Musiqinin Məcnunufilminin təqdimatı keçirildi

 

   Oktyabrın 26-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində qədim musiqi alətlərinin tədqiqatçısı bərpaçısı, sənətşünaslıq doktoru, professor, Xalq artisti Məcnun Kərimin xatirəsinə həsr olunmuşMusiqinin Məcnunusənədli filminin təqdimatı keçirildi.

   Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq görkəmli alimin fəaliyyətindən danışdı. Qeyd etdi ki, musiqimizin təəssübkeşi olan Məcnun Kərim uzun illər qədim musiqi alətlərimizlə bağlı tədqiqatlar aparıb. Alim rud, bərbət, çanq, Şirvan tamburu, santur kimi alətləri bərpa edib, daha sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi nəzdində Qədim musiqi alətləri ansamblının əsasını qoyub.

   Bildirildi ki, M.Kərimin bərpa etdiyi 24 musiqi aləti hazırda muzeydə saxlanılır. Bu musiqi alətləri dəfələrlə xarici ölkələrdə nümayiş etdirilib. Dörd dildə nəşr olunmuşAzərbaycanın musiqi alətlərikitabının müəllifi olan sənətkar Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdindəQədim musiqi alətlərinin bərpası təkmilləşdirilməsilaboratoriyasına rəhbərlik edib, alətşünaslıq fənninin əsasını qoyub.

   Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev, muzeyin şöbə müdiri Təranə Zeynalova, filologiya üzrə fəlsəfə doktoru Şövkət Hüseynova və başqaları görkəmli sənətşünas alimin musiqi mədəniyyətimizin inkişafına verdiyi töhfələrdən danışdılar.

   Sonda Məcnun Kərimin yaradıcısı olduğu Qədim musiqi alətləri ansamblının ifasında musiqi proqramı təqdim olundu.

  

   Savalan

 

Mədəniyyət.- 2017.- 27 oktyabr.- S.2.