Xalça Muzeyində tikmə sənəti
üzrə ustad dərsləri keçirilir
Sentyabrın 5-də Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində kaytaq tikməsi üzrə sərgi və ustad dərslərinə start verilib.
Əvvəlcə Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun müdiri Azadə Hüseynova və Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək tədbirin əhəmiyyətindən söz açıblar.
Diqqətə çatdırılıb ki, sentyabrın 20-dək davam edəcək layihə çərçivəsində Dağıstanın dargin kaytaq tikməsi üzrə mühazirələr və ustad dərsləri təşkil olunacaq.
Dərslər tikmə və geyim üzrə bərpaçı-mütəxəssis, kolleksioner, müstəqil sərgi kuratoru Raisa İsmayılova tərəfindən keçiriləcək.
Qeyd edilib ki, Azərbaycan və rus dillərində təşkil olunan kursda iştirak edən şəxslər sonda sertifikatla təltif olunacaqlar. Dərslərdə bərpa və konservasiya ilə məşğul olan mütəxəssislər, muzey işi və bərpa, dekorativ-tətbiqi sənət sahələri üzrə təhsil alan tələbələr, müəllimlər və bu sahələrə aidiyyəti olan şəxslər iştirak edə bilərlər.
Ustad dərsləri ilə yanaşı, Azərbaycan Xalça Muzeyində kaytaq və usişin tikmə nümunələrindən ibarət sərgi də təşkil olunacaq. Burada müasir müəllif işləri ilə yanaşı, XIX əsrə aid bir neçə tikmə nümunəsi də təqdim ediləcək.
Diqqətə çatdırılıb ki, Xalça Muzeyi tərəfindən həyata keçirilən “Azərbaycanın mədəni sərvəti” layihəsinin məqsədi unudulmaqda olan Azərbaycan xalq sənətkarlıq növlərini dirçəltmək və onlara yeni həyat verməkdir. Ölkəmizə xas olan tikmə növləri, xovsuz xalçaların toxunması, misgərlik, zərgərlik, dulusçuluq və digər sənət növləri bu layihəyə daxildir.
Sonda iştirakçılar sərgi ilə tanış olublar.
Parça, tikmə və milli geyimlərin bərpası “Azərbaycanın mədəni sərvəti” layihəsinin bir proqramıdır. Proqram UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Mədəniyyət və Turizm Nazirliyi, Xalça Muzeyi və ICOM Azərbaycan Milli Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Proqramın məqsədi bu sahə üzrə yeni kadrların hazırlanması və muzeydə müasir, beynəlxalq standartlara cavab verən bərpa mərkəzinin yaradılmasıdır.
Mədəniyyət.- 2017.- 6
sentyabr.- S.3.