“Atamın şah əsəri
“Azərbaycan xalqının soykökünü
düşünərkən” kitabıdır”
Professor Mirəli Seyidov Azərbaycan
folklorşünaslığının inkişafına mühüm töhfələr verib
Azərbaycan ədəbi, ictimai fikir tarixində Əməkdar elm xadimi, professor, mərhum Mirəli Seyidovun özünəməxsus yeri var. Onun kitabları hər zaman oxucuların diqqət mərkəzində olub, xalqımızın özünü tanımasında, keçmişi ilə öyünməsində böyük rol oynayıb. Gələn il böyük alimin 100 illiyi qeyd ediləcək. M.Seyidovun oğlu, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elçin Seyidovla atasının ömür yolu və elmi axtarışlarına birgə nəzər yetirdik.
- Elçin müəllim, zəhmət olmasa, soyunuz, atanız haqqında bilgi verəsiniz.
- Atam Mirəli Mirələkbər oğlu Seyidov 1918-ci il mayın 5-də qədim Azərbaycan şəhəri İrəvanda bəy ailəsində anadan olub. Babam və qardaşı Mirabbas ağa XIX yüzilin sonlarında Nəcəf şəhərində ali dini təhsil almışdılar. Atam uşaqlıqdan Şərq dillərinə maraq göstərdiyindən İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars bölməsinə daxil olur. O, farsca kamil bilirdi, ərəbcə qaynaqlardan da asanlıqla istifadə etməyi bacarırdı. Bundan başqa, erməni dilini də gözəl bilirdi. M.Seyidov milli adam idi. Sovet dönəmində soyadını “Seyidov” yox, “Seyidli” yazırdı. Buna görə rəsmilər dəfələrlə ona irad tutmuşdular.
Atam demək olar, türk dillərinin çoxusunu bilirdi. O eləcə
də Ermənistan Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı
fakültəsini bitirmişdi.
1945-ci ildə akademik Həmid Araslı İrəvana gələndə ona atamın istedadı haqqında danışırlar.
H.Araslı onu Bakıya
dəvət edir.
Düzdür, bundan öncə atam Bakıdakı S.Ağamalıoğlu
adına Hidromeliorasiya Texnikumunda da oxumuşdu. O, riyaziyyatı da gözəl bilirdi, olimpiadalarda I və II yerləri tutmuşdu. Atam, Bakıya gələndən sonra ilk
olaraq Nizami adına Ədəbiyyat
Tarixi Muzeyində fəaliyyətə başlayır,
oçağkı Azərbaycan
ədiblərilə əlaqələr
qurur.
- Mirəli müəllimin namizədlik
işi, deyəsən,
Sayat Nova ilə bağlı olub...
- Dəfələrlə
mənə deyiblər
ki, niyə atanız erməni haqqında kitab yazıb? Onda Stalinin qılıncının
kəsəkəs vaxtı
idi, xalqlar dostluğu gündəmdəydi.
Sayat Nova
yaradıcılığını araşdırmaqla atam sübut edirdi ki, ermənilərin ən böyük şairi belə Azərbaycan türkcəsində
yazıb-yaradıb. Onun yaradıcılığının
80 faizi türkcədir.
500-dən çox erməni şair-aşığı
türkcə şeirlər
yazıb. Atamın sonuncu
məqaləsi “Artsağ”
sözüylə bağlı
idi, bu sözün
də türk kökənli olmasını
sübut etmişdi.
M.Seyidov çox geniş yaradıcılıq sahəsilə
- ədəbi tənqid,
türkologiya, mifologiya,
dilçilik, etimologiya
və başqa sahələrlə ciddi məşğul olurdu.
Atam qatı türkçü
kimi ad çıxarmışdı.
1963-cü ildə bir məqalə yazır, ancaq zamanə elə idi ki, onu
üzə çıxara
bilmir. 2006-ci ildə həmin yazını tələbəsi,
akademik Nizami Cəfərova verdim, o da rəhbəri olduğu Atatürk Mərkəzinin təşkilatçılığıyla
“Böri - qurt” adıyla kitabça kimi çap etdirdi, elə orada yüksək səviyyədə təqdimatı
da keçirildi.
1963-cü ildə atam həmin məqaləni Teatr Muzeyində gizlətmişdi.
Düzdür, yazının içində
siyasi heç nə yoxdur, amma məqalə türk xalqının simvolu olan Boz
qurdla bağlıdır.
- Atanızın
sanballı əsərləri
var. Sizcə, onun şah əsəri hansıdır?
- Məncə,
atamın şah əsəri “Azərbaycan xalqının soykökünü
düşünərkən” əsəridir. Xalq şairi Sabir
Rüstəmxanlı kitaba
ön söz yazmışdı. İlk dəfə
1989-cu ildə nəşr
olundu, böyük oxucu kütləsinin rəğbətini qazandı.
Sanballı əsərlərindən biri də “Qam-şaman
və onun qaynaqlarına ümumi baxış” adlanır.
Onun çapını atam görmədi, ölümündən
sonra 1994-cü ildə
mən çap elədim. Əsərlərində türkçülük ideyaları güclü olduğuna görə sovet dönəmində kitablarını çap etdirə bilmirdi.
- Sankt-Peterburqdakı
Alimlər Evində Mirəli Seyidovun büstü var...
- Düzdür, 1961-ci ildə bir heykəltəraş atamın büstünü yaratmışdı, Sankt-Peterburqdakı Alimlər Evində qoymuşdular. İndi bilmirəm saxlayırlar, yoxsa götürüblər. Atam o şəhərə çox gedərdi, erməni “alim”ləriylə baş-başa gələrdi. Bir dəfə lap stolu onların üstünə çeviribmiş. Erməniləri qıcıqlandıran o idi ki, atam onların bütün saxtakarlıqlarından, hiylələrindən xəbərdar idi. Atam ermənilərin tarixini, ədəbiyyatını dərindən bilirdi. Bizim mərhum dilçi alim, kökəncə udin olan Voroşil Qukasyana (1932-1986) erməni qaynaqlarından faktlar verərdi, o da öz yazılarında istifadə edərdi. “Qukasyan” imzasıyla çap olunan yazılar erməniləri dəli edərdi.
- Aydınlar arasında ən yaxın dostları kimləriydi?
- Gəncliyində yazıçı Mehdi Hüseynlə bərk dost idilər. Ədəbiyyatşünas Abbas Zamanovla həmişə bulvarda gəzər, söhbət edərdilər. Məşhur teatrşünas Cəfər Cəfərovla, bəstəkar Tofiq Quliyevlə, yazıçı Şıxəli Qurbanovla da dost idilər. Yadımdadır, atam 1963-cü ildə infarkt olmuşdu, dostları dəyməyə gəlmişdilər. Şıxəli əmi onu o qədər güldürdü ki, atam dedi: “Şıxəli, axı mən infarkt olmuşam, bu qədər güldürmə, sonra ölüb-eləyərəm”. O da qayıtdı ki, Mirəli, hələ gülməkdən kimsə ölməyib. Atam 1992-ci ildə üçüncü infarktdan dünyasını dəyişdi. Həkim demişdi ki, yazı-pozunu atsın, o isə son günəcən yazdı. Atam incəsənətin bütün sahələrini çox sevirdi.
- Yəqin ki, atanızdan zəngin arxiv qalıb. Onu necə qoruyursunuz?
- Onun arxivinin çox hissəsini S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə vermişəm. Bir qədər qalıb, yəqin ki, onları da verəcəyəm. Atam haqqında sənədli filmlər çəkilib, televerilişlər hazırlanıb. 1992-ci ildə hökumətin qərarıyla barelyefi hazırlandı, bir il sonra yaşadığı binanın üzərinə vuruldu. Bununla bağlı tədbir keçirildi. Atamın adına Bakıda küçə də verilib.
- Türkiyə ilə ilişkiləri vardımı?
- Bir dəfə sovet dönəmində nümayəndə heyətilə Türkiyədə konfransda olmuş, çıxış da etmişdi. Türkiyə dərgilərində yazıları da çap olunub. Orada olanda məscidə gedir, qədim bir yazını ona göstərirlər, oxuyur. Bunun qarşılığında ona qonorar verirlər. Atam deyir ki, bu işə görə pul götürmərəm. O, məscidin iki xadiməsini çağırıb qonorarı onların arasında bölüşdürür. Bu hadisəni SSRİ baş konsulluğundan bilmişdilər.
Türkiyə jurnallarında çıxan məqalələrinə görə qonorar yazıblar, o da düşünüb ki, onsuz da SSRİ-də əlindən alacaqlar. Ona görə pulu redaksiyaya bağışlayıb. Həmin pula burada yaxşı maşın almaq olardı. Onu sovet vaxtında Türkiyəyə, Özbəkistana işləməyə dəvət etmişdilər, ancaq getmədi. O, titulları sevmirdi.
- Atanızın son günlərini necə xatırlayırsınız?
- Atam ömrünün son çağlarında çətin yaşayırdı. Onu AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda şöbə müdiri vəzifəsindən çıxarıb sıradan elmi işçi eləmişdilər. Əslində onun elmə töhfə verən vaxtlarıydı. Atam istəyirdi ki, adi qəbiristanlıqda basdırılsın. Hökumət, ziyalılar məsləhət bildi ki, II Fəxri xiyabanda torpağa tapşırılsın. Atamın klassik dinə münasibəti yaxşıydı, ancaq yalançı dindarlarla, mollalarla döyüşürdü.
- Gələn il görkəmli
alimin 100 illiyidir. Tədbirlər nəzərdə tutulurmu?
- Bir nəfər sənədli
film çəkmək istəyir.
Dövlət səviyyəsində tədbir olarsa, çox sevinərəm.
Atamın kitabları müxtəlif dillərə
çevrilməlidir, bu
iş ləngiyir. “Azərbaycan xalqının
soykökünü düşünərkən”
kitabının latın qrafikası və rus dilində
çap olunması çoxdankı istəyimdir.
S.Qaliboğlu
Mədəniyyət.- 2017.- 1
sentyabr.- S.11.