“Şur”
kompozisiyası Çində alqışlarla
qarşılanıb
İnstrumental ifaçılarımız daha
bir festivalda uğur qazanıblar
Xəbər verdiyimiz kimi, bu günlərdə əməkdar artistlər,
tarzən Sahib Paşazadə
və nağaraçı
Kamran Kərimov Özbəkistanın Səmərqənd
şəhərində keçirilən
“Şərq təranələri”
XI Beynəlxalq Musiqi Festivalında ölkəmizi
uğurla təmsil edərək müsabiqənin
baş mükafatını
qazanıblar.
Onların möhtəşəm çıxışından
sonra festivalın münsiflər heyətinin
üzvü, Çin bəstəkarı və dirijoru Liu Shun musiqiçilərimizi
7-16 sentyabr tarixində
ölkəsində keçirilən
IV İpək Yolu Beynəlxalq Musiqi Festivalına dəvət edib. Festivalın bədii rəhbəri
olan Liu Shun azərbaycanlı
musiqiçilərdən Səmərqənddə
ifa etdikləri “Şur” kompozisiyasını
təqdim etməyi xahiş edib.
“Şur” kompozisiyası Çində də alqışlarla qarşılanıb. Sahib Paşazadə və Kamran Kərimov diplom və mükafata layiq görülüblər. İfaçılarımız Çinin Sian, Sianyan və Cencen şəhərlərində ayrıca konsert proqramı ilə də çıxış ediblər. Çinli musiqisevərlər Azərbaycan musiqisini hərarətlə qarşılayıblar.
Təmsilçilərimiz həmçinin növbəti ildə keçirilən İpək Yolu festivalı çərçivəsində ustad dərsləri keçmək və konsert proqramı ilə çıxış etmək üçün dəvət olunublar. Qeyd edək ki, İpək Yolu musiqi festivalı ilk dəfə Çinin qədim Sian şəhərində keçirilib. Builki festivalda dünyanın 30-dan artıq ölkəsindən musiqiçilər iştirak edir. Festivalın keçirilməsində məqsəd mədəniyyətlərin mübadiləsi, sülh və dostluğun təbliğidir. Ölkəmiz bu musiqi bayramında ilk dəfə təmsil olunub.
Lalə
Mədəniyyət.- 2017.- 15 sentyabr.- S.5.