“Rəssamlar bağı” salınıb
Bakının Zirə qəsəbəsindəki Eko park ərazisində görkəmli azərbaycanlı rəssam və heykəltəraşların iştirakı ilə “Rəssamlar bağı” salınıb. Layihə “Eko Park: Ekoloji Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin təşəbbüsü ilə reallaşıb.
18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə keçirilən tədbirdə xalq rəssamları Xanlar Əhmədov, Qəyyur Yunus, əməkdar rəssamlar Eldar Qurbanov, Rais Rəsulzadə, Əməkdar incəsənət xadimi Mir Teymur Məmmədov, “Yeni era” Dünya Rəssamlıq Akademiyasının üzvü Nağdəli Xəlilov, heykəltəraş Zakir Əhmədov, rəssamlar Ramiz Abbasov, İntiqam Ağayev, Cəfər Əliquliyev və digərləri, eləcə də Xəzər Rayon İcra Hakimiyyətinin, “Azneft” İB H.Z.Tağıyev adına NQÇİ-nin, Mərdəkan Dendroloji İnstitutunun nümayəndələri iştirak edib.
Tədbirdə Bakı Slavyan Universiteti məktəb-lisey kompleksinin şagirdləri vətənpərvərlik mövzusunda kompozisiya ilə çıxış ediblər.
Sonra Eko Mərkəzdə liseyin şagirdləri tərəfindən hazırlanmış rəsm sərgisinə baxış keçirilib, ağacəkmə mərasimi olub.
Qonaqlara “Bakı etüdü” adlı layihə əsasında Abşeron etnoqrafiyası üçün xarakterik olan daş artefakt nümunələri təqdim olunub, onların tarixi və xarakteristikası haqqında məlumat verilib.
İctimai birliyin rəhbəri Tahir Şıxəliyev “Rəssamlar bağı”nın incəsənət xadimləri ilə birgə reallaşdırılan ilk layihə olduğunu qeyd edərək bu cür layihələrin gələcəkdə də həyata keçiriləcəyini deyib.
Lalə Azəri
Mədəniyyət.- 2017.- 20 oktyabr.-S.15.