“XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” yenidən nəşr olunub

 

 

   Oktyabrın 24-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Əməkdar elm xadimi, akademik Feyzulla Qasımzadənin (1898-1976) yenidən nəşr olunan “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” kitabının təqdimatı keçirildi.

   Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Feyzulla Qasımzadənin yaradıcılığı haqqında geniş məlumat verdi. Onun şəxsiyyətini və yaradıcılığını yüksək qiymətləndirən akademik qeyd etdi ki, F.Qasımzadə şəxsiyyət bütövlüyünə, zəngin daxili mənəviyyata, yüksək insani keyfiyyətlərə malik bir alim, pedaqoq olub: “Feyzulla Qasımzadə 30 elmlər doktoru, 130 elmlər namizədi yetişdirib və 600-dək elmi məqalənin, onlarla dərsliyin müəllifidir. “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” dərsliyi 50 il ərzində 20 dəfədən çox nəşr olunub. Lakin indibu dərsliyə böyük ehtiyac var. Bu kitab bu günöz mötəbərliyini qoruyub saxlayır”.

   Mərkəzi Elmi Kitabxananın direktoru, tibb elmləri üzrə fəlsəfə doktoru Leyla İmanova elm aləmində xidmətləri ilə seçilən, Azərbaycan ədəbiyyatşünaslığını dünya səviyyəsinə çıxaran alimlərin, mütəfəkkirlərin zəngin elmi irsinin, şəxsi kitabxanalarının qorunub saxlanılmasının vacibliyindən danışdı.

   “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” kitabını yenidən nəşrə hazırlayan professor Yeganə İsmayılova isə çıxışında bu dərsliyin təkrar çap olunmasına yaranan zərurətdən danışdı. Bildirdi ki, hər zaman bu cür fundamentalunikal dərsliklərə böyük ehtiyac var. Qeyd olundu ki, XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin hazırlanmasının elmi-filoloji təsviri Feyzulla Qasımzadənin adı ilə bağlıdır.

   Digər çıxış edənlər də kitabın həmin dövr ədəbiyyatının öyrənilməsi və ədəbi-bədii düşüncənin təhlili baxımından dəyərli elmi mənbə olduğunu diqqətə çatdırdılar.

   Daha sonra çıxış edən görkəmli alimin qızı, Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycan və dünya ədəbiyyatı tarixi kafedrasının dosenti Nigar Qasımzadə kitabın yenidən nəşr olunmasında əməyi keçən hər kəsə öz minnətdarlığını bildirdi.

   Qeyd edək ki, uzun illərdir ali məktəblərin müvafiq sahə üzrə tədris proqramında əsas dərslik olan kitabın yeni nəşrinin elmi redaktoru Tofiq Hüseynov, rəyçiləri professor Təhsin Mütəllimov və filologiya üzrə fəlsəfə doktoru Məti Osmanoğludur.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2017.- 25 oktyabr.- S.12.