Almaniyada ölkəmizin mədəniyyət
və mətbəxini tanıdan kitab
Almaniyada Azərbaycan mədəniyyəti və mətbəxindən bəhs edən “A guest in Azerbaijan” adlı kitab nəşr edilib. Kitab Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gəlib. Nəşrdə Azərbaycan tarixi, adət-ənənələri, səyahət qeydləri, mədəni sərvəti və mətbəxi haqqında məlumatlar yer alır.
Kitabın müəllifi tanınmış alman yazıçısı, fotoqraf Barbara Lüterbekdir. O, kitabı Almaniyada Azərbaycan ailəsi ilə tanışlığından sonra yazmaq qərarına gəlib. Azərbaycana səfər edən yazıçı ölkəmizin regionları, tarix və mədəniyyəti ilə yaxından tanış olduqdan sonra təəssüratlarını qələmə alıb.
“Kitabı yazmaqda əsas məqsədim öz həmvətənlərimə Azərbaycanı tanıtmaq və burada yaşadığım təəssüratları bölüşməkdir”, - deyə yazıçı bildirib.
Alman və ingilis dillərində nəşr olunan “A guest in Azerbaijan” kitabı Almaniyanın “Wienand” nəşriyyatında çap edilərək Avropanın müxtəlif kitabxanalarına paylanılıb. Kitabın təqdimat mərasimi ötən il keçirilən Frankfurt kitab yarmarkasında baş tutub. Nəşr həmçinin “The Gourmand World Cookbook Awards” təşkilatı tərəfindən “Ən yaxşı Şərqi Avropa mətbəx kitabı” nominasiyasında mükafata layiq görülüb.
Lalə Azəri
Mədəniyyət.- 2017.- 8
sentyabr.- S.8.