Fenomenal-teatral sənətkar

 

 

   Hər səhnədə bir «lo» salan, özü heç vaxt gülmədən - hər vaxt hamını uğunduran Siyavuş Aslan...

  

   1935-ci il sentyabrın 5-də Bakının Saray kəndində doğulmuş, uşaqkən tar sinfinə, dram dərnəyinə, 7-ci sinifdən Dəmiryol Texnikumuna getmiş, peşəkar aktyor karyerasına 1954-cü ildən başlamış, mərhum aktyor Rza Əfqanlının qızı Ofeliya xanımla ailə qurmuş, yaratdığı bənzərsiz obrazlarla adını Azərbaycan teatrkino tarixinə qızıl hərflərlə yazdırmış və... bir «solaxay sevgi» epizodundan dolayı, böyük səhnəli həyat dünyasından «ailə dramı» ilə getmiş Siyavuş Aslan...

  

   Səhnələrdən, ekranlardan beş-üç metr aralıdakı parterlərdən, kino-salonlardan görünən aydınlığına «aldananlar» üçün deyim ki, bu adam çox «çətin» kompleks idi. Xüsusilə, haqqında yazı-pozuya əl verməmək baxımından. Bax, mən bu an onun «Əhməd haradadır?» filmində (kino-debütündə!) Uzundraz Oqtaya «Qoy yataq, dəə!» replikasının ustalıq labirintində olmaqla bahəm, yeri sənət cənnət-məkanlının ruhuna belə bir xitab halətindəyəm də: -

  

   Qoy yazaq, dəə...

  

   O öz istedad-sənət karandaşıyla elə bir avtoportret-Obraz yaradıb, zəngin həyat-yaşam tərcümeyi-halı yazıb ki, qələmlər bu sayaq dilemmalar qarşısında qalmalı olur...

   Belələrinin seyri-tamaşaçılığına nə varmış ki? Məsələn, onlardan biri olaraq deyə bilərəm ki, mən Siyavuş Aslanın «Ulduz» filmində yaratdığı Şubay obrazında ondan savay heç bir başqa aktyoru görə bilmirəm. Yaxud «Əhməd haradadır»dakı yataqxana komendantı ilə «başqatma» oyununda (böyük bəstəkar Rauf Hacıyevin ecazkar musiqi taktları altında)...

   Hələ onun canlı teatr səhnələrində - adama həyatın özündəkindən də real təsir bağışlayan bədii oyunları! «Hicran» tamaşasındakı Dadaşbala obrazını, təbii ki, ondan sonra neçə-neçə aktyor oynayıb və hələ oynayacaq. Amma onlardan hansısa bu sənət rolunu Siyavuş Aslan «rul»u kimi idarə edə biləcəkmi?!.

   Bir-birindən maraqlı filmoqrafiya nümunələri 20-ni keçsə də, bu adam təpədən-dırnağa teatr aktyoru idio, burada yüzlərlə rol oynamış, onlarla obraz, neçə-neçə şedevr yaratmışdı. Lakin indi onlar (çəkiliş lentləri saxlanmış bir-iki nümunədən savay), bu «gəlimli-gedimli dünya»nın məlum tayında. Saysız səhnə özəlliklərinin, qənirsiz sənət gözəlliklərinin yığnandığı həmin «tay»dakı «halət-sifət»lərdən yalnız isimləri olduğu kimi xatırlatmaq mümkün (hamısı da, elə bil, onun komik «mən»inə uyğunlaşdırılmış adlar): Firuzbala, İbişov, Şubay, Dadaşbala, Saqqal Ramiz, Qəmzəli, Misir Nəsir, Mindilli, Fəriş, Əsdulla, Sarı...

   Deyim ki, onun sir-sifəti də ayrıca bir mini-teatr təsiri bağışlayırdı. Dünya kinosunda (teatrlarını deyəmmərəm - görmədiyimə görə) - bu «sur-suyum»da aktyor ya bir ola, ya iki. Bizdə isə bu qəbildən ikisi var; Əliağa AğayevSiyavuş Aslan. Dialekt ifadələrdən olan «sur-suyum»un aşması da bu ki, - hələ sözə, hərəkətə başlamamışdan adamın ciddilik «saqqızını» oğurlayıb güldürən sir-sifət. Deyim ki, sonuncu daha ciddi, yaxşı mənada daha «boz» idi. O qədər ciddi, oxəntərə «bozsifət» ki, hətta yuxarıda bəhs etdiyim «dir-dingiş» rəqsi belə ona «yaraşdırmaq» olmur. Əlavə edim ki, onu tanımayan bir əcnəbi bu surəti artistdən çox tənqidçiyə bənzədərdi. Bu qənaətimin təsdiqi üçün onu tək elə səhnədə, kino-telekadrlarda yox, həyatda da görmək gərəkdi. Fərqindəsizmi, hər gəliş-görünüşüylə hər kəsi güldürən, bəzən uğunduran (xüsusilə «Hicran» tamaşasında!) bu insanın bircə kərə ürəkdən şaqqanaq çəkib güldüyü olmadı...

   O, dünyasını dəyişənədək mən bu qəribə «xarakter işi»nin fərqinə çox varar, «görəsən, niyə» sual-xəyallarına gedər, daha çox da, onun həyat dramının «ailə» şəkli üzərində dayanardım. Amma öncə, bir qədər -

  

   İctimailik «şəkli»ndən...

  

   Onu hərdən dənizkənarı bulvarda da görər, xüsusi bir rəğbət-məhəbbətlə baxardıq. Və maraqlıdır ki, elə bil o, öz fanatlarına bir az ironiya (yəni, «hə, nə var, noolub, aktyor-zad görməmisiz?» iradı) ilə baxardı.

   Məncə, onun bu qeyri-leqal ironiyasında, aşağıda qısaca bəhs edəcəyim «ailə dram»ının və qədim həmkarlarından birinin: «Aktyor sevgi haqqında hər şeyi bilməyə, lakin onsuz yaşamağı da öyrənməyə borcludur» fəlsəfəsinin də «rol»u vardı...

   Bir dəfə onu dənizkənarı çayxanada tənha oturmuş görüb, yaxınlaşdıq və: «-Siyavuş müəllim, ərəb mütəfəkkirlərindən birinin «Böyük insanların iki ürəyi var: birindən qan axır, o biri dəyanətlə dözür» fikri barədə nə deyərdiz» sualımıza belə bir cavab verdi: «Bu zor suala yönni cavab verməkçün gərək adamda üç ürəy olsun!..»

   Bu ekspromt cavabdan ruhlanan dostlarım suallarına davam etdilər:

   - Napoleon deyir: «Bir ölkənin məşhurlaşması üçün bir neçə tanınmış sənətkarın olması kifayətdir». Sizcə belədirmi?

   - Sizi bilmirəm, mən Bonapart boyda nəhəngin fikrini redaktə edə bilmərəm».

   - Siserona görə: «Dahi insanlarda xüsusi cazibədarlıq olduğu üçün insanlar elə ilk baxışdan onları sevməyə başlayırlar». Bəs Siyavuş Aslana görə?

   - A kişilər, bu frazada söhbət dahilərdən gedir. Siz nöş mənə bu durbinnən baxırsız?

   bu sənət azmanı -

  

   Şəxsi həyat səhnəsində...

  

   Yaşdan-qoşdan düşənədək yaratdığı bir-birindən maraqlı, duzlu-məzəli obrazları ilə zəhmətkeş Azərbaycan sovet ( bir müddət müstəqil) xalqına saysız-hesabsız xoş anlar yaşatmış bu sənətkar, qocaman (öz sözlərilə «bica-qoca») çağlarını Dənizkənarı Milli Parkdakı «keyfi-köşk»lərdə keçirərdi. Hobbiləri maraqlı idi; təsbeh üzük kolleksiyası. Dörd yüzə yaxın təsbehi varmış bu «azar»ına «qədeş»i tostlar irad edən dostlarına deyərmiş «neynim alə, hər gün bir təzəsilə köhnə günlərimi şaqqıldadıram daa». Hər fəsildə birini taxdığı ( «gənclikdən qocalığa əsarət əmanəti» adlandırdığı) üzüklərin bəzilərinə bərkdən baxan dostlarına «qurbandı desə , təsbeh məsələsində çox simic imiş...

   Uzun illər çoxlarının həsəd apardığı «Siyavuş-Ofeliya cütlüyü»...

   Sən demə, bu həyat tərəf-müqabilli, sənət-ailə tandemli vəhdət-obrazda «yaşasın sənət!» dialoqluğuyla bərabər, pantomim bir «MƏN!» monoloqluğu da yaşanırmış. Bu «vəhdət-obraz», onun zaman-zaman mətbuata verdiyi müsahibələri, dost «ürəkaçmaları» incələnib-xülasələndikcə, xeyli açılmış olur:

    «Əvvəllər Ofeliya xanımla münasibətlərimiz, necə deyim, lal-lam suda qayıq kimiydi. Bəzən problemlərin çözümünə zildən başlasaq da, həmişə bəmdə həll edərdik. Sonralar... dəqiq deyə bilmərəm, işlərin əsası daha çox onun tərəfdən əyildi, ya mən tərəfdən... Amma, indilər saf-çürük edib görürəm ki, getdikcə yükü daha çox mən əyirmişəm...»

    «Nəysə. Ailə münasibətlərində də «axirət» varmış. Gərək vaxtında elə olasan ki, haçansa «olan olub, keçən keçib» deməyəsən...»

    «Qısqanclıq?.. Olub. Nə bilim, olar-olmazları düzgün qiymətləndirə bilməmişəm, də...

   Amma deyim ki, bunlar boş şeylər imiş. İndi gənclərə bir qeyri-artistik söz deyim; hərəkətlərindən muğayət olsunlar. Hər ailədə söz-söhbət olur, amma, hər halda... Hönkürməkdən çəkinməsəydim, çoxlu-çoxlu misallar çəkərdim - mənim düşdüyüm sonluğa gəlməmələri üçün... , qoy gənc ailələr axır-uğuru olmayan boş şeylərdən uzaq olsunlar. Bir-birinə can deyib, can eşitsinlər. Bizim qəşəng günlərimiz olub; sevilmişik, həmişə üzdə olmuşuq. Təəssüf, bu gözəl, maraqlı, yaxşı mənada dramatik teatr aləmi bizim qarşılıqlı sevgi sarayımızda tragiklik yaşatdı...»

    «Tale elə gətirib ki, jurnalistlər mənə, daha çox, şəxsi «ailə dramımdan» suallar verirlər. Heç teatr, səhnə, sənət aləmindəki əbədi qısqanclıqlar barədə soruşan yoxdur... Deyim ki, bunlar hamısı təbii haldır. Amma həyat da, sənət də qısqanclıqlara dözər, xəyanəti isə sevməz. Həyati cütlüklər öz sevgilərinə münasibətdə yanıla bilərlər, sənət isə belə deyil. Sənət - yanılmadan sevirsevdirir, ona sədaqətliləri daim birmənalı məhəbbətlə yaşadıb, yaşadır, yaşadacaq...»

  

   Tahir Abbaslı

 

Mədəniyyət.- 2017.- 6 sentyabr.- S.13.