Etnik musiqi inciləri
“Trandafur de la Moldova”dan “Laçın”adək
Sentyabrın 13-də Beynəlxalq Muğam Mərkəzində
«Etnik musiqi inciləri» silsiləsindən
növbəti konsert proqramı təqdim olundu. Konsert Azərbaycan və
Moldova respublikaları arasında
diplomatik münasibətlərin
yaradılmasının 25 illiyinə
həsr edilmişdi.
Azərbaycan və Moldova musiqiçilərinin
birgə çıxışı
bu konserti hər hansı milli musiqi gecəsi
olmaqdan çıxararaq,
dostluq görüşünə
çevirdi.
Əvvəlcə Moldova Respublikasının Azərbaycandakı səfiri
George Leuka və Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Murad Hüseynov çıxış
etdilər. Səfir ölkələrimiz
arasında mədəni-siyasi
əlaqələrin möhkəmliyindən
söz açaraq, bu işdə incəsənət xadimlərinin
böyük rol oynadığını vurğuladı.
Murad Hüseynov da
öz növbəsində
«Etnik musiqi inciləri» silsiləsindən
hər musiqi axşamının insanların
dünyagörüşünün zənginləşməsində, musiqi zövqünün formalaşmasında xüsusi
yerini qeyd etdi. Bildirdi ki, Azərbaycanda
Moldova musiqisinə, Moldovada
isə bizim musiqiyə yaxşı bələddirlər. Bir
zamanlar «Moldova bülbülü»
adlandırılan görkəmli
vokalçı Mariya Bieşu dəfələrlə
Bakıda çıxış
edib, Bülbül adına vokalçıların
beynəlxalq müsabiqəsində
iki dəfə münsiflik edib.
Sonra konsert başladı.
Konsertdə çıxış
edən moldav milli musiqi qrupunun
rəhbəri, tanınmış
bəstəkar Konstantin Moskoviçi
Azərbaycan musiqisinə
heyranlığından, hələ
illər öncə
nay milli musiqi alətində bizim musiqilərimizdən ibarət
disk yazdırmağından, Əməkdar artist Şirzad
Fətəliyev ilə
yaradıcılıq dostluğundan
söz açdı.
Hər iki xalqın milli və bəstəkar musiqisindən ibarət proqram ovqat və ritm keçidləri ilə kimsəni darıxmağa qoymadı. Konstantin Moskoviçi, Rad Talambuta (skripka), Dumitru Dubajiu (akkordeon) və Vladimir Andriandan (piano) ibarət kiçik musiqi qrupu ilə birlikdə istər Moldova, istərsə də Azərbaycan musiqisini onlarla birgə ifa edən balaban ustası Şirzad Fətəliyevin həmahəng çıxışı ürəyəyatan və qulaq oxşayan idi. Salon bu qrupun ifa etdiyi bütün musiqi nömrələrini, xüsusən də «Ayrılıq», «Sən gəlməz oldun», «Sənə də qalmaz» kimi məşhur mahnıların melodiyalarını həssaslıqla qarşıladı. Müğənni Valentina Nejel milli mahnıları, Moldova musiqisinin qeyri-rəsmi himni sayılan «Trandefur de la Moldova» nəğməsini oxuyarkən nə qədər şən və şıltaq təsir bağışlayır, musiqinin şux ovqatını səhnədən salona köçürürdüsə, «Laçın» xalq mahnımızı özünəməxsus şirinliklə ifa edərək həzin notlara köklədiyi salondan gur alqış qazandı.
Gecədə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Bakıda yaşayan Moldova vətəndaşları da iştirak edirdi.
G.Mirməmməd
Mədəniyyət.- 2017.- 15 sentyabr.-
S.4.