Azərbaycan evi”nin yubileyi qeyd edilib

 

 

   Paris Azərbaycan Evi 25 illiyini qeyd edib. Tədbir Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilib.

   Yubiley gecəsində Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel, Azərbaycanın UNESCO yanındakı səfiri Anar Kərimov, diplomatlar, Fransanın ictimai xadimləri, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

   Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva qurumun tarixindən söz açıb. Bildirilib ki, 1992-ci ildə Ramiz Abutalıbov tərəfindən yaradılan təşkilatın əsas məqsədi Azərbaycanı Fransada tanıtmaq, ölkəmizin mədəniyyətini, tarixi həqiqətlərini təbliğ etməkdir.

   Səfir Rəhman Mustafayev Paris Azərbaycan Evinin əldə etdiyi uğurları alqışlayıb. Bildirib ki, Azərbaycanın Fransadakı səfirliyi qurumun layihələrini, habelə Qarabağla bağlı həqiqətlərin Fransa ictimaiyyətinə çatdırılması sahəsində fəaliyyətini bundan sonra da dəstəkləyəcək.

   Tədbirin bədii hissəsində Vurğun Vəkilov, Səidə Zülfüqarova, Etibar Əsədli, Səddam Novruzbəyov, Sahib Əsədov məşhur tenor, Mariinski Teatrının solisti Timur Abdikeyev çıxış ediblər. Qara Qarayev, Tofiq Quliyev, Aqşin Əlizadə, Oqtay Zülfüqarov digər bəstəkarlarımızın musiqiləri səslənib.

   Qonaqlara milli mətbəximizin nümunələri də təqdim edilib.

 

Mədəniyyət.- 2017.- 25 oktyabr.- S.11.