Bakı Şopinq Festivalı dünyada geniş maraq doğurur

 

 

 

   Oktyabrın 15-dən davam edən II Bakı Şopinq Festivalına müxtəlif ölkələrin media vasitələri də maraq göstərir, bu barədə yazılar, informasiyalar dərc edir. Xatırladaq ki, festivalın təşkilati məsələlərini Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu həyata keçirir.

   Bürodan verilən məlumata görə, festival barədə növbəti məqaləni İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Xəbər Agentlikləri Birliyi (UNA) yayıb. “Bakı Şopinq Festivalı. Rəngarəng fəaliyyət və güclü axın” sərlövhəli məqalədə festivalın dünyanın müxtəlif ölkələrindən olan turistlərin və yerli alıcıların marağını çəkdiyi qeyd edilir.

   Məqalədə festival çərçivəsində müxtəlif maraqlı proqramların, əyləncələrin və hədiyyəli lotereya oyunlarının təşkil edildiyi diqqətə çatdırılır. Vurğulanır ki, 500-ə yaxın ticarət obyektinin, marketin, turizm şirkətinin qoşulduğu festivalda alıcılara geyim, elektronika məhsulları, saatlar, ətriyyat, məişət texnikası və s. kimi seçilmiş mallara endirimlər təklif edilir.

   Qeyd olunur ki, Bakı Şopinq Festivalı ilə bağlı təqdim olunan turist paketlərinə təyyarə biletləri, daşınma və transfer xidmətləri, sığorta, hotellərdə ən azı 3 gecə qalma, ticarət obyektlərinə şopinq turlar daxildir.

   * * *

   Misirin “Şəbəb əl-Nil” qəzetində Bakı Şopinq Festivalı barədə məqalə dərc edilib. Yazıda bildirilir ki, festivalın məqsədi respublikaya turist axınının gücləndirilməsi, əhalinin alıcılıq qabiliyyətinin təşviq olunmasıdır. Qəzet budəfəki festivalın öz alıcılarını maraqlı tədbirlərlə, əyləncəli proqramlarlaeksklüziv təkliflərlə sevindirdiyini yazır.

   Müəllif qeyd edir ki, builki festivalda əsas hədəf xarici turistlərin aktivliyinə nail olmaqdır. Bunun üçünxüsusi turizm paketləri hazırlanıb. Hazırda Rusiya, ərəb ölkələri və digər potensial turist cəlbi mümkün olan ölkələrdə turizm paketlərinin satışına başlanılıb.

   * * *

   Livanın Milli Xəbər Agentliyi (NNA) də Bakıda keçirilən Şopinq festivalı haqqında məqalə dərc edib.

   İkinci Bakı Şopinq Festivalı: rəngarəng tədbirlər, daha çox turistin cəlbi və alıcılıq qabiliyyətinin stimullaşdırılması” sərlövhəli məqalədə turistlər, alıcılar üçün yaradılan şərait, festival ərəfəsində irəli sürülən maraqlı təkliflər barədə məlumat verilir.

   Məqalədə Azərbaycana son aylarda gələn turistlərin sayından da danışılır. Bildirilir ki, ilin əvvəlindən bəri Azərbaycana gələn turistlərin sayında 21% artım qeydə alınıb. Bu ilin 8 ayı ərzində xarici turistlər ölkəmizdə 703 milyon dollar xərcləyiblər ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 100 milyon dollar çoxdur.

   * * *

   “İnanıram ki, Bakıda keçirilən Şopinq festivalı hər ötən il dünyada daha çox tanınacaq, bununla da böyük turizm potensialı olan Azərbaycana daha çox turist cəlb edəcək”.

   Bu fikri isə Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauser festivalın rəsmi saytına açıqlamasında deyib.

   Vaxtilə Almaniyanın kansleri Helmut Kollun mətbuat katibi vəzifəsində çalışmış diplomat bu tədbiri çox uğurlu layihə adlandırıb.

 

Mədəniyyət.- 2017.- 25 oktyabr.- S.9.