Kənd klubunun divar rəsmləri

 

 

   Bir əsərin tarixçəsi

  

   1945-ci ildə II Dünya müharibəsinin başa çatmasından sonra SSRİ məkanında geniş vüsət alan quruculuq işləri təkcə böyük şəhərləri əhatə etməmişdi. Rayon mərkəzlərində və qabaqcıl təsərrüfatlarda müxtəlif funksiyalı tikililərin inşası da bunu təsdiqləyir. O vaxtlar Masallı rayonunun Şərəfə kəndində - M.Ə.Sabir adına tərəvəzçilik-südçülük sovxozunda tikilən klub (indi Şərəfə kənd Folklor evi) da belə mədəniyyət ocaqlarından olmuşdur.

   Sonralar səhnəsində respublikanın məşhur incəsənət xadimlərinin çıxış edəcəyi klubun memarlıq həllinə və interyerinin tərtibatına xüsusi diqqət yetirilmişdi. Qarşısında böyük satirik şairin büstü ucalan klub binasının girişini orijinal görkəmli altı sütun tamamlayırdı. 230 nəfər tamaşaçı üçün nəzərdə tutulan lojalı klubun 1953-1955-ci illərdə aparılan tikintisini yerli sənətkarlar həyata keçirsələr də, onun tərtibatına Bakıdan tanınmış rəssamlar dəvət olunmuşdu. 1955-ci ildə görülən bəzək işləri Oqtay Sadıqzadə və Ağa Mehdiyevə həvalə edilmişdi.

   Onlar tamaşaçı salonunun iki tərəfində yer alacaq səkkiz divar rəsmi işləməliydilər. Bu süjetli rəsmləri tamamlayacaq naxış örtüyünün icrasına Azər adlı (təəssüf ki, soyadını dəqiqləşdirmək mümkün olmadı) usta dəvət olunmuşdu. Yeri gəlmişkən deyək ki, klubda tərtibat işləri həyata keçirilərkən görkəmli fırça ustası Mikayıl Abdullayevözünün az sonra yaradacağı “Masallı seriyası” üçün təsvir materialı toplayırmış. Odur ki, müvəqqəti kənddə yaşayan rəssam tez-tez klubda divarda əsərləri ərsəyə gətirən həmkarlarına baş çəkər, yeri gələndə onlara məsləhətlər də verərmiş...

   Bu tikili barədə bizə kənd Folklor evinin əməkdaşı Əsəd Seyfullayev ətraflı məlumat verdi. Bildirdi ki, bir-neçə ay ərzində davam edən tərtibat işləri tamamlananda tamaşa salonu tamamilə yeni görkəm almışdı. Oqtay Sadıqzadə və Ağa Mehdiyevin əmək və istirahət mövzusunda yaratdıqları divar rəsmləri şux və cəlbedici boyaları ilə məkana xüsusi nikbinlik bəxş edirdi. Kənd sakinləri burada göstərilən tamaşa və kinofilmlərlə yanaşı, onları əhatələyən müxtəlif süjetli rəssamlıq əsərlərindən də zövq alırdılar...

   Klubun divarlarını rəssamlar tərəfindən çəkilmiş üfüqi kompozisiyalı səkkiz rəsm bəzəyir. Tempera rəngləri ilə birbaşa səth üzərinə işlənmiş əsərlər salonun sağsol divarlarında - iri pəncərələrin üzərində yer almışdır. Sol tərəfin rəsmlərində Masallıda əmək uğurları ilə şöhrətlənən Şərəfə zəhmətkeşlərinin gündəlik qayğıları əksini tapmışdır.

   Birinci əsərin süjetində sağıcıların əməyi bədiiləşdirilmişdir. Qırmızı damlı fermanın və yaşıllıqların fonunda görüntüyə gətirilən bir-neçə sağıcını müxtəlif duruşlarda təqdim edən müəlliflər prosesinin ayrı-ayrı anlarına cəlbedici əyanilik bəxş etmişlər. İri ağacların qarşısındakı yaşıllığa səpələnən və sağım növbəsini gözləyən inəklərin əlvan rənglərinin ətraf mühitlə əlaqəsinin yaratdığı xoş ovqat duyğulandırıcıdır. Həm uzaq planda inəksağan ağxalatlı əməkçinin, həm də sağılmış südü tədarüklə məşğul olan sağıcıya çatdırmağa tələsən göy koftalı qızın hərəkətlərində əmək prosesinin dinamikası hiss olunur.

   İkinci kompozisiyada taxıl biçimi əks olunub. Kənd mənzərəsi fonundakı taxıl zəmisində kombaynla məhsulun toplanmasına verilən bədii görüntüdə yüksək zövq aşılaya biləcək estetik məqamlar kifayət qədərdir. Sol tərəfdə zəminin işıqlı rəng tutumundaucalankombayn, sahəni iki yerə bölən yolla toplanmış məhsulu boşaltmağa tələsən yük maşını, günəşli səma altında kifayət qədər cəlbedici görünməklə, həm də gərgin əməyin uğurlu sonluğuna işarə kimi qəbul olunur. İsti rənglərin qovşağının yaratdığı nikbinlik də duyulandır.

   Növbəti süjetdə isə tərəvəzçilərin əməyi vəsf olunub. Bu dəfə üfüqi kompozisiyanın məna-məzmun yükünü bir obrazın üzərində cəmləşdirməyə qərar verən müəlliflər, bununla da həm də cingiltili rənglərlə işlənmiş həmin əməkçi qadının obrazının cəlbediciliyinə nail olmuşlar. Arxa planda bol məhsulu toplamaqla məşğul olan və tədarükə hazır olan tərəvəzi daşıyan əməkçilərin ön plandakı qablaşdırmanı həyata keçirən həmin qadınla əlaqəli təqdim olunmasının həm də kompozisiyanın bütövlüyünü şərtləndirməsini onun yaradıcılarının uğuru saymaq olar. Toplanmış bol məhsulu qablaşdıranın simasında o vaxtlar zərbəçi əməyi ilə rayonda ad-san çıxaran manqabaşçısı Rəxşəndə Məmmədovanı təsvir edən müəlliflər, bununla da Mikayıl Abdullayevin ayrıca portretini (bu əsər haqqında qəzetin 29 sentyabr tarixli sayında məlumat verilib) yaratdığı tərəvəzçinin başındakı təsvirini tarixə qovuşdurmuşlar.

   Dördüncü kompozisiyada tütünçülər təsvir edilib. Bu dəfə məna-məzmun daşıyıcılığını iki fiqurun üzərində cəmləşdirən O.Sadıqzadə və A.Mehdiyev onları ön plana çəkməklə, tütün toplayan əməkçilərin obrazlarının cəlbediciliyinə nail olmuşlar. Kənd mənzərəsi fonunda bir neçə bir-birindən fərqli sahələri bir aya gətirən müəlliflər əmək meydanlarının ümumi görünüşünün ritmli alınmasını əldə etmişlər. Üzü tamaşaçıya doğru olan əməkçi ilə bərabər toplanmış yarpaqları tədarük sahəsinə çatdırmağa tələsən tütünçünün fiqurları bələndikləri nikbin rəng çalarlarının sayəsində əməyin təntənəsinə bədii işarə kimi qəbul olunurlar.

   Sağ divar isə salona ayaq basanları Azərbaycanın müxtəlif guşələri ilə görüşdürür, desək, yanılmarıq. Birinci divar rəsmi bizi xəyalən Bakıya aparır. Dənizkənarı bulvara yaxın tikilidən paytaxtın ürəkaçan mənzərəsini seyr edənlərin simasında istirahətlərini Bakıda keçirməyə qərar verən əmək adamları təsvir edilib. Parlaq boyalarla ifadə olunmuş insan obrazlarının, dənizin və Dağüstü parkın təsvirinin salondakılara xoş təsir bağışlaya biləcəyi də birmənalıdır.

   Altıncı kompozisiyada rəssamlarımızın tez-tez müraciət etdikləri mənzərə - paytaxtın Xəzər dənizindən görünüşü əks olunub. Əsərdə arxa planda təsvir olunmuş şəhər və Dənizkənarı bulvarla dənizin çox uğurlu vəhdətinə nail olunmuşdur. Xəzərin mavi sularında üzən yelkənli qayıqlarla buludsuz səma altında sahilboyu sıralanmış tikililər arasında nikbin rənglərlə əldə olunmuş bədii əsərdə bütövlükdə tamaşaçını duyğulandıran estetik məqamlar kifayət qədərdir.

   Kənd klubunu bəzəyən növbəti əsərin dəniz neftçilərinin əməyinə həsr olunmasını təsadüfi saymaq olmaz. Bu divar rəsmi, əslində, dənizdən “qara qızıl”ın çıxarılması prosesinə şahidlik etməyən hər kəsin dünyagörüşünü zənginləşdirəcək bədii qaynaqdır. Suyun sinəsinə səpələnmiş neft buruqları, mədənlərə doğru uzanmış estakada, onun üzərindəki yük maşını və əmək adamlarının təsviri ümumi tutumu ilə hər kəsi təəccübləndirmək gücündə olan məkan barədə tamaşaçısında inandırıcı və gözəl təəssürat oyadır.

   Sonuncu kompozisiya isə kənd tamaşaçısını xəyalən respublikamızın şimal-qərb zonasına aparıb çıxarır. Mingəçevir su-elektrik stansiyasının təsviri olan divar rəsmində uzun illər ərzində həm də respublika əhalisinə nur bəxş edən məkan kimi məşhurlaşan şəhərin yaddaqalan mənzərəsini görmək mümkündür. Dağların ətəyində salınmış energetiklər şəhərinin mənzərəsini və əmək adamlarını elektrik stansiyasının görüntüsü ilə qovuşuqda təqdim edən müəlliflər bütünlükdə məkana həyatilik bəxş edə bilmişlər.

   Respublikamızın quruculuq işlərinə - əmək məkanlarına “bədii güzgütutan bu divar rəsmləri ötən əsrdə yaşamış insanların işlərini və əhatələndikləri gözoxşayan məkanların görüntüsünü özündə hifz etmələri baxımından həm də tarixi əhəmiyyətlidirlər. Amma hazırda qəzalı vəziyyətə düşmüş tikilinin ciddi bərpaya ehtiyacı var. Yaxşıdır ki, divar rəsmləri yaranmış vəziyyətdən korlanmayıb.

   Folklor evinin direktoru Dürdanə Hüseynova bizimlə söhbətində bildirdi ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev burada olmuş, tanınmış fırça ustaları Oqtay Sadıqzadə və Ağa Mehdiyevin bədii təfəkkürünün məhsulu olan divar rəsmlərinin qorunmasının, gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulamışdır. Folklor evinin yaxın vaxtlarda bərpası işinə başlanması nəzərdə tutulmuşdur. Deməli, bu divar rəsmləri yenə də burada yaşayanlara zövq verəcəkdir...

  

   Ziyadxan Əliyev

   Əməkdar incəsənət xadimi,

   sənətşünaslıq üzrə fəlsəfə doktoru  

 

Mədəniyyət.- 2017.- 27 oktyabr.- S.12.