Azərbaycan musiqisinin daha bir möhtəşəm
uğuru
Əməkdar
artist Sahib Paşazadə Şərq
təranələri XI Beynəlxalq
Musiqi Festivalının
baş mükafatına
layiq görülüb
Avqustun 25-dən 30-dək Özbəkistanın
Səmərqənd şəhərinin
Reqistan meydanında Şərq təranələri
XI Beynəlxalq Musiqi Festivalı keçirilib.
Festivalda
dünyanın 60-dək ölkəsindən
280 ifaçı və
musiqi nəzəriyyəçisi
iştirak edib.
Festivalda Azərbaycanı təmsil edən gənc tarzən, beynəlxalq müsabiqələr
laureatı, Əməkdar
artist Sahib Paşazadə və
Əməkdar artist, nağara
ifaçısı Kamran
Kərimov festivalın
Qran-pri mükafatına
layiq görülüblər.
İfaçılarımızın çıxışı münsiflər heyəti və iştirakçıların
böyük marağına
səbəb olub.
Təəssüratlarını
qəzetimizlə bölüşən
Sahib Paşazadə bildirib
ki, "Şərq təranələri" festivalında
Qran-pri mükafatına
layiq görülmək
onlarda böyük qürur hissi yaradıb: Bu təkcə
bizim deyil, Azərbaycan musiqisinin uğurudur. Festivalda iştirakçı olmaq çoxdankı arzum idi. Şükürlər olsun ki, ilk çıxışımla böyük
uğur əldə etdim. Biz tədbirin
ilk günü - 25 avqustda
səhnəyə çıxdıq
və elə ilk dəqiqələrdən münsiflərin
bizim musiqiyə və ifamıza olan marağını hiss
etdik. Əslində festivalda böyük
kollektivlər iştirak
edirdilər və biz ikinəfərlik heyətlə
xanəndəsiz, sadəcə
instrumental ifa ilə diqqəti cəlb edə bildik. Hazırladığımız 17 dəqiqəlik Şur kompozisiyası həm tamaşaçılar,
həm də münsiflərin böyük
alqış sədaları
ilə yekunlaşdı.
Əməkdar artist qeyd edib
ki, festival 1997-ci ildən
keçirilir. İlk
festivalda Qran-prini ölkəmizə Xalq artisti Simarə
İmanova gətirmişdi:
20 ildən sonra müsabiqənin baş mükafatı yenidən Azərbaycana gəldi. Qələbəmiz dövlətimizin mədəniyyətə göstərdiyi
qayğının bir
göstəricisidir. Bu
bir daha əsl musiqinin, sənətin qələbəsidir
və mədəniyyətimizin,
musiqimizin zəngin və təkrarsız olduğunu nümayiş etdirdi. Festivalda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və göndərişi ilə iştirak edirdik. Bizə göstərilən etimada görə sonsuz təşəkkürümüzü
bildiririk.
İki ildən bir
keçirilən festivalın
məqsədi milli musiqi sənətinin təbliği və qorunmasıdır. Musiqi müsabiqəsində
birinci yerə Özbəkistan və Cənubi Koreya musiqiçiləri, ikinci yerə Litva və Qırğızıstan
təmsilçiləri layiq
görülüb. İran, İndoneziya
və Türkiyə kollektivləri isə üçüncülük qazanıblar.
Xatırladaq ki, Sahib Paşazadə
Prezident təqaüdçüsü,
Azərbaycan Milli Konservatoriyasının dosentidir.
O, Ağcaqayın yarpağı
adlı beynəlxalq festivalda Qran-priyə, Kanadanın Niaqara şəhərində keçirilən
eyniadlı beynəlxalq
musiqi festivalında isə Tarın Paqaninisi tituluna layiq görülüb.
Qeyd edək
ki, Şərq təranələri Beynəlxalq
Musiqi Festivalında ayrı-ayrı vaxtlarda ölkəmizdən tanınmış
muğam ustadı Alim
Qasımov, həmçinin Aygün Bəylər,
Qoçaq Əsgərov birinci,
Zabit Nəbizadə isə ikinci
yeri tutub.
Mədəniyyət.- 2017.- 1
sentyabr.- S.4.