali Publications Ltd” nəşriyyatının dəstəyi ilə dünya muzeyləri və şəxsi kolleksiyalarda saxlanılan Azərbaycan tikmələrinin nadir məlumat bazasını yaradıblar. Bu qəbildən olan 400-ə yaxın tikmə aşkarlanıb və elektron məlumat bazası tərtib edilib.
Alberto Boralevi və Əsli Səmədovanın müəllifi olduğu və “Hali Publications Ltd” nəşriyyatında çap olunan “Qafqazın ulduzları. Erkən Azərbaycan tikmələri” kitabının ayrıca bir fəsli Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasındakı tikmələrə həsr edilib.
F.Hüseynov
Mədəniyyət.- 2017.- 20
oktyabr.- S.5.