“Azərbaycan-İran rəqs axşamı”
Konsert proqramında iki
ölkənin rəqs kollektivləri çıxış edəcək
Sentyabrın 15-də Azərbaycan Dövlət Musiqili Teatrında Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı ilə İrandan gələn rəqs kollektivinin birgə konserti keçiriləcək. “Azərbaycan-İran rəqs axşamı” adlanan konsert proqramında rəngarəng rəqs nümunələri təqdim ediləcək.
İran kollektivinin rəhbəri Mandana Talibi konsertlə bağlı deyib: “Azərbaycana sevgi dolu rəqslərimiz və musiqilərimizlə gəlmişik. Proqramda milli rəqslərimizi, folklor nümunələrimizi azərbaycanlı tamaşaçılara təqdim edəcəyik”.
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktoru, Əməkdar mədəniyyət işçisi Elçin Abbasov konserti izləməyə gələn tamaşaçılara unudulmaz rəqs axşamı yaşadacaqlarını bildirib: “Bu konsert həm də iki ölkə arasında mədəniyyətin və sənətin təbliğinə xidmət edir. Çıxışımıza səbirsizliklə və məsuliyyətlə hazırlaşırıq. Azərbaycan milli rəqsləri və İran rəqslərinin yer aldığı gecə mədəniyyətlərin dostluğu mesajını tamaşaçılara ötürəcək”.
Lalə
Mədəniyyət.- 2017.- 13 sentyabr.-
S.2.