Dünya festivalından zəngin təəssüratla
Xəbər verdiyimiz kimi, 14-22 oktyabr tarixində Rusiyanın Soçi şəhərində keçirilən Tələbə və Gənclərin XIX Dünya Festivalında Azərbaycan gəncləri də iştirak edib. Vətənə qayıdan gənclərimizdən üçü festival təəssüratlarını oxucularımızla bölüşürlər:
S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru, teleaparıcı Oleq Əmirbəyov:
- Festivalda çox maraqlı insanlarla tanış olduq və yəqin ki, tanışlığımızı davam etdirəcəyik. Mənim üçün festival ilk növbədə bu məqam ilə əlamətdar oldu. Krasnoyarsk şəhərində keçirilən regional proqramda iştirakım da yadımdan çıxmayacaq. Qonaqpərvər qəbul, dolğun proqram, nadir təbiət qoruqlarına səyahət mənə zövq verdi. Krasnoyarsk Diyarının mədəniyyət naziri Yelena Mironenko ilə görüşdüm. Şəhərdəki Gənc Tamaşaçılar Teatrında tamaşaya baxdım. Soçidəki festival isə öz miqyası ilə adamı heyran edirdi. Kinofilmlərin nümayişi, məşhur mədəniyyət, elm xadimləri, siyasətçilər ilə görüşlər, musiqi kollektivlərinin konsertləri...
Oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi Günündə nümayəndə heyətimiz əsas media mərkəzində bayram konserti ilə çıxış etdi. Çox şadam ki, mən də bu tədbirdə aparıcı kimi iştirak etdim. Festivalın devizlərindən biri «Bütün planetlə birlikdə» idi. Azərbaycan da bütün planet ilə birlikdə festivalda iştirak etdi, biz ömür boyu unudulmayacaq günlər yaşadıq.
Bakı Musiqi Akademiyasının magistri,
"Baku Shamber Orchestra"nın solisti Ziba Rəcəbli:
- İndiyədək
bir çox festivallarda olsam da, belə böyük
miqyaslı festivalda
ilk dəfədir ki, iştirak edirdim. Festival günlərində çeşidli duyğular
yaşadım, amma onların hamısı müsbətdir. Fəxr edirəm
ki, Azərbaycanın Dövlət Müstəqilliyi
Gününü Soçidə
hamılıqla qeyd etdik və bizim
kollektiv həmin konsertdə çıxış
etdi. Nicat Məsimov (balaban), İbrahim Babayev (tar) və mən (alt) muğam ilə klassik musiqinin sintezini təqdim etdik. Həmin konsertdə Mahir Tağızadə və Kənan Qədimov (vokal), "Səs Azərbaycan" layihəsinin
ulduzları Nailə İsmatulina və Rolan Seyidov, Dj Fariz Rəcəbov,
müğənni Rilaya,
balet artisti Fərid Kazakov da çıxış etdi.
Qonaqlarımızın heyrətinə, konsertin
anşlaq keçməsinə
görə düşünürəm
ki, biz ölkəmizi layiqincə təmsil edə bildik. Mən hər gün müxtəlif tədbir və diskussiyalarda iştirak edirdim, dünyadakı yaşıdlarımın
nələri düşündüyünü,
nələrdən xoşlandığını
bilmək mənə maraqlı idi.
Gənc rejissor, Rusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunu Məzahir Haşımov:
- Azərbaycan Soçidə 180 nəfərlik
heyətlə təmsil
olunmuşdu. Festivalın proqramı çox
zəngin idi. İstənilən iştirakçı əvvəlcədən qeydiyyatdan
keçib seçdiyi
proqrama qatıla bilərdi. Mən, kinematoqrafçı həmkarlarım Ayşad Səfərəliyev və
Amil Məmiyev əsasən kino ilə bağlı proqramlarda iştirak etdik. Rusiyanın tanınmış kinorejissorları və prodüserləri, aktyorları
ilə görüşlər
bizi daha çox maraqlandırırdı.
Fyodor Bondarçuk, Vladimir Menşov
ilə görüşdük,
kinofestivalların və
müştərək istehsal
olunmuş filmlərin
çəkilməsi ilə
əlaqədar müzakirələr
apardıq.
Ölkəmizin stendi çox
zəngin idi. Digər ölkələrdən
olan iştirakçılar
bizə yaxınlaşıb
tanış olur, stendin qarşısında
şəkil çəkdirirdilər.
Oktyabrın 18-də Müstəqillik
günümüzü qeyd
etməyimizi bədnam
qonşularımızın qısqanclıqla qarşıladığını
aşkar hiss etdik. Biz ölkəmizi on minlərlə yaşıdımızın
arasında təmsil etməkdən qürur duyduq.
G.Mirməmməd
Mədəniyyət.- 2017.- 27
oktyabr.- S.6.