Xəlil Rza Ulutürkün xatirəsi yad
edilib
Oktyabrın 24-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasının 85 illiyinə həsr edilmiş tədbir keçirilib.
Mərasim iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək şairin xatirəsinə ehtiramlarını bildirib, məzarı üzərinə tər çiçək dəstələri düzüblər.
Tədbirdə şairlər Qəşəm Nəcəfzadə, Oqtay Rza, jurnalist Zülfüqar Şahsevənli və başqaları şairin həyat və yaradıcılığından söz açıblar. Vurğulanıb ki, 60-cı illərdə ədəbiyyata gələn Xəlil Rza Ulutürk alovlu, mübariz ruhlu, döyüşkən poeziyası ilə xalqımızın yaddaşında ədəbi yaşayır. Şair 1988-ci ildə başlanan milli azadlıq hərəkatının öncüllərindən biri olub.
Qeyd olunub ki, sağlığında 30-dan çox kitabı (“Sevən gözlər”, “Məhəbbət dastanı”, “Mənim günəşim”, “Qollarını geniş aç”, “Doğmalıq”, “Lefortovo zindanında” və s.) nəşr olunan şair həmçinin onlarla dünya ədəbiyyatı incisini Azərbaycan dilinə tərcümə edib.
Sonda
şairin ömür-gün
yoldaşı Firəngiz Ulutürk şairin vəfatından keçən illər
ərzində 60-a yaxın kitabının nəşr olunduğunu, hazırda 15 cildlik
“Seçilmiş əsərləri”nin nəşrə
hazırlandığını söyləyib. O, şairə
göstərilən ehtirama görə tədbirin
təşkilatçılarına və
iştirakçılarına minnətdarlığını bildirib.
Mədəniyyət.- 2017.- 25
oktyabr.- S.2.