Mədəniyyət və turizm nazirinin vətəndaşlarla növbəti görüşü

 

 

   Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri hər ay şəhər və rayonlarda əhali ilə görüşlər keçirirlər. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev oktyabrın 20-də Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonlarından vətəndaşları qəbul edib.

   Tədbirdən öncə nazir ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib.

   Əvvəlki görüşlərdə olduğu kimi, bu dəfə də müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası və digər məsələlərlə bağlı olub.

   Qəbula yazılan Biləsuvar sakinləri rayonda "Ailə kitabxanası" layihəsinə əlavə dəstək verilməsi, milli xalçaçılığın Cənub qrupunun tədqiq edilməsi, təbiət qoruqlarına gələn turistlərin statistikasının aparılması, rayonda turizm layihələri ilə bağlı biznes planının hazırlanmasına köməklik göstərilməsi, eləcə də işlə təmin olunma barədə xahişlərini diqqətə çatdırıblar.

   Salyandan qəbula gələn vətəndaşların müraciətləri Əli bəy Hüseynzadənin şəxsi əşyalarının rayonun Tarix-diyarşünaslıq muzeyinə verilməsi, regionda fəaliyyət göstərən yazıçı və şairlərin əsərlərinin çapına dəstək göstərilməsi barədə olub. Həmçinin nazirliyin "Mobil kitabxana" proqramının İOS əməliyyat sistemi əsasında çalışan telefonlarda tətbiqinin yaradılması xahiş edilib.

   Neftçala sakinləri rayon iqtisadiyyatını və tarixini əks etdirən eksponatların region muzeylərində sərgilənməsi, rəsm qalereyasının əsas fondunda olan əsərlərin mübadilə mexanizminin təkmilləşdirilməsi, musiqi məktəblərinin Azərbaycanın müasir bəstəkarlarının əsərlərindən ibarət dərs vəsaitləri ilə təmin edilməsi və digər məsələlərlə bağlı nazirə müraciət ediblər.

   Cəbrayıl rayonundan məcburi köçkünlərin xahişləri isə Bakı şəhərində təmir olunan musiqi məktəblərinin inventar və avadanlıqlarının rayon məktəblərinə verilməsi, Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən rayonun Cocuq Mərcanlı kəndində keçiriləcək konsertdə respublika incəsənət ustalarının iştirakına və tədbirin televiziya kanalları vasitəsilə işıqlandırılmasına köməklik göstərilməsi barədə olub.

   Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, qaldırılan digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydə alınıb.

   Nazir Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində ölkə başçısının tapşırığı ilə şəhər və rayonlarda mütəmadi olaraq keçirilən bu cür görüşlərin əhəmiyyətini bir daha diqqətə çatdırıb. Bildirib ki, qəbullar zamanı vətəndaşlar tərəfindən irəli sürülən təşəbbüslər yerlərdə mədəniyyət və turizm işinin daha səmərəli təşkilinə zəmin yaradır. Nazir tarixi-mədəni irsin qorunması, muzeylərdə ekspozisiyaların yenilənməsi ilə bağlı təşəbbüsləri xüsusi qeyd edib: “Budəfəki görüşdə də vətəndaşlarımızın mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması istiqamətində maraqlı təklifləri oldu. Eyni zamanda bölgədə turizmin inkişafı ilə bağlı təkliflər səsləndi”.

   Regionlarda turizmin inkişaf etdirilməsinin dövlət başçısının daim diqqət mərkəzində olduğunu deyən Əbülfəs Qarayev bütün qəbullarda bununla bağlı səslənən təkliflərin nəzərdən keçirildiyini bildirib.

   Nazir diqqətə çatdırıb ki, ölkəmizin zəngin mədəniyyəti turizm sənayesinin inkişafına da təsir göstərməkdədir. Dövlət başçısının sərəncamı ilə yaradılan regional mədəniyyət və turizm idarələri bu sahədə idarəçiliyin daha səmərəli təşkilini təmin edir.

  

   Fariz

 

Mədəniyyət.- 2017.- 25 oktyabr.- S.6.