İfası da adı
kimi şirin idi...
Klassik tar ifaçılarımızdan Şirin
Axundovun adı milli musiqimizin yorulmaz təbliğatçıları
Məşədi Zeynal
və Qurban Pirimovun adları ilə yanaşı çəkilir. Onun ifaçılıq qabiliyyəti ölkəmizdən
uzaqlara da gedib çıxıb.
Şirin Məşədi Hüseyn
oğlu Axundov (Səlyanlı Şirin)
1878-ci ildə Salyan şəhərində anadan
olub. Yeniyetməliyindən
musiqiyə maraq göstərir, on beş yaşında
tar çalmağı öyrənir.
Mənbələrdə qeyd olunur ki, günlərin birində görkəmli xanəndə Cabbar Qaryağdıoğlu Salyana
toy məclisinə gəlir.
Məclis başa çatdıqdan sonra musiqi həvəskarları
sənətkardan Şirinin
tar ifasını dinləməyi
xahiş edirlər. Gənc tarzənin məharətli
ifasını bəyənən
xanəndə onu Bakıya dəvət edir. Məsləhət görür ki,
tarzənlik sənətini
davam etdirsin. Görkəmli sənətkarın məsləhəti Şirinin
sənətə həvəsini
daha da artırır.
Anası
Zərəfşan xanımla
Bakıya gəlir, C.Qaryağdıoğlunu tapırlar.
O gün gənc tarzəni özünün
musiqi heyətinə qəbul edir. Şirin məclislərdə xanəndənin
gözəl və yanıqlı guşələrinə
diqqət yetirir.
Evdə təkrar-təkrar səsləndirir.
Şirin Axundov Bakı
kəndlərində toy məclislərinə
qatılır. Xüsusilə bakılı xanəndələrdən
Məşədi Məmməd
və Əli Sahibi tarda müşayiət
edir. Məclislərin
birində Məşədi
Hüseynqulu adlı tacirlə tanış
olur. Onun vasitəsilə Hacı
Zeynalabdin Tağıyevin
“Güzgülü zalı”nda
qurulan məclislərə
gedir. Məclislərin
birində dövrün
tanınmış tarzənlərindən
olan Mərdi Canıbəyovla tanış
olur. M.Canıbəyov ona sənətkarlıq
bacarığını artırmaq
üçün kömək
edir.
Araşdırmalarda göstərilir ki,
Ş.Axundov Şəkili
Ələsgərlə də
əməkdaşlıq edib.
Bir gün Ələsgər M.Canıbəyovgilə gəlir.
Evə yaxınlaşanda
həmişəki kimi
evdən tar səsi eşidir. Ancaq bu dəfə
tarın səsi, vurulan şirin barmaqlar onu təəccübləndirir.
Ayaq saxlayıb pəncərədən tar səsini
dinləyir. Nə qədər fikirləşir,
tarçalanın kim olduğunu müəyyənləşdirə bilmir. Otağa daxil olanda təxminən
iyirmi beş
yaşında bir oğlanın tar çaldığını
görür. Şirin Ələsgərlə
uzun illər Cənubi Qafqazın şəhər və kəndlərində birgə
çıxış edirlər.
O zaman onların musiqi kollektivi Bakıda C.Qaryağdıoğlunun
dəstəsindən sonra
ikinci tanınmış
kollektiv olur. Ələsgərin məlahətli
səsi, Şirinin iti barmaqları dinləyiciləri vəcdə
gətirir...
Onu da deyək ki, Səlyanlı Şirinin milli teatrımızın inkişafında
müəyyən xidmətləri
olub. 1905-ci ilin dekabr ayında Bakıda Mirzə Fətəli Axundzadənin
“Sərgüzəşti-vəziri-xani-Lənkəran”
əsəri tamaşaya
qoyularkən Şirin və xanəndə Ələsgər həmin
tamaşanı musiqi ilə müşayiət ediblər. “Kaspi” qəzeti tamaşa haqqında verdiyi rəydə yazıb: “Tamaşanın bədii cəhətdən gözəl
keçməsinə musiqiçilərdən
Ələsgər və
Şirinin zəhməti
çox oldu. Onlar bir neçə musiqi havaları ifa etdilər”.
Ş.Axundov uzun illər “Tağıyev teatrı”nda
verilən tamaşaların
fasilələrində tar çalır.
Bir çox hallarda isə teatrın musiqiçilər orkestrinə
rəhbərlik edir.
Onun Azərbaycan opera sənətinin
inkişafında da müəyyən rolu olub. Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının ilk tamaşasında
(12 yanvar 1908-ci il) orkestrin tərkibində əsas tarçalanlardan biri də Şirin Axundov idi.
Şirin bütün muğamları
tarda gözəl ifa etməkdə, xanəndə oxutmaqda usta olub. O, Şəkili
Ələsgərlə yanaşı,
müxtəlif vaxtlarda
Seyid Mirbabayevi, İslam Abdullayevi, Cabbar Qaryağdıoğlunu,
Bülbülü və
son illərdə isə
Seyid Şuşinskini tarda müşayiət edib.
Ş.Axundovun ifaçılığının
səs-sədası Bakı
ilə yanaşı, Tiflisdə, İrəvanda
təşkil olunan konsertlərdə, musiqi gecələrində eşidilib.
O həmçinin iki dəfə Şəkili Ələsgər və İslam Abdullayevlə birgə İrana səfər edib. Hər dəfə də tar ifaçılığı
müsabiqələrində İranın görkəmli
tarzənlərindən üstün
olaraq qızıl medala layiq görülüb.
Macarıstanın “Premer-Rekord” firması
1914-cü ildə Qafqaz
musiqiçilərindən bir
qrupunu Bakıya dəvət edir. Ş.Axundovun ifasında “Çahargah”, “Mirzə Hüseyn segahı”, “Hasar” və “Müxalif” muğamlarını
qrammofon valına yazır. Eyni zamanda o, xanəndə
İslamın ifasında
16 muğam, təsnif və el nəğmələrini
tarda müşayiət
edir. Azərbaycanda sovet hakimiyyətinin
qurulduğu (1920) ilk vaxtlardan
Şirin xalq musiqisi sahəsində səmərəli fəaliyyət
göstərir. 1920 və
1921-ci illərdə Bakıda
“Şərq konservatoriyası”nda
tar müəllimi kimi
çalışır. 1923-1926-cı illərdə “Qara şəhər”də və
fəhlə klublarında
tar dərnəyi açır.
Öz təcrübəsini həvəskar
fəhlə-gənclərə də öyrədir.
Təbliğat qatarı ilə Azərbaycanın bir sıra şəhər və qəsəbələrində
olur, zəhmətkeşlər
qarşısında çıxışlar
edir.
Görkəmli
xanəndə və musiqişünaslar Ş.Axundovun
tar ifaçılığını yüksək dəyərləndirib.
Tarzən Qurban Pirimov deyib: “Cabbar Qaryağdıoğlu
böyük məclislərə
gedəndə Şirini
də özü ilə aparardı. O, tar çalanda mən bir dinləyici kimi ona qulaq
asmaqdan yorulmazdım. Hələ də onun “Mahur”da vurduğu şirin barmaqların, sanballı mizrabların sədası
qulağımdadır...”
Şirin Axundov 1927-ci ildə, 49 yaşında vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət.- 2017.- 15 sentyabr.-
S.15.