Qulliveri səhnədə axtarın
Dünya ədəbiyyatında, xüsusən də uşaq ədəbiyyatında elə əsərlər var ki, onlara indiki nəslin də bələd olması arzulanandır. Amma bəs bu günün uşaqlarını qalın romanları oxumağa necə həvəsləndirməli? Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı da neçə nəslin sevimli əsəri olmuş «Qulliverin səyahəti» romanına müraciət edib.
İlk
baxışda Conatan Sviftin
bu əsərinin səhnə
variantını təsəvvür etmək ağlabatan
görünmür. Amma axtaran belə macəra romanının da səhnə həllini tapar. Necə? Biz balaca teatrsevərlər qədər hövsələli
olmadığımızdan oktyabrın 27-ni, yəni “Qulliver Cırtdanlar ölkəsində” tamaşasının
premyera gününü
gözləmədən yolumuzu
teatrdan saldıq...
Məşq saatında teatrımıza
gəldiyimizi zənn etsək də, demə, fasiləymiş.
Lakin tamaşanın quruluşçu
rejissoru Elşad Rəhimzadəni boş salonda «yaxalaya» bildik. Rejissor bizi düşündürən
suala aydınlıq gətirdi:
- Uzun illərdir ki, dünya teatrında belə bir praktikadan
istifadə edilir: səhnədə mümkün
olmayanları maketlə,
kuklaçılıq ənənələrinə
müraciət etməklə
həll edirlər. Qulliverin Cırtdanlar ölkəsindəki
macəraları da kukla teatrı üslubunda həll tələb edir. Səhnəyə canlı aktyorlar
çıxırlar, yalnız
onların bədəni
kukla bədənidir.
Cırtdanları oynayan aktyorlar
bir növ kukla teatrındakı şirmanı əvəz edən dəzgahın arxasında dururlar deyə, onları geyimin köməyilə cırtdana bənzətmişik.
“Qulliverin
səyahəti” romanı
müxtəlif kukla teatrlarında səhnələşdirilib,
lakin canlı aktyorların iştirakı
ilə belə bir tamaşanın qurulmasından xəbərsizəm.
Başqa
bir çətinlik də ondan ibarətdir
ki, Gənc Tamaşaçılar Teatrının
aktyorları kukla texnikasında işləməyiblər.
Bəlkə də buna görə tamaşada məşğul olan aktyorlar həvəslə məşq edirlər.
Mənə elə gəlir
ki, biz məqsədimizə
nail olacağıq. Bu teatrın daimi seyrçisi üçün
bizim tamaşa yeni bir göstəri
olacaq. Hər kəsin tanıdığı
aktyorlar cırtdan adamları canlandıracaqlar.
- Tamaşada daha hansı yeniliklər var?
- Bizim nəsil də, valideynlərimiz də bu əsərə yaxşı bələddir.
Amma biz əsəri bir qədər müasirləşdirmişik.
Bizim tamaşada Qulliver - bugünkü gəncliyin nümayəndəsidir. Cırtdanlar ölkəsi
isə sivilizasiyadan geri qalmış bir yerdir. Qulliver bura özü ilə yenilik gətirir. Bütün dünyanı elə
özləri kimi təsəvvür edən
cırtdanlar Qulliveri görərkən anlayırlar
ki, hər şey heç də onların zənn etdikləri kimi deyil.
- Sizcə, uşaqlar bu tamaşanı necə qarşılayacaqlar?
- Əlbəttə,
uşaqlar şərtilikləri
çox sevmirlər.
Lakin bugünkü uşaqları
aldatmaq mümkün deyil. Uşaqlar o qədər informasiya
toplayırlar ki, o qədər xarici cizgi filmlərinə baxırlar ki, teatrda gördükləri
tamaşanın təəssüratını
yaşatmaq üçün
onlara mütləq fərqli nəsə göstərmək lazımdır.
...Məşq başlayır. Bayaqdan bəri səhnənin
qarşısını kəsən
«qayalıq» dekorasiyasının
nə üçün
düzüldüyünü anlayıram. Əyinlərinə geyindikləri səhnə
paltarından ayaqların
sallandığı aktyorlar
qayalığın arxasında
dayandıqda həqiqətən
də salondan cırtdan adama oxşayırlar. Bütün əhvalat
da elə həmin qayalığın
arxasında və üstündə baş verir. Hə, yeri gəlmişkən,
qayalığın üstündə
yalnız Qulliver görünə bilər.
Vahid Əliyev, Nofəl Vəliyev, Elşən Hacıbabayev, Müşfiq
Əliyev, Ramil Məmmədov, Elnur Hüseynov, Asya Atakişiyeva, Nuriyyə Əliyeva, Xəyalə Meydanova, Könül Əbilova, Nuranə Hüseynova, Aygün Fətullayeva, Vüqar Məmmədəliyev, Bəhram
Həsənov və digər aktyorların məşğul olduğu
tamaşanın hər
iki heyətinin geyimlə məşqi gedir.
Birinci heyətin məşqindən
sonra quruluşçu
rejissor yenidən hər kəsi salona toplayır, qeydlərini çatdırır:
- İkinci
cərgədən artıq
ayaqların dəzgahdan
aralanmağı görünür.
Buna diqqət yetirin. Bədənlərinizi yırğalamağı yaddan çıxarmayın.
Hətta
bir kəlmə söz deməli olanda da bədən
plastikasını unutmayın.
Başa düşürəm, daim
özün kimi olub, birdən-birə kukla cildində rol oynamaq çətindir.
Uşaqlar üçün
söz yox, hərəkət, jest maraqlıdır.
Mətn isə uşaqla birgə teatra gələn valideyn üçündür. Sadəcə, bu ifa tərzinə
alışmaq lazımdır.
Bir də tamaşaçını
unutmayın. Salon üçün oynayın.
Uşaqlara müraciət edin
ki, onlar darıxmasınlar. Uşağın diqqətini 50 dəqiqə
özünə cəlb
etmək sizə asan gəlməsin.
Aktyorlar da rolları,
tamaşa haqqında sual verir, düşündüklərini,
onları narahat edən məqamları quruluşçu rejissorla müzakirə edirlər.
"Qaralama" variantını gördüyümüz
tamaşanın premyerasını
maraqla gözləyirik.
Qeyd edək ki, tamaşanın rəssamı
Elşən Sərxanoğlu,
plastik həll müəllifi Ceyhun Dadaşovdur. Əsəri tərcümə
edib səhnə variantını hazırlayan
da elə quruluşçu rejissor Elşad Rəhimzadədir.
Gülcahan
Mirməmməd
Mədəniyyət.- 2017.- 20 oktyabr.-S.10.