“Əli
və Nino” filmi Pakistanda göstərilib
Azərbaycanın Pakistandakı səfirliyinin
təşkilatçılığı ilə İslamabad şəhərində “Əli
və Nino” filminin təqdimatı keçirilib.
Pakistan Milli İncəsənət
Şurasının salonunda
təşkil olunan mərasimdə bu ölkənin xarici işlər nazirinin müavini Eytizaz Əhməd, xarici dövlətlərin diplomatları,
səfirliyimizin əməkdaşları,
şəhər ictimaiyyətinin
nümayəndələri iştirak
ediblər.
Mərasimdə səfir Əli
Əlizadə çıxış
edərək ekran əsəri haqqında məlumat verib. Bildirib ki, film Azərbaycan xalqının müstəqillik
uğrunda mübarizəsindən
və 1918-ci ildə müsəlman Şərqində
ilk demokratik dövlətin
- Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından
bəhs edir. Kinolentdə azərbaycanlı Əli ilə gürcü qızı Nino arasında
yaşanan sevgi, onların müstəqil Azərbaycan uğrunda birlik və həmrəylik nümayiş
etdirməsi ekran əsərində mükəmməl
təsvir edilib. Bu, eyni zamanda
Azərbaycan xalqının
tolerantlıq mədəniyyətinin
təcəssümüdür.
Səfir Azərbaycanın dövlət
müstəqilliyinin bərpasının
26-cı ildönümü günü ərəfəsində
“Əli və Nino” filminin təqdimatının
Pakistanda keçirilməsinin
sevindirici hal olduğunu, bu illər ərzində dost
ölkə ilə münasibətlərin daim
inkişaf etdiyini və möhkəmləndiyini
qeyd edib.
Eytizaz Əhməd filmin təqdimatı və Azərbaycanın dövlət
müstəqilliyinin bərpasının
26-cı ildönümü münasibətilə təbrikini
ifadə edib, iki dost və qardaş ölkə arasında səmimi və dərin münasibətlərin bərqərar
olduğunu vurğulayıb.
Sonra “Əli və Nino” filmi nümayiş etdirilib. Filmin müxtəlif epizodları, o cümlədən gənclərin çətinlikləri dəf edərək bir-birinə qovuşması, xüsusilə də çox sevdiyi ailəsini belə müstəqillik yolunda fəda edən Əlinin şəhid olması səhnələri tamaşaçıları xeyli duyğulandırıb. Filmin Pakistanın digər şəhərlərində də nümayiş etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 2016-cı ilin
yanvarında böyük ekrana
çıxan “Əli və Nino” filminin ssenari müəllifli
Kristofer Hempton, rejissoru Asif Kapadia, icraçı prodüseri
Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevadır. Baş
rolları Mariya Valverde
və Adam Bakri
canlandırıblar.
Mədəniyyət.- 2017.- 20 oktyabr.-S.15.