Türk dünyasının ortaq tarixinə həsr olunan beynəlxalq konfrans

 

 

   Sentyabrın 12-dən 14-dək Bakıda “Şərqi və qərbi türk dünyasının ortaq tarixi dövrləri və münasibətləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

   AMEA, Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Xəzər Universiteti, Türkiyə Səlcuq Universiteti, Sütçü İmam UniversitetiTürk Tarix Qurumu tərəfindən təşkil olunan tədbir “İNOCTE 2017 - “Osmanlı tədqiqatlarında yeni tendensiyalar” beynəlxalq konqresi çərçivəsində reallaşıb.

   Konfransın açılışında çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli türk dünyasının ortaq tarixi problemlərinə dair aparılan elmi tədqiqatların nəticələrinin müzakirəsi baxımından konfransın əhəmiyyətini vurğulayıb. Konqresin baş əlaqələndiricisi, professor Alaattin Aköz tədbirə uğurlar arzulayıb.

   AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov türk xalqlarının ortaq dərsliklərinin hazırlanmasının mühüm məsələlərdən biri olduğunu qeyd edib, müvafiq mövzu ilə bağlı təkliflərini irəli sürüb.

   Türk Tarix Qurumunun sədri, professor Refik Turan müxtəlif tarixi dövrlərdə yaşayıb-yaratmış məşhur türk alimlərinin bu gün də istifadə olunan elmi tədqiqatlarından, dünya elminə verdiyi töhfələrdən danışıb.

   ADPU-nun rektoru, professor Cəfər Cəfərov konfransın Azərbaycan ilə Türkiyə arasında elmi-mədəni əlaqələrin genişlənməsinə töhfə verəcəyini bildirib.

   Səlcuq Universitetinin rektoru, professor Mustafa Şahin və digər çıxış edən alimlər türk dünyasının problemlərindən və inkişaf meyillərindən, türklərin tarix boyu nə qədər qəhrəman, mübariz bir xalq olmasından danışıblar.

   Plenar iclasdan sonra konfrans işini ADPU-da bölmə iclasları ilə davam etdirib. Üç gün davam edən tədbirdə azərbaycanlı və türkiyəli alimlərin ümumilikdə 100-dən çox elmi məruzəsi dinlənilib.  

 

Mədəniyyət.- 2017.- 15 sentyabr.- S.13.