Xalq rəssamı “Birliyin
ulduzları” mükafatının laureatı olub
MDB məkanında müxtəlif nominasiyalar üzrə təqdim olunan “Birliyin ulduzları” dövlətlərarası mükafatının növbəti laureatlarının adları açıqlanıb. Mədəniyyət, incəsənət və humanitar fəaliyyət sahələrinin mükafatçıları arasında Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Fərhad Xəlilov da var.
MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) mətbuat xidmətindən bildirilib ki, hər il nailiyyətləri dünya səviyyəsinə uyğun gələn və Birlik ölkələrinin inkişafına kömək edən elm və mədəniyyət xadimləri bu mükafata layiq görülürlər.
Bu dəfə mükafata səkkiz ölkədən 12 namizəd iddia edib. Münsiflər heyətinin qərarı ilə səkkiz nəfərə mükafat verilib. Elm xadimləri arasında mükafata Belarus Yazıçılar İttifaqı rəyasət heyətinin üzvü, Yanka Kupala adına Ədəbiyyatşünaslıq İnstitutunun direktoru İvan Saverçenko və Qırğızıstan Elmlər Akademiyasının Fizika-texnika, riyaziyyat və dağ-mədən elmləri bölməsinin sədri Altay Borubayev layiq görülüb.
Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, rusiyalı baletmeyster və xoreoqraf, SSRİ Xalq artisti Yuri Qriqoroviç, moldovalı bəstəkar, SSRİ Xalq artisti Yevgeni Doqa və başqaları mədəniyyət, incəsənət və humanitar fəaliyyət sahəsində mükafatların sahibi olublar.
“Birliyin ulduzları” dövlətlərarası mükafat 2009-cu ildə MDB iştirakçı dövlətlərinin Humanitar Əməkdaşlıq Şurası və DHƏF tərəfindən təsis edilib. Mükafat üç istiqamətdə - elm və təhsil, mədəniyyət və incəsənət, habelə humanitar fəaliyyət nominasiyalarında verilir. Mükafatın pul ekvivalenti 2 milyon Rusiya rubludur. Təntənəli mükafatlandırma mərasimi dekabr ayında MDB iştirakçı dövlətlərinin yaradıcı ziyalılarının və elm adamlarının Forumu zamanı keçiriləcək.
Mədəniyyət.- 2017.- 27
oktyabr.- S.8.