Azərbaycan və alman xalqlarının dostluğu zəngin tarixə söykənir

 

 

 

   Azərbaycan səfiri Cənubi Qafqazda alman məskənlərinin 200 illiyinin qeyd olunmasından söhbət açıb

  

   Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov “Business & Diplomacy” jurnalının “Səfirlə söhbət” (“Botschafter-Gesparch”) silsiləsindən növbəti qonağı olub.   

   Səfir jurnalın baş redaktoru Rayner Şubertin, tədbir iştirakçılarının Azərbaycana aid suallarını cavablandırıb.

   R.Həsənov Azərbaycanda alman məskənlərinin salınmasından da söhbət açıb. 200 il əvvəl Şərqə üz tutmuş şvab almanlarının Azərbaycanda tolerantlıq və xoş məramla qarşılandıqlarını bildirən diplomat alman icmasının Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak etdiyini, o cümlədən respublikamızda şərabçılıq ənənələrinin əsasını qoyduğunu deyib. Qeyd olunub ki, Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış sərəncama müvafiq olaraq tədbirlər planı hazırlanıb, həm Azərbaycanda, həm də Almaniyada bir sıra tədbirlər keçirilib. Yubileyin cari il sentyabrın 19-da Parisdə UNESCO-nun mənzil-qərargahında təntənəli şəkildə qeyd ediləcəyi diqqətə çatdırılıb.

   Azərbaycanda alman dilinin həm orta, həm də ali məktəblərdə tədris olunduğunu deyən R.Həsənov bir müddət əvvəl Almaniya Bundestaqının Azərbaycanda Höte Mərkəzinin açılmasına dair qərar qəbul etdiyini vurğulayıb. Mərkəzin cari ildə istifadəyə veriləcəyi gözlənilir.

   Azərbaycanın turizm imkanlarına toxunan səfir R.Həsənov əcnəbi turistlər üçün maraqlı olan tərəflər barədə məlumat verib, ölkəmizdə yüksək səviyyəli turizm infrastrukturunun yaradıldığını və Azərbaycana gələn turistlərin sayının ildən-ilə artdığını bildirib.

 

 

Mədəniyyət.- 2017.- 8 sentyabr.- S.2.