Türkməni türkdən ayırmaq mümkün deyil
“Türkmənlərin
yaşadıqları problemləri bütün
dünya mediasına, insanlara
göstərmək istəyirik”
Əsası 2004-cü ildə Kərkükdə qoyulan Türkməneli TV-nin xaricdəki yeganə təmsilçiliyi Ankarada yerləşir. İraq türkmənlərinin səsi olan bu televiziya kanalı Ankarada Azərbaycanla bağlı keçirilən tədbirləri də geniş şəkildə işıqlandırır. Türkməneli TV-nin Ankara təmsilçisi Mehmet Hanefi Uzunçam ilə müsahibəmizdə televiziyanın fəaliyyətinə, önəm verdiyi layihələrə və digər məqamlara toxunduq.
- Türkməneli TV-nin əsas missiyası nədir və nə üçün təmsilçiliyi məhz Ankarada açdınız?
- Televiziya
Kərkükdə 2004-cü ilin aprel ayında
quruldu. Elə həmin ildə
Türkiyədə də
fəaliyyətə başladı.
Türkiyə bizim üçün
çox önəmli
olduğu üçün
Ankarada büro açmaq qərarına gəldik. Çünki biz eyni kökdən
olan iki millətik. Türkməni türkdən ayırmaq
mümkün deyil.
Buna görə də bizim televiziyanın
Ankarada fəaliyyəti
lazım idi. Türkiyədə hər cür
dəstək görürük.
Televiziya
qurulduğu gündən
etibarən fasiləsiz
şəkildə həm
TÜRKSAT, həm də
NİLESAT peykləri vasitəsilə
24 saat yayındadır.
Televiziya
proqramlarına əlavə
olaraq, bizim saytımız (www.turkmenelitv.com) da var. İraq, Türkiyə və dünya xəbərləri
operativ şəkildə
saytımızda yer alır. Yayın dilimiz türk
və ərəbcədir.
Proqramlarımız isə həm
Kərkükdə, həm
də Ankarada hazırlanır. Bağdaddan canlı
yayın etmək üçün hələlik
imkanımız yoxdur,
amma oradan xəbərlər Kərkükə
göndərilir və
yayımlanır. Eyni zamanda
Türkiyədə Yaxın
Şərq haqqında
bütün xəbərləri
izləyirik. İŞİD
işğalından sonra
Telafər və Mosulda olan bürolarımız
zəbt edildi. Bütün avadanlıqlarımız da
orada qaldı. Onların taleyindən xəbərimiz
yoxdur. Yalnız işçilərimiz bölgədən çıxa
bildilər və hazırda fəaliyyətlərini
başqa bölgələrdə
davam etdirirlər.
Əlbəttə, zaman-zaman çətinliklərlə
qarşılaşırsan. Çünki yeni bir televiziya qurmaq asan deyil. Daha əvvəl yerimiz çox dar idi. İndi isə studiyası
olan geniş binada yerləşirik.
Azərbaycanda İctimai Televiziya
ilə bir protokol imzalamışıq.
Sənədə əsasən ordan
aldığımız proqramlar
bizim televiziyada, bizim də bəzi
proqramlarımız İTV-də
yayımlanır. Həmçinin Şimali Kiprdə Bayraq TV və Gənc TV ilə müqaviləmiz var. Qarşılıqlı
proqram mübadiləsi
edirik, orda yaşayan insanlara öz mədəniyyətimizi
göstərmək, onlarınkını
da Kərkükdə tanıtmaq üçün
belə proqramları gerçəkləşdiririk. Türkiyədə isə TGRT kanalı
ilə qarşılıqlı
müqaviləmiz var. Müştərək
proqramlar, canlı yayımlar edirik. Beləliklə, türkmənlərin yaşadıqları problemləri
bütün dünya mediasına, insanlara çatdırmağa çalışırıq.
- Ümumilikdə
götürdükdə televiziyanın
əsas prioritetləri
nədən ibarətdir?
Ankara bürosunda xüsusi layihə və proqramlar hazırlanırmı?
- Biz öz fəaliyyətimizə öncə
“İraqın parlaq üzü” şüarı
ilə başladıq.
Önəm verdiyimiz proqramlar isə rəngarəngdir: xəbər,
mədəniyyət, siyasət,
iqtisadiyyat. Ankara bürosunda müxtəlif
layihələr gerçəkləşdiririk.
Burada iki studiyamız var. Həftədə 8-10 proqram
hazırlayırıq, canlı
yayımlar edirik.
Yəni televiziya üçün nə lazımdırsa burada qurulub. Məsələn, önəmli sənətkar
Mehmet Özbayın Ankarada hazırladığı
musiqi proqramı çox maraq doğurur. Çünki bu proqrama Türkiyədə yaşayan
türkmənlər, Azərbaycan
da daxil olmaqla türk dünyasının sənətkarları
qatılır. Bununla yanaşı,
siyasi proqramlarımız
da var. Davamlı olaraq gündəm izlənilir və siyasi müzakirələr
aparılır. Fəaliyyətimizdə tarix, dini proqramlarımız
da yer alır.
- İraqda yaşayan
türkmənlərin dil
və mədəniyyətlərini
qorumaq, yaymaq, yaşatmaq baxımından
hansı layihələri
həyata keçirirsiniz?
- Bunun üçün mədəniyyət
proqramları hazırlayırıq.
Misal olaraq, hazırda çəkilişləri
davam edən “Telafər sevdası” adlı proqramımız
var. Bu proqram Türkiyədə
yaşayan türkmənlərə,
Təlafər, Kərkük
və başqa bölgələrin insanlarının
Türkiyədəki yaşayışlarını
əks etdirir. Bilirsiniz ki, İŞİD İraqa
girdikdən sonra Türkiyəyə böyük
bir türkmən köçü oldu.
Gələnlər arasında
Ankara, İstanbul, Konya, Adanada
yerləşənlərlə yanaşı, AFAD-ın (Türkiyənin təbii fəlakət və təcili yardımla bağlı dövlət qurumu - red.) qurduğu düşərgələrdə yaşayan çox sayda insanlarımız var.
Onların hər biri ilə çox
yaxın münasibətlərimiz
var. “Təlafər sevdası”
proqramı vasitəsilə
onların adət-ənənələrini,
mədəniyyətini necə
yaşatdıqlarını nümayiş etdiririk. Məqsədimiz türkmən
eli ilə
Türkiyə arasında
körpünü gücləndirməkdir.
Qısa vaxtda önəmli
layihələrə imza
atmışıq. “Mən türkmənəm,
mən bəyəm” adlı sənədli bir film hazırladıq.
Bu, türkmən tarixindən bəhs edən layihədir. Filmdə türkmən mədəniyyəti,
adət və ənənələrindən də
bəhs edilir. Film türk coğrafiyasında
- Monqolustanda, Türkiyənin
Konya, Kayseri, Ərzurum bölgələrində,
həmçinin Ərbil
və Kərkükdə
çəkilib. Bir çox
dillərə tərcümə
ediləcək, beynəlxalq
film festivalı və
müsabiqələrinə gedəcək. Hətta filmin
kitabı da yazılıb. Çünki ilk dəfə türkmənlərin
tarixindən bəhs edən belə bir sənədli film çəkilib. Onu da qeyd edim ki,
filmdə Azərbaycan
da daxil olmaqla türk respublikalarından da bəhs edilir. Düşünürəm ki, sənədli
filmlər proqramlardan da önəmlidir. Çünki onlar qalıcı
olur. Türk dünyasının birlik və bərabərliyini göstərən
Çanaqqala savaşına
həsr edilən sənədli film də çəkirik.
Televiziyada son nöqtə olmur,
çünki texnologiya
tez-tez dəyişir.
Böyük işlər görəcəyimizə
inanırıq. Hazırda Türkməneli
TV tanınmış bir
televiziyadır. Bu da gördüyümüz
işlərdən qaynaqlanır.
Türkiyə Böyük Millət
Məclisindən qonaqlar
dəvət edirik, türkmən davası ilə bağlı adamları ekranlara çıxarırıq. Kərkükün gerçək sahibləri
türkmənlərdir. Biz də bu televiziya vasitəsilə xalqımıza dəstək
veririk.
- Gələcəkdə
başqa türk respublikalarında da büro açmağı
planlaşdırırsınızmı?
- Hələlik
yalnız Türkiyədə
təmsilçilik var. Əgər
gələcəkdə imkanlar
yaxşı olarsa, başqa yerlərdə də aça bilərik. Məsələn, bu baxımdan
Azərbaycan arzuladığımız
ölkədir. Biz eyni millətik. Qeyd etdiyim kimi, Türkməneli
TV-də Azərbaycanın
televiziya proqramlarını
da göstəririk.
TRT-də isə
tanınmış Azərbaycan
sənətkarı Azərinlə
proqramlar hazırlayırıq.
Çox
gözəl bir işbirliyimiz var. Xocalı
faciəsi ilə bağlı Ankarada keçirilən bütün
anım tədbirlərini
çəkib göstəririk.
Bundan başqa, mütləq studiyamıza bir azərbaycanlı qonaq dəvət edir, tamaşaçılarımıza hadisəni anladırıq.
Təmsilçilik açıldığı gündən bəri burada çalışıram.
Çox
kiçik otağa yerləşmişdik. Az imkanlarla başladıq. Amma bu gün burada önəmli işlər ortaya qoyuruq. Hazırda Türkiyədə xeyli sayda türkmən
yaşayır. Onların burada
yaşamalarına heç
bir əngəl yoxdur. Türkiyə hər zaman
türkmənlərin yanında
olmuş və buna davam edir.
Harada bizim problemimiz
var, ilk öncə yardıma gələn türklər olur.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2017.- 20 oktyabr.-S.13.