Bənzərsiz qəlb və qələm
təbiətlisi -
Poetik incəliklərilə tər-təbiət
AĞAsı, müdrik “hərif”liklərilə
el-elat QAĞAsı - Hüseyn
Arif
Ana təbiətlə bu şairin qəlb təbiəti arasındakı fərq: biri yaradılandı, biri yazılan.
Rəsmi-rəyasət işlərini qətiyyən xoşlamayan, şeirlərinin birində “Bircə xahişim var, pələngi sirkdən, Hüseyni iclasdan azad eyləyin...” demiş bu təbiət şairinin “fəaliyyət portreti”ndə kargüzar-işgüzari cizgilər yalnız bunlardan ibarət: Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri, “Azərnəşr”də böyük redaktor, “Gənclik”də bədii ədəbiyyat redaksiyasının müdiri və ömrünün sonunadək Aşıqlar Birliyinin sədri.
Bütün ömrü uzunu isə “Çəkilmədim otaqların küncünə, Düzlər keçən, dağlar aşan şairəm”, “Lilpar olan yerdə dolça nə lazım” kimi təbii poetik tablolar yaratmış canlı Hüseyn Arif portreti haqda sözümə bu “portpet”in istənilən nöqtəsinə yaraşası və ovqat dolu bir şuxluq, sehranə qımışıq yaradası iki misra-ştrixlə başlayıram:
“Dedim, ay qız, belə olmaz,
Dedi, yeri, şeirini yaz!..”
Hansısa bir “cuvanəzən”lə
hankısa bir “ilişici cayıl” arasındakı (“çıx
get işivə-gücüvə!”) “dialoq”una bənzər
mənzərə. Amma,
axı, buradakı “ilişkən” aşiq hansısa küçə-bazar
“məcnun”larından yox,
minlərlə gəncin
oxuyub-oxuyacağı (və
özlərinə örnək
hesab edib-edəcəkləri)
şairdir! Bu “kriminal”ın
(və bu şairin digər poetik “xatakar”lıqlarının)
nə ilə nəticələndiyini bilmək
istəyənlər gərək
burda tən yarısının adını
çəkdiyim kitablarına
müraciət etsinlər:
“Məhəbbət nəğmələri”,
“Dostluq telləri”, “Yolda”, “Ömür çeşməsi”, “Torpaq
eşqi”, “Bahar gələndə”, “Söylə,
yadındamı?”, “Ömür
gözəlsə”, “Ayrı
düşəli”, “Dilqəm”...
Sözün hər (və əlbəttə, yaxşı)
mənasında -
Bu aşiq -
Hüseyn Camal oğlu
Hüseynzadə - şeirə-sənətə
çox kiçik yaşlarından vurulub.
Bu uşağın xətrini
hədsiz dərəcə
əzizləyən qonşu
qarılardan biri bir gün ağlaya-ağlaya
onlara gəlib həyəcanla bildirir ki, bəs, “ay Qəndab, Camalın evi yıxılıb!..” Ananın qorxa-qorxa “uşaqlara noolub ki” sualına
cavabında qayıdır
ki: “İndicə bağın aşağı
başında gördüm
Söyün danışa-danışa
o baş-bu başa gedib-gəler...” Ana isə
gülə-gülə deyir,
ay nənəsi, qorxma,
sənin Söyün balan şeir yazer! Əlbəəl bütün kəndə yayılan bu xəbəri yaylaqda eşidən babası isə obaya belə bir ismarış
göndərir: “Aya, Söyünə deyin bu sövdəyə düşməsin, sözün
hamısın Dədə
Ələsgər deyib
gedib...”
Deyilənlərə
görə, Hüseyn
Arifin əsl şair olmasında hər kəsi “inad acığı”na doldurası bu sifarişin də rolu az
olmayıb.
Ancaq, deyəsən, bu məsələdə öz
istedadı və digər fəhm-fərasət
elementlərinə görə
birinci sinifdən üçüncüyə, üçüncüdən
yeddinciyə keçirilən
bu uşaqda çağlamış bioloji-psixoloji
qatqarlı “eşq-sevgi-məhəbbət”
üçbucağının da dəxli olub.
Hisslər, duyğular, hadisələr
onu hər ay, hər il
və ayrı-ayrı
dövrlərin tarix-təqvim
vaxtlarından əvvəl
böyüdürmüş.
Və on yeddi yaşında başlanan Böyük Vətən müharibəsindən
(vzvod komandiri kimi Berlinədək döyüş yolu, xeyli orden-medalla bahəm) dünyasını
dəyişənədək dizində gəzdirəcəyi
qəlpə “qazancı”
ilə qayıdan və bütün ömrü uzunu Bəhlul Danəndəvi fəhmi, Molla Nəsrəddini hazırcavablığı
ilə yaratdığı
cəmiyyət diqqət-riqqəti,
folklorik təb-təbiəti,
bənzərsiz poetik qələmilə çəkdiyi
-
Təbiət portretləri...
Minlərlə
gözəl qiyafə-qafiyəli
şeirlərindən iki-üç
misal: “Məni belə süzmə, dedi, Ürəyimi üzmə, dedi”, “İsti kabab, isti fətir, Doymaq olmur, yenə
gətir”, “Məndən
təzə şeir xəbər alan
dost, Baharın gəlməsi
şeir deyilmi?”...
Deyirlər, Hüseyn Arif, əsasən ilk baxışda
vurulduğu obyekt-subyektləri
qələmə alırmış.
Elə həyat yoldaşını
da belə bir “fövrən”liklə seçib; bir gün dayısı oğlugilə gedərkən
təsadüfən rastlaşdığı
Məleykə xanımı
görən kimi vurulub və heç “göz nübarlığı sovumamış”
elçi göndərib.
Xatirələrdə
“son dərəcə həlim
ata”, “vəfalı
dost”, “teatral-məzə”, tənqidçilərin
təfsirində “yumşaqtəbiətli
od-alovlu təbiət şairi” kimi yad edilən, övladlarına, xüsusən,
adını özünə
təxəllüs etdiyi
oğluna - illərlə
ailənin “sonbeşik
ciyərparəsi”, qəzaya
düşməsilə “əbədi
yarəsi” olmuş Arifə həsr etdiyi şeirlərində
belə milli-xəlqi duyğular ədibi kimi tanınan şairdə bəşəri
humanizm hissləri də güclü idi. Bunun təsdiqi
üçün onun neçə-neçə şeirindən
nümunələr gətirməkdənsə,
böyük qızının
xatirələrindən kiçik
parçaya diqqət edək: “Belə bir həlim atanın beşillik müharibə yolu keçməsi bizə ağlasığmaz görünürdü.
Fikirləşirdik ki,
qarışqa tapdamaqdan
belə ehtiyatlanan bu ürəyiyumşaq adam cəbhədə
neyləyirmiş, bu qədər orden-medalı
necə alıb? Hərdən
soruşsaq da, cavab verməz, susub gülümsəyərdi.
Ancaq bir dəfə, söhbət nədən düşdüsə, qayıtdı
ki, “...Qələbəyə
az qalırdı, gördük bir alman zabiti ağ
atın belində bizə tərəf çapır. Çatıb dayandı və çox uca səs, hirs-hikkə dolu bir nida
ilə “Hitler kaput!” - dedi.
Sonra tapançasını gicgahına
dirəyib, çaxmağı
çəkdi. Çox
yaraşıqlı, gözəl
oğlan idi...”
Şairin xanımının xatirələri
də maraqlıdır.
Şeir-sənətin hərdən
bu şairə öz ailəsini belə “unutdurduğunu” “vəsf” edən Məleykə xanımın
dediklərindən: “Bu neçə
illərdə hərdən
qoşalaşıb, guya
harasa gedərdik. Amma nə “fayda”? Yolun harasındasa, yenə onun “atüstü yazarlığı” tutar və mən yaddan çıxardım.
Görürdüm, Hüseyn yenə
elə hey gedir, heç elə bil mən yanında
yoxam. Bir də görərdin
yerişini tamam yeyinlədib, gözdən
itdi. Axır... mən də
dayanıb, arxasınca
(ya qarasınca) xeyli baxar, baxar,
ağlaya-ağlamsına qayıdardım
evə. Get-gedə
onun bu xasiyyətinə
də öyrəşdim...”
“Onun bu xasiyyətinə də” ifadələri böyük bir “silsilə”ni ehtiva edir. Məsələn,
qızı orta məktəbi qızıl
medalla başa vurur, ana həyəcanla:
“Hüseyn, bax, Səhər instituta girməlidi, ha” deyir, ata isə laqeydliklə:
“Səhər ordenli bir orta məktəbin
(190 saylı məktəb)
“qızıl medal”çısıdır,
ali məktəbə də özü qəbul olunacaq” - deyib, “Aşıq Alının məzarı”
səfərinə çıxır,
həftələr-aylar axtarışıyla
tapır və öz vəsaiti hesabına ulu aşığımıza abidə
də qoydurur...
“Heç
zaman bir kimsənin qarasınca danışmaz, qır-qeybətin
nə olduğunu bilməzdi. Arif faciəmizdən sonra, hərdən, öz-özünə
danışa-danışa iş
otağına girib qapını bağlayar, çıxanda, elə bilərdin, yüz il ağlayıb.
Amma özünü elə aparırdı ki, guya heç nə olmayıb. Hə, ailəmizə sevinməyi,
gülməyi yadırğadan
o faciədən əvvəl
də üzləşdiyi
problemlərin, haqsızlıqların
ağrısını nə
anama bildirərdi, nə bizə. O, bütün qayğı-duyğularını
yalnız bizim birimiz, bəlkə bundan da artıq
hesab etdiyi “poeziya qardaş-bacısı”
üstünə yükləyirdi”.
Bəli, bu şair o sayaq hisslərini yalnız şeirlərilə
ovudub:
Dağ sökülüb, dedilər,
Bel bükülüb, dedilər,
Arif ölüb, dedilər -
Ölümə
qurban olum...
Yox, bu şair həm
də ictimai-xəlqi bir -
Şənlik-şuxluq
ovqatı...
Yaradıcılığındakı
tər-təbiət günəşi
digər bütün
“ay-ulduz” mövzularına
“hayıf”i bir kölgə salmış bu şairin “baməzəlik portreti”, yumoristik obrazı həmişə dəbdə!
Bu qəribə “qağa”nın hər zaman qeyri-adi, hər an “ekspromt” halətlərilə bağlı
saysız-hesabsız gül-gülməcələr,
heç zaman boyatımayası həyati-ünsiyyəti
(və çoxusu şifahi) olaylar bütün zövq əhlinə bəlli olduğundan, bu yazıda bir-iki yazılısını meydanlamaq
qəsdindəyəm. Məsələn,
mötərizədə “zarafatyana”
qeydi ilə yazdığı “Gözəllərə”
şeirində xanımları:
“Kədəri yaxının üstünə
atıb,
Sevinci aparıb yada verdiniz,
Yüzünüz
bir şair yaratmadınız,
Biriniz yüz şair bada verdiniz” -
deyə
qınayan bu şair “A qızlar”da “məsləhət-məşvərət”indən
də qalmır:
“Siz elə kimsəylə
oturub-durun,
Könlünüz
nə desə, yetirsin sizə,
Sevəndə katibi sevin, a qızlar,
Şairin nəyi var, nə versin sizə?..”
Yaxud, “zarafat” etməyin mümkünsüz olduğu
sovetlər dövründə
belə bir antirəyasi fəlsəfə
(?!):
Bir həyat şairi var,
Bir də vaxt şairləri.
El-obadan xəbərsiz,
Saray, taxt şairləri...
Hüseyn Arif, nə xəbər,
Nə qədərmiş, nə xəbər,
Başsız başa keçənlər -
Xalqsız xalq şairləri!?.
Və 1992-ci il, 14 sentyabr... Yada düşdükcə qəlblərə xoş ovqat, dodaqlara təbəssüm bəxş edən bu əsl xalq şairinin cismani, düz iyirmi beş il sonra isə bu yığcam yazının sonu...
Tahir Abbaslı
Mədəniyyət.- 2017.- 13 sentyabr.-
S.13.