Kiçik karvansara
otaqlarından başlanan yol
Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin 50 yaşı tamam olur
Hər yubiley bir
bayram olmaqla yanaşı, həm də keçmişə
dönüb baxmaq, yaşananlara, yaradılanlara yenidən nəzər
salmaq imkanıdır. Bu il 50
yaşını tamamlayan Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyi sentyabrın 22-də yubileyini təntənəli
şəkildə qeyd edəcək. 1967-ci ildə
İçərişəhərdəki Karvansaranın
kiçik otaqlarında fəaliyyətə başlayan mədəniyyət
ocağı hazırda Muzey Mərkəzində yerləşir,
musiqi irsimizin qorunması kimi mühüm bir missiyanı həyata
keçirir. Yubiley münasibətilə muzeyin
ünvanına xarici ölkələrdən təbrik
teleqramlarının gəlməsi isə onun beynəlxalq aləmdə
də yaxşı tanınmasına işarədir...
Muzeyin direktoru, Əməkdar
mədəniyyət işçisi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Alla Bayramova ilə söhbətimizdə
mədəniyyət müəssisəsinin keçdiyi yola və
hazırkı fəaliyyətinə nəzər saldıq.
- Alla xanım, Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin əsas fəaliyyət istiqamətləri
nədən ibarətdir?
- Muzeyin əsas məqsədi musiqi
mədəniyyəti tarixinə aid materialların aşkar
edilməsi, toplanması, muzey kolleksiyalarının zənginləşdirilməsi,
qorunması, öyrənilməsi və təbliğidir. Bu istiqamətdə işlər ölkəmizlə
yanaşı, xaricdə də həyata keçirilir. Muzey tərəfindən xarici ölkə arxivlərində
elmi araşdırmalar aparılır, Azərbaycanın musiqi
tarixinə aid qiymətli materiallar əldə edilir. Hazırda muzeyin 56 minə yaxın eksponatı var. Bu
sırada milli musiqi alətləri, dünya xalqlarının
musiqi alətləri, not əlyazmaları, fotoşəkillər,
təsviri sənət nümunələri, nadir səs
yazılarını qeyd edə bilərik. Muzeyin
ilk eksponatı bəstəkar Müslüm Maqomayevin opera
müğənnisi Məmmədtağı Bağırova
verdiyi qeyd vərəqəsidir.
Muzeydə 277 ədəd
musiqi aləti qorunub saxlanılır. Bunlardan
208-i Azərbaycan, 69-u isə xarici musiqi alətidir. Bundan əlavə, 12 ədəd nadir musiqi qutusu
mühafizə olunur. Azərbaycan bəstəkarlarının
800-dən çox şəxsi arxivi də muzeyimizin
fondundadır. Cövdət Hacıyev, Qara Qarayev, Niyazi,
Fikrət Əmirov, Tofiq Quliyev, Süleyman Ələsgərov,
Şəfiqə Axundova, Oqtay Zülfüqarov, Xəyyam Mirzəzadə
və başqalarının arxiv materialları qiymətli
eksponatlardandır. Qeyd olunan zəngin arxiv
materialları Azərbaycanın musiqi tarixinin daha da dərindən
araşdırılmasına, öyrənilməsinə imkan
yaradır. Burada eyni zamanda musiqi mədəniyyətimizin
digər görkəmli xadimlərinin not əlyazmaları,
şəxsi əşyaları, afişalar, proqramlar, fotoşəkillər,
təsviri sənət nümunələri, kitablar və s.
saxlanılır. 7 noyabr 2003-cü il tarixdə
UNESCO tərəfindən təqdim edilmiş Azərbaycan
muğamının “Bəşəriyyətin şifahi və
qeyri-maddi irsinin incisi” elan edilməsi haqqında diplom da
muzeyimizin dəyərli eksponatlarındandır.
Onu da diqqətinizə
çatdırım ki, mədəniyyət və turizm naziri
Əbülfəs Qarayevin 13 oktyabr 2010-cu il tarixli sərəncamı
ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyinin nəzdində Musiqi alətləri dövlət
kolleksiyası yaradılıb. Nazirlik tərəfindən
kolleksiyaya 10 skripka, 10 skripka kamanı, 4 violonçel, 1
violonçel kamanı, 3 alt, 2 alt kamanı təqdim edilib. Azərbaycan mədəniyyətini beynəlxalq
müsabiqələrdə və tədbirlərdə yüksək
səviyyədə təmsil edən istedadlı, gənc
musiqiçilər, xalq artistləri, prezident təqaüdçüləri
xaricdən alınmış bu qiymətli alətlərdə
ifa edirlər.
- Muzeyin əməkdaşları və
filialları haqqında da məlumat verərdiniz...
- Muzeyimizin 69 əməkdaşı
var. Onlardan 6 nəfəri ölkə rəhbərinin sərəncamı
ilə fəxri adlara layiq görülüb. 4 filialımız
var. Bunlar 1987-ci ildə yaradılan Xalq çalğı alətləri
daimi sərgisi, 1994-cü ildə yaradılan Niyazinin mənzil-muzeyi,
həmin il fəaliyyətə başlayan
Vaqif Mustafazadənin ev-muzeyi və hazırda yaradılmaqda olan
Qara Qarayevin ev-muzeyidir.
- Qədim musiqi alətləri
ansamblı da musiqi mədəniyyətimizin
yaşadılmasına xidmət edir...
- Bəli, ümummilli lider Heydər
Əliyevin göstərişi və Mədəniyyət
Nazirliyinin sərəncamına əsasən, 1996-cı ildən
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində
Qədim musiqi alətləri ansamblı fəaliyyət göstərir.
Kollektiv 15 nəfər musiqiçini
özündə birləşdirir. Onun bənzərsiz
cəhəti ondadır ki, musiqilər orta əsrlərdə
istifadə edilmiş, tədricən unudulmuş, sonralar
ansamblın yaradıcısı mərhum Məcnun Kərimov tərəfindən
bərpa olunmuş musiqi alətlərində ifa edirlər.
Böyük ustalıqla ilk dəfə olaraq bərpa
edilmiş çəng, bərbət, rud, çəqanə,
səntur, setar, Şirvan tənburu, rübab və qopuz kimi
musiqi alətləri ansamblda cəmlənib. Kollektiv musiqi mədəniyyətimizi ölkəmizdə
və beynəlxalq səviyyədə layiqincə təmsil və
təbliğ edir.
- Muzeyinizdə qorunan eksponatlar
araşdırılırmı?
- Muzeyin kolleksiyalarını tədqiq
etmək məqsədilə müxtəlif istiqamətlərdə
araşdırma aparılır. Bunun nəticəsi
olaraq Azərbaycan, rus və ingilis dillərində tədqiqat əsərləri
ərsəyə gəlib. “Azərbaycan musiqi mədəniyyəti
simalarda”, “Azərbaycan musiqi alətləri”, “Qadınlar Azərbaycanın
musiqi həyatında”, “Üzeyir Hacıbəyli. “Ləzgi rəqsi”
(1932), “Xalq çalğı alətləri orkestri
üçün partitura”, “Niyazinin piano üçün pyesləri”,
“Azərbaycan bəstəkarlarının piano
üçün əsərləri”, Heydər Əliyev
Fondunun dəstəyi ilə nəşr edilən “Qara Qarayev. Həyat
və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin materiallarında”, “Nizami Gəncəvinin
poemaları sənət əlaqələri kontekstində”,
UNESCO-nun dəstəyi ilə “Keçmişin unudulmuş səsləri”
diski, “Jazz-Mugham Bridges” - “American Voices” diski, “Azərbaycan Musiqi
Mədəniyyəti Dövlət Muzeyinin
tapıntıları” kompakt diski və s. musiqi mədəniyyətinin
öyrənilməsinə dəyərli töhfələrdir.
Muzeyimiz eyni zamanda Heydər
Əliyev Fondunun layihələrində yaxından iştirak
edir. Bu sırada “Azərbaycan
muğamları” layihəsi çərçivəsində
“Qarabağ xanəndələri” musiqi albomu, “Vaqif Mustafazadə.
Tarix, həyat, yaradıcılıq” kitabı,
Azərbaycan musiqi alətləri açıqca dəstləri
kimi nəşrləri qeyd edə bilərəm. Muzeydə dissertasiya işlərinin də müzakirəsi
aparılır.
- Beynəlxalq festival və
seminarlarda iştirak edirsinizmi?
- Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi ilə Azərbaycan musiqi mədəniyyətini
təbliğ etmək məqsədilə 2012-ci ildən
mütəmadi olaraq “İntermuzey” beynəlxalq festivalında
iştirak edir, diplomlara layiq görülürük. Bundan əlavə, dünyanın müxtəlif
ölkələrində keçirilən seminar və
konfranslarda ölkəmizin musiqi mədəniyyətinin təbliği
baxımından səylərimizi əsirgəmirik.
- Klassik musiqi həvəskarları
klubunuz necə fəaliyyət göstərir?
- 2008-ci ildə muzeyimizdə Klassik
musiqi həvəskarları klubu yaradılıb. Burada respublikamızın, eləcə də
dünyanın musiqi həyatında qeyd olunan əlamətdar
hadisələri əks etdirən tədbirlər, bəstəkarlar,
musiqişünaslar, xanəndə, müğənni və rəqqaslarla
görüşlər təşkil olunur, xatirə gecələri,
ədəbi-bədii axşamlar keçirilir. Belə tədbirlərdə
tamaşaçılar ekspozisiyada nümayiş olunmayan və
muzeyin zəngin arxiv materiallarından istifadə olunaraq
hazırlanan slayd-şou və səyyar sərgilərlə tanış olmaq imkanı əldə edirlər.
Bu günə kimi klubda 100-dən artıq belə
tədbir reallaşıb.
- Muzeyinizin yeni layihələri və
beynəlxalq əlaqələri barədə nə deyərdiniz?
- 2008-ci ildən nazirliyin dəstəyi
ilə Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyində Kompleks
Avtomatlaşdırılmış Muzey İnformasiya Sisteminin
(KAMİS) proqramı çərçivəsində
fondların kompüterləşdirilməsi işi
aparılır. İndiyədək məlumat
bazasına 34 min 689 eksponat daxil edilib. 1994-cü
ildən Beynəlxalq Muzeylər Şurasının (İCOM)
üzvüyük. 2010-cu ildən isə Musiqi Muzeyləri
və Kolleksiyaları Assosiasiyası Beynəlxalq Komitəsinin
həmtəsisçisi və üzvü, Musiqi Alətləri
Muzeyləri və Kolleksiyaları Beynəlxalq Komitəsi
(SIMCIM) idarə heyətinin, Ədəbiyyatçıların
və Bəstəkarların Muzeyləri Beynəlxalq Komitəsinin
(ICLM) üzvüyük. Bu sıraya Söz və
Musiqi Öyrənilməsi Assosiasiyasını (WMA) da əlavə
etmək istərdim. Muzey “Google” şirkəti ilə birgə
layihədə iştirak edərək “Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyi”, “Azərbaycan xalq musiqisi”, “Azərbaycan bəstəkarlıq
məktəbi” sərgiləri hazırlamış, “Qara
Qarayev” sərgisinin üzərində iş aparılır.
- Yubiley ərəfəsində
ziyarətçiləri hansı yeniliklər gözləyir?
- Biz musiqi mədəniyyətimizə
dair sənədləri, faktları mütəmadi olaraq
araşdırırıq. Xaricdə Azərbaycan
musiqisinə dair saxlanılan sənədlərin surətini Azərbaycana
gətirmək üçün çalışırıq.
Bir neçə il əvvəl biz
Sankt-Peterburqda yerləşən Rusiya Elmlər Akademiyası
Rus Ədəbiyyatı İnstitutunda fonoqram arxivdən sənədlər
əldə etmişik. Burada 1920-1930-cu illərdə
yazılmış xalq mahnıları, musiqilər
saxlanılır. Məxəzdə eyni
zamanda Zəngəzur mahalı və Ermənistanla sərhəd
rayonların əhalisinin folkloru toplanıb. Bu arxivdəki sənədlərin surətini
nazirliyin dəstəyi ilə ölkəmizə gətirə
bildik.
Yubileydə böyük bəstəkarımız Qara Qarayevin Moskva və Sankt-Peterburq arxivlərindən aşkara çıxardığım, teatr tamaşalarına yazdığı əsərlərdən bəzi fraqmentləri təqdim edəcəyik. Onu da qeyd edim ki, bu ilin yazında nazirlik tərəfindən Rusiya Ədəbiyyat və İncəsənət Arxivinə ezam olundum. Orada Qara Qarayevin arxivini araşdırdım. Arxiv böyük olduğu üçün bu işin davam etdirilməsi qərara alındı. Arxivdə Qara Qarayevin 1944-cü ildə Ömər Xəyyamın rus dilinə tərcümə olunmuş rübailərinə yazdığı 6 romansı aşkar edib onların surətini Azərbaycana gətirdim. Bu əsərlər haqqında kitablarda qeyd olunsa da, həmin əsərlər heç vaxt səsləndirilməyib. Yubiley günü Əməkdar artist İnarə Babayeva həmin əsərləri Azərbaycan tamaşaçısına çatdıracaq. İlk müşayiət isə Əməkdar incəsənət xadimi, professor Leyla Məmmədəliyeva tərəfindən olacaq.
Yubiley günümüzdə həm də yeni zallarımız istifadəyə veriləcək. Qarşıda yeni layihələrimizi həyata keçirmək niyyətindəyik. Bütün bu işlərin reallaşmasında daim bizə dəstək verən Mədəniyyət və Turizm Nazirliyinə dərin təşəkkürümüzü bildiririk.
Lalə Azəri
Mədəniyyət.- 2017.- 20 sentyabr.-
S.11.