Bakının ruhunu
musiqidə tərənnüm edən bəstəkar
Tofiq Quliyev - 100
Azərbaycan estrada musiqisinin yaradıcılarından biri, Xalq artisti Tofiq Quliyev özünəməxsus üsluba malik sənətkar kimi çoxəsrlik musiqi mədəniyyəti salnaməmizə parlaq səhifələr yazıb. Onun xalqımızın mədəni sərvətlər xəzinəsini zənginləşdirən və müxtəlif nəsillərə mənsub ifaçıların repertuarında bu gün də geniş yer tutan rəngarəng nəğmələri dinləyicilərə yüksək estetik zövq bəxş edir.
Bu il
sevilən bəstəkarın
anadan olmasının
100 ili tamam olur. Prezident İlham Əliyev
fevralın 7-də görkəmli
musiqiçinin yubileyinin
qeyd olunması haqqında sərəncam imzalayıb.
Azərbaycanda mahnı janrının
inkişafında müstəsna
xidmətiləri olan Tofiq Quliyev haqqında
keçmiş zamanda danışmaq olmur.
O səbəbdən ki,
əsl sənətkar
üçün zaman
məfhumu, vaxt məhdudiyyəti yoxdur. Bəstəkarın könül nəğmələri
müəllifinə əbədi
ömür qazandırıb.
Onun bəstələri
hər qəlbə yol tapmaq, duyğuları
dilləndirmək iqtidarındadır...
O, dünyaya payızda gəlmişdi...
1917-ci il noyabrın 7-də Bakıda anadan olan unudulmaz Tofiq Quliyev 14 yaşında Asəf Zeynallının tövsiyəsi
ilə M.Ə.Sabirin “Uşaq və buz” şeirinə mahnı bəstələyib.
1934-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olan Tofiq eyni
zamanda iki fakültədə - professorlar
İ.S.Aysberqin sinfində
fortepiano və S.Y.Ştrasserin
sinfində dirijorluq sənəti üzrə təhsilini davam etdirir. 1935-ci ildə tanınmış
tarzən Mirzə
Mansur Mansurovun ifasında
«Rast», «Segah-Zabul» muğamlarını nota köçürür.
Həmin il
Dram teatrında orkestrin
rəhbəri və dirijoru təyin olunur.
1936-cı ildə
Üzeyir Hacıbəylinin
təşəbbüsü və təklifi ilə Azərbaycan Xalq Maarif Komissarlığı
tərəfindən bir
qrup istedadlı gənc musiqiçi ilə birlikdə Tofiq Quliyev də
P.İ.Çaykovski adına Moskva Konservatoriyasının Dirijorluq
fakültəsində təhsilini
davam etdirmək üçün yola düşür. Qəbul imtahanları zamanı
onun fortepianoda qeyri-adi ifaçılığı
H.Y.Neyqauzun diqqətini
cəlb edir və o, bir müddət bu böyük sənətkardan
fortepiano dərsləri alır.
1941-ci il sentyabrın 7-də Bakı
Filarmoniyasında Tofiq
Quliyevin rəhbərliyi
ilə çıxış
edən Dövlət
Estrada Orkestri Azərbaycan
milli cazının təməlini qoyur. Buna görə də ölməz bəstəkarın
adı musiqi tariximizə həm də Azərbaycan estrada və
caz musiqinin banisi kimi yazılıb.
Onun mahnıları çox qısa zamanda şöhrət qazanırdı.
Nəinki ölkəmizdə, həmçinin ittifaq respublikalarında unudulmaz müğənni Rəşid
Behbudovun bənzərsiz
ifaları sayəsində
Tofiq Quliyevin adı dillərə düşürdü.
1954-cü ildə bəstəkar pedaqoji fəaliyyətə
də başlayır.
Azərbaycan Dövlət Konservatoriyasında
opera və orkestr siniflərində dərs deyir. 1958-ci ildə
Azərbaycan Dövlət
Filarmoniyasının bədii
rəhbəri, 1961-ci ildə
isə direktoru vəzifəsinə təyin
olunur. O, 1969-1979 və
1990-2000-ci illərdə Azərbaycan
Bəstəkarlar İttifaqına
rəhbərlik edib. Sevilən bəstəkar
2000-ci il oktyabrın 4-də dünyasını
dəyişib. Tofiq Quliyev
payızda doğulub, payızda dünyadan köçsə də, fövqəladə istedadı
ilə Azərbaycan mədəniyyətinə bahar
təravətini heç
zaman itirməyən şedevr musiqi örnəkləri bəxş
edib.
Sənətkarın Azərbaycan musiqi
mədəniyyətinin inkişafında
xidmətləri yüksək
qiymətləndirilib, respublikanın
ən yüksək təltiflərindən olan
“İstiqlal” ordeninə
və digər təltiflərə layiq görülüb.
Xoşbəxt sənətkar
Tofiq Quliyevin mahnılarını
Rəşid Behbudovla yanaşı, Rauf Atakişiyev, Lütfiyar İmanov, Şövkət
Ələkbərova kimi
tanınmış müğənnilər,
xanəndələr ifa
edirdilər. O zamanlar
böyük məşhurluq
qazanmış “Qaya” vokal instrumental ansamblı bəstəkarın mahnılarını
zirvələrə ucaldırdı.
Çünki onun nəğmələrinin təravəti
müəllifinin xalq musiqisini dərin hiss etməyindən doğurdu.
Tofiq Quliyev vokalçının
səs imkanlarını
duyan, bu imkanlara gözəl bələd olan bəstəkarlardan idi.
Buna görə də zəngin ifadəli və obrazlı melodiyalar yaradırdı. Lakonizm və
bitkinlik onun mahnılarının əsrarəngizliyini
daha da artırır.
200-dən artıq mahnı bəstələyən
sənətkar obrazın
poetikliyinə xüsusi
önəm verirdi.
Onun mahnı yaradıcılığı
sonrakı nəsil bəstəkarlara ciddi təsir göstərmişdir.
Bəstəkar xatirələrinin
birində deyir: “Çox xoşbəxt adamam. Çünki ifaçılarım dahi müğənnilər
olub. Təsəvvür
edin... Musiqisi Tofiq Quliyevin - oxuyur Bülbül, Müslüm Maqomayev, Rəşid Behbudov, Şövkət Ələkbərova.
Bundan da böyük xoşbəxtlik olarmı”.
Kinoda və teatrda yaşayan musiqi
1941-ci ildə “Səbuhi” filminə musiqi bəstələyən Tofiq
Quliyev bütün yaradıcılığı boyu
kino və teatrla sıx təmasda olub. 40-dan artıq kinofilmi
bənzərsiz melodiyalarla
süsləyib. 1974-cü
ildə Həsən Seyidbəylinin çəkdiyi
“Nəsimi” bədii filmi VII Ümumittifaq kinofestivalında mükafatlandırılır,
filmin bəstəkarı
Tofiq Quliyev Dövlət mükafatına
layiq görülür.
Böyük şair Məmməd Araz “Nəsimi” filminin musiqisini yüksək qiymətləndirərək deyib:
“Tofiq bu filmə elə bir musiqi yozumu
verib ki, gözünü yumub dinlədikdə belə özünü döyüş
meydanında hiss edir, həm notda, həm də ahəngdə Nəsimi sözünün qüdrətini,
ruhunu duyursan”.
Bəstəkarın
“Görüş”, “Bəxtiyar”,
“Qızmar günəş
altında”, “Ögey ana”, “Qayınana”, “Onu bağışlamaq olarmı?” və digər filmlərə yazdığı musiqilər
ekran əsərlərinin
bədii təsir gücünü qat-qat artıran qiymətli sənət inciləridir.
XX əsrdə
Azərbaycan teatr sənətinin inkişafında
da Tofiq Quliyev yaradıcılığının
məxsusi yeri var. Bəstəkar bir sıra səhnə əsərlərinə musiqi
bəstələyərək (“On ikinci gecə”, U.Şekspir, “Yaşar”, C.Cabbarlı, “Xanuma”, A.Saqareli və s.) dramaturji inkişafı daha da dinamikləşdirib.
Bu musiqilər səhnə əsərində
hər bir qəhrəmanın psixoloji
xarakterini açmağa
xidmət edir.
Bakı gözəl şəhər,
mehriban diyar...
“Məni
böyüdən də,
oxudan da, insan edən də Bakı şəhəridir. Mən nə
yazsam, orada Bakı ruhu var. Mən Bakı kimi gözəl şəhər tanımıram”,
- deyirdi Tofiq Quliyev. O, Bakıya ən çox musiqi bəstələyən
bəstəkardır. Kinoda Bakının
simvolu Arif Babayevdirsə, musiqidə də Tofiq Quliyevdir.
Bakını Xəzərsiz və
küləksiz təsəvvür
etmək mümkün
olmadığı kimi,
Tofiq bəstələri
olmadan da təsəvvür etmək
çətindir. Çünki o, qəlbində sevdiyi şəhərin hərarətini
gəzdirirdi. Onun
Azərbaycana, Bakıya
həsr etdiyi bəstələrdə vətənini
hədsiz məhəbbətlə
sevən insanın hisləri tərənnüm
olunub. Bu gün
sanki Bakının hər tinində, hər döngəsində
Tofiq Quliyev musiqisinin sədaları gizlənib. Gözəl bir Azərbaycan
qızı görürsənsə,
ani olaraq qəlbində “Zibeydə”
mahnısı səslənir.
Bakı bulvarında xoşbəxt ailəni seyr edirsən, mütləq “Qayınana” filmindəki “Mehriban ailə” mahnısı, görüşünüzə gecikən sevgilinizi gözləyəndə “Gəlmədi”
nəğməsi zümzümə
olunur. Saydıqca bitərmi, bu
sevgilər və bu şirin nəğmələr.
Əlbəttə bitməz,
tükənməz...
Hər zaman bizimlə
Bəstəkar həm də bədii, təsirli sözə könül verib. Söz, şeir onu ovsunlamayanda nəğmələrə çevirə bilməyib. Bəstəkar müsahibələrinin birində deyir: “Heç zaman ürəyimə yaxın olmayan şeirə musiqi bəstələməmişəm. Bir də heç zaman sözsüz mahnı yazmamışam. Yəni mütləq şeiri oxumalıyam, onu dərk etməliyəm ki, musiqi yaşantısını da hiss edə bilim”.
Qəlbdən fortepianonun dillərinə, oradan isə böyük bir kütlənin qəlbinə yol tapan Tofiq Quliyev bəstələri neçə-neçə nəsil gənc bəstəkar və müğənnilərin yetişməsində, tanınmasında əvəzsiz rol oynayıb. Bu barədə unudulmaz bəstəkar, Xalq artisti, professor Vasif Adıgözəlov deyib: “Tofiq Quliyevin əsərləri çalınanda gözlərim önündə, birinci növbədə, Bakı canlanır. Yəni o, həyatı ilə, ürəyinin bütün damarları ilə Bakıya bağlı idi... Onun yaradıcılığından böyük bir nəsil bəhrələnib, ondan tərbiyə alıb. T.Quliyev yaradıcılığı onlarda təbiəti sevməyi, həyatı sevməyi, gözəlliyin qədir-qiymətini bilməyi, musiqinin səviyyəsini düzgün təyin etməyi, Vətənə bağlılığı, Azərbaycanın bütün güşələrini sevməyi - bütün bu hisləri oyadıb. Bu özü də bəstəkarın bir vətəndaş kimi ən yüksək səviyyəli cəhətlərindən biridir. Bu baxımdan Tofiq Quliyev, həqiqətən, əvəzolunmaz böyük sənətkardır. Mən həmişə deyirəm ki, əgər Azərbaycan bəstəkarlarının yaradıcılığını böyük bir çiçək çələnginə bənzətmiş olsaq, onların içərisində T.Quliyevin yaradıcılığı ən ətirli, ən gözəl çiçəklərdən biridir. Ona görə də Tofiq Quliyev həmişə var, Tofiq Quliyev yaddan çıxmayacaq. Zənnimcə, nə qədər ki, Azərbaycan xalqı var, Tofiq Quliyevin əsərlərini, onun mahnılarını həmişə sevə-sevə dinləyəcək, oxuyacaqlar”.
* * *
Bəli, illər keçir, yeni bəstəkarların yeni mahnıları yaranır. Ancaq onların arasında Tofiq Quliyevin qəlbəyaxınlığı, sevgi aşılayan lirizmi ilə seçilən mahnıları bənzərsizliyini, şəriksizliyi qoruyub saxlayır.
Lalə Azəri
Mədəniyyət.- 2017.- 1
sentyabr.- S.10.