Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı başlandı       

 

 

 

   İlk konsertdə "Koroğlu"dan uvertüra, "Tangeyzer"dən marş, birSemenenkodan gözəl ifa    

   Sentyabrın 18-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalının açılış konserti oldu.   

   Ənənəyə sadiq olaraq, festivalın ilk konsertində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış etdi. Xalq artisti Fəxrəddin Kərimovun idarə etdiyi konsert proqramı Üzeyir bəyin "Koroğlu" operasından uvertüranın səslənməsi ilə başladı. Bütün azərbaycanlıların çox yaxşı bələd olduğu, hətta qeyri-rəsmi birlik və mübarizə himni kimi qəbul etdiyi uvertüra gur alqışlarla qarşılandıqdan sonra səhnəyə hazırda Almaniyada yaşayan, AvropaAmerikada tanınan gənc skripkaçı, bir neçə nüfuzlu beynəlxalq ifaçılıq yarışmasının qalibi Aleksey Semenenko çıxdı. Onun ifasında P.İ.ÇaykovskiSkripkaorkestr üçün konsert, D-dur” əsəri səsləndi.

   Klassik musiqini sevənlərin yaxşı bələd olduğu bu konsert öz ifaçısından təkcə alətin imkanlarını yaxşı bilmək və yüksək texnika tələb etmir. Əsərdə solo alətin partiyasının dolğunluğu ilə əsl simfonizm, musiqinin temperamentikoloritli səslənişi bir-birini üzvi olaraq tamamlayır. Musiqisevər oxucularımız üçün bir xatırlatma da edək ki, dünya kinosunun musiqiçilər barədə ən yaxşı filmlərindən sayılan, 1954-cü ildə ekrana çıxan, Elizabet Teylor ilə Vittorio Qassmanın baş rolları ifa etdiyi "Raspsodiya" filmində də hadisələr bu əsərin ətrafında cərəyan edir. Çünki bu konsert skripkada virtuoz ifaçılığın sübutudur.

   Aleksey Semenenkonun ifasına gəlincə, gənc ifaçı əsərin ifasının öhdəsindən məharətlə gəldi. Bir maraqlı cəhəti də vurğulayaq ki, Aleksey Semenenko Almaniya Musiqili Alətlər Fondunun ona həvalə etdiyi məşhur usta Landolfinin 1760-cı ildə düzəltdiyi skripkada ifa edir.

   Konsertin ikinci hissəsində səslənən görkəmli Azərbaycan bəstəkarı Cövdət Hacıyevin "Sülh uğrunda" simfonik poemasını festival təşkilatçıları bəstəkarın 100 illik yubileyi münasibətilə proqrama daxil ediblər.

   Festivalın açılış konsertində təqdim olunan növbəti iki əsər də klassik musiqi biliciləri üçün səslənmə tezliyi baxımından maraqlı idi. Rixard Vaqnerin "Tangeyzer" operasından marş Azərbaycanda ilk dəfə ifa edildi. Rus bəstəkarı İqor Stravinskinin "Simurq quşu" baletinin bizim teatrda səhnələşdirilmədiyini nəzərə alsaq, elə bu birpərdəli baletdən süitanın səslənişini premyera kimi qəbul etmək olar.

   Sentyabrın 26-dək paytaxtımızın ən mötəbər konsert salonlarında Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalının konsertləri davam edəcək. Musiqi zövqünüzü cilalamaq fürsətini qaçırmayın.

  

   Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2017.- 20 sentyabr.- S.2.