Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin dərnək və kurslarının təqdimatı keçirilib

 

 

 

   Ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət göstərən dərnək və kursların təqdimatı keçirilib.

   Mərkəzin direktoru Samir Abbasov məlumat verib ki, burada son illər rəqs, rəsm, əl işləri, fortepiano, Azərbaycan dilikompüter kursları yaradılıb, “Azərbaycan qızları” uşaq rəqs ansamblı fəaliyyət göstərir. Əsas məqsəd Azərbaycan mədəniyyətini və dilini təbliğ etmək, iki ölkə arasında dostluq əlaqələrini möhkəmləndirmək, habelə istedadları üzə çıxarmaq və onların fəaliyyətinə stimul verməkdir.

   Direktor Azərbaycanda və Özbəkistanda uşaq və yeniyetmələrə göstərilən qayğı, ölkəmizdə Heydər Əliyev Fondunun dəstəyi ilə yeni uşaqinternat evlərinin, sağlamlıq və reabilitasiya mərkəzlərinin tikildiyi barədə də danışıb.

   Daşkənd şəhər İnternat Məktəbləri üzrə Əlaqələndirmə Şurasının sədri Oybek Babacanov Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndirib, burada uşaq və yeniyetmələrin öz bacarıqlarını inkişaf etdirmək üçün şəraitin olduğunu qeyd edib. Sonra kurslarda iştirak edən uşaq və yeniyetmələr Azərbaycana aid şeirlər söyləyiblər. Kompüter kursu şagirdlərinin Azərbaycanın tarixi, mədəniyyəti, turizm imkanları, habelə Qarabağın şəhərləri və abidələri barədə hazırladıqları slayd-şou nümayiş olunub. Fortepiano dərnəyinin şagirdləri isə Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndiriblər.

   Kurs və dərnəklərdə xüsusi fəallıq göstərən uşaqlara Mədəniyyət mərkəzinin sertifikatları verilibyeni tədris ili üçün qəbul elan edilib.

   Mərasimin sonunda iştirakçılara İDEA İctimai Birliyinin “Azərbaycanın 9 möcüzəsi” adlı layihəsi çərçivəsində çəkilmiş “Göygöl Milli parkı” sənədli filmi təqdim olunub. Layihənin təşəbbüskarı və rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva, filmin rejissoru İqor Bışnyovdur.

   Tədbir zamanı Daşkənddə fəaliyyət göstərən internat məktəblərinin şagirdləri Azərbaycan mətbəxinə qonaq edilib.

  

 

Mədəniyyət.- 2017.- 20 oktyabr.-S.13.