Bakı Xoreoqrafiya
Akademiyası Türkiyədə beynəlxalq konqresdə təmsil
olunub
20-22 oktyabr tarixində Türkiyənin Marmaris şəhərində yerli bələdiyyə, Bakı Xoreoqrafiya Akademiyası, Bakı Musiqi Akademiyası və Bolqarıstanın Vasil Levski adına Milli İdman Akademiyasının (Sofiya) təşkilatçılığı ilə III Beynəlxalq Musiqi və Rəqs Konqresi keçirilib.
Xalqların musiqi və rəqs sahəsində milli ənənələrinin qorunması, tədqiqi və təbliği məsələlərinin aktuallaşması məqsədi güdən konqresin təşkilat komitəsinin həmsədri Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev olub. Tədbirdə Bakı Xoreoqrafiya Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Sonaxanım İbrahimova iştirak edib.
Açılış mərasimində çıxış edən S.İbrahimova konqresin musiqi və rəqs sənəti ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi baxımından mühüm tədbir olduğunu vurğulayıb. O, Azərbaycanda xoreoqrafiya sənəti və təhsilinin inkişaf mərhələlərindən bəhs edərək Bakı Xoreoqrafiya Akademiyasının 90 illik fəaliyyəti ərzində bu sahədə əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Sonra Şərqin ilk balerinası Qəmər Almaszadə və Şərqin ilk baletinin müəllifi Əfrasiyab Bədəlbəyliyə həsr olunmuş “Prima və Maestro” xoreoqrafik kompozisiyasından videofraqmentlər nümayiş etdirilib.
Seksiyalarda davam edən tədbirdə akademiyanın prorektoru “Çağdaş dövrdə incəsənət idarəçiliyi (Art Management)” mövzusunda məruzə ilə çıxış edib, daha sonra isə xalq rəqsləri bölümünün moderatoru olub. Konqresin nəticələri, təqdim olunmuş materiallar çap olunaraq təşkilatçı və iştirakçılara göndəriləcək.
Mədəniyyət.- 2017.- 27 oktyabr.- S.6.