Azərbaycanın
xalça nümunələri Vaşinqtonda sərgilənib
Sentyabrın 8-də ABŞ-ın paytaxtında “Azərbaycan xalçaları incəsənəti” mövzusunda sərgi və ziyafət təşkil olunub. Tədbir ölkəmizin ABŞ-dakı səfirliyi və “Azərxalça” ASC-nin birgə təşkilatçılığı ilə Orta Şərq İnstitutunun yerləşdiyi binada təşkil edilib.
Tədbirdə çıxış edən səfir Elin Süleymanov xalça sənətini Azərbaycan mədəniyyətinin əsas incilərindən biri kimi səciyyələndirərək, onun qədim ənənələri və müxtəlif məktəblərinin olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində xalçaçılığın yenidən canlandığı və bu sərginin keçirilməsinin inkişaf edən və möhkəmlənən Azərbaycanın bir göstəricisi olduğu vurğulanıb.
“Azərxalça” ASC-nin idarə heyətinin sədr müavini Orxan Rzayev ölkəmizin müxtəlif bölgələrini əks etdirən xalçaçılıq məktəbləri barədə danışıb, Prezident İlham Əliyevin 2016-cı ilin mayında imzaladığı sərəncamla yaradılan “Azərxalça” ASC-nin məhsullarının həm ölkəmizdə satıldığını, həm də ixrac edildiyini bildirib.
Tədbirin rəsmi hissəsindən sonra ziyarətçilərə əllə toxunmuş Azərbaycan xalçaları barədə geniş məlumat verilib, onların çoxsaylı sualları cavablandırılıb.
Sərgidə Quba, Bakı, Şirvan, Gəncə,
Qazax, Qarabağ,
İrəvan və Naxçıvan xalça
məktəblərinin nümunələri geniş
ziyarətçi marağına səbəb olub.
Bu sərginin növbəti günlərdə
Nyu-York şəhərində də təşkili
nəzərdə tutulur.
Mədəniyyət.- 2017.- 13 sentyabr.-
S.6.