“İndi bir daha dərk edirik ki, biz
vahid xalqıq, bir
ağacın qollarıyıq”
“Molla Pənah Vaqifin
şeirləri qazax dilinə tərcümə
edilməlidir və mən bilavasitə bu
işlə məşğul olacağam”
Kulbek Ergöbek Sarsenulı Qazaxıstanın tanınmış türkoloq və filoloqudur. Hazırda Türküstan şəhərində yaşayır və Əhməd Yasəvi Universitetində rektorun müşaviri işləyir. Bu yaxınlarda Türküstana səfərimiz zamanı onunla, öz imkanları hesabına qurduğu və türk dünyasını əhatə edən kitabxana və muzeylə tanış olduq. Söhbətimiz də elə türk dünyası mövzusunda oldu.
- Kulbek bəy, əvvəlcə özünüz haqqında məlumat verərdiniz...
- Mən uzun illər elmi fəaliyyətlə yanaşı, həm də mətbuatda çalışmışam. Yüzlərlə məqaləm, 60-a yaxın kitabım çap olunub. Kitablarım bir çox xalqların dillərinə tərcümə edilib. 30 ilə yaxın Almatı şəhərində yaşamışam. 2002-ci ildə Türküstan şəhərinə köçdüm. Buna səbəb bu şəhərdə türk dünyasının ortaq dəyəri, böyük sufi şairi Əhməd Yasəvinin adını daşıyan universitetin olması idi. Baxmayaraq ki, Yasəvi orta əsrlərdə Türküstan şəhərində yaşayıb, burada fəaliyyət göstərib, düşünürəm ki, o da bu il 300 illiyini qeyd etdiyimiz Molla Pənah Vaqif kimi ümumtürk şairidir. Yasəvinin adı bütün türk dünyasına bəllidir və müxtəlif türk respublikalarında onun adını daşıyan məktəblər fəaliyyət göstərir. 30 il Almatıda yaşadıqdan sonra Türküstana köçüb burada yaşamaq bir tərəfdən darıxdırıcı olsa da, digər tərəfdən deyərdim ki, heç nə itirməmişəm. Ona görə ki, Türküstan təkcə Qazaxıstanın şəhəri deyil, bu qəlbi türk ruhu ilə döyünən ümumtürk şəhəridir. Sovet zamanında Türküstan gözdənuzaq bir əyalət şəhəri idi. Amma bu şəhər üç yüz il Qazax xanlığının mərkəzi olub. Qazaxıstan öz müstəqilliyini elan edəndən sonra bu şəhərin həyatı dəyişdi. Prezident Nursultan Nazarbayev deyir ki, Türküstan təkcə qazax şəhəri kimi deyil, həm də bütün türk xalqlarının mənəvi paytaxtı kimi inkişaf etdirilməlidir. Bu il Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY tərəfindən Türküstanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi də bu baxımdan əlamətdar hadisədir.
- Bu günlərdə Türküstan TÜRKSOY-un “Şairlər görüşü” layihəsinə də ev sahibliyi etdi və bu görüş böyük Azərbaycan şairi Molla Pənah Vaqifə həsr olunmuşdu. Siz həm də tədbirin moderatoru idiniz. Bu görüş sizdə necə bir təəssürat yaratdı?
- Məncə, bu şəhərdəki xoş hadisələrdən biri məhz Molla Pənah Vaqifin 300 illiyinə həsr edilən “Şairlər görüşü” layihəsi oldu. Deyərdim ki, biz onu bəzən tanımışıq, bəzən də tanımamışıq. Ona görə ki, sovet dövründə az təbliğ olunub. Halbuki, Vaqif müdrik bir insan olub. Şair olmaqla yanaşı uzun illər Qarabağ xanının vəziri kimi də çalışıb, ağıllı qərarlar qəbul edib, xalq tərəfindən sevilib. Sadə dildə yazıb. Bilirsiniz, belə şəxsiyyətlər bizdə də yaşayıb-fəaliyyət göstərib və bilərəkdən az təbliğ olunublar. Demək olar ki, onları unutdurmağa çalışıblar. Onun həyatı, yaradıcılığı ilə tanış olduqda görürsən ki, Vaqif çox böyük şəxsiyyət olub. Bu layihədən sonra bir daha bu faktı anladıq. Düşünürəm ki, bundan sonra Vaqifin şeirləri qazax dilinə tərcümə edilməlidir və mən bilavasitə bu işlə məşğul olacağam. Yəni bu tədbir bizim üçün çox faydalı oldu.
- Ümumiyyətlə, Azərbaycan ədəbiyyatı ilə nə dərəcədə tanışsınız?
- Deyim ki, mən Azərbaycan ədəbiyyatını pis bilmirəm. Çünki biz keçmiş sovet respublikaları zamanında ünsiyyətdə olmuşuq. Ədəbi tənqidçi Vilayət Quliyevlə dəfələrlə görüşmüşük. Zamanında “Azərbaycan” jurnalına abunə olmuşdum. Çünki bu, SSRİ dövründə asan idi, biz, necə deyərlər, eyni damın altında yaşayırdıq. Səməd Vurğun, Rəsul Rza, Süleyman Rəhimov, Mirzə İbrahimov, Anarın yaradıcılığı ilə tanışam. Sovet dönəmində tərcümələr çox olduğundan bir-birimizin ədəbiyyatı ilə də yaxından tanış idik. Təəssüf ki, sovetlər dağıldıqdan sonra biz yaxınlaşmaq əvəzinə uzaqlaşdıq. Ədəbi əlaqələrimiz kəsildi. Mən türk dilini bilmirəm, Azərbaycan ədəbiyyatını da rus dilində oxumuşam. Amma ədəbi tənqidçi davamlı ədəbiyyat oxumalıdır. Bunu da mənə öz müəllimim öyrədib.
- Bildiyimizə görə, siz həm də böyük qazax alimi, əski türk ədəbiyyat araşdırmaçısı, professor Beysenbay Kencebayevin tələbəsi olmusuz. Bu faktor həyatınıza necə təsir göstərib?
- Onun mənim həyatımda çox
böyük və həlledici rolu olub. Böyük
alimimiz hələ sovet
zamanında belə bir məsələ
qaldırdı ki, qazax
ədəbiyyatının tarixi Orxon-Yenisey yazılarından, vətən tariximiz isə türk
xaqanlıqları, türk dövlətlərinin
qurulmasından başlamalıdır. Təsəvvür edin, buna görə az qalmışdı ki, onu güllələsinlər. Bəli, o sovet zamanında belə qlobal məsələlər
qaldırmışdı. Elə buna
görə də, həbs edildi və
haqqında ölüm cəzası verildi. Yalnız 1953-cü ildə Stalinin ölümü onu son anda xilas edə
bildi. Mən özümü təkcə
onun tələbəsi
saymıram, o həm də mənim mənəvi atam olub. 1980-ci ildən
1987-ci illərə qədər,
yəni tələbəlik
illərimdə onun evində yaşamışam.
Elə birinci kursdan müəllimimin təlim-tərbiyəsi,
nəzarəti altında
yetişmişəm. Bu
xoşbəxtlik hər
adama nəsib olmur.
- Kulbek bey, Türküstanda diqqətimi çəkən
həm də sizin öz imkanlarınız
hesabına qurduğunuz
və türk dünyasını əhatə
edən zəngin kitabxana, muzey və qalereya oldu. Bu ideya haradan yarandı sizdə?
- Bu üç
məkanın türk
dünyasında analoqu
yoxdur. İnsanlar çox maraqlanır
və ziyarət edirlər. Mən bununla göstərmək
istəyirəm ki, biz
eyni kökdən gələn vahid türk xalqıyıq.
Vaxtilə, 1920-ci ildə Orenburq
bizim paytaxtımız
olub. O zaman başqırd, tatar və çuvaşlar Türküstanla birləşmək
istəyib. Bunu görən Rusiya
Orenburqu ayırıb və bir rus
vilayəti yaradıb.
Bununla da aramızda sanki bir sədd
qurub. Bundan sonra tariximizi
itirdik, bir-birimizdən
uzaq düşdük.
Belə bir ümumtürk kitabxanasının qurulması
mənim müəllimim,
dəyərli elm adamı
Beysenbay Kencebayevin arzusu idi və
mən onu həyata keçirdim.
Bütün həyatımı bu kitabları toplamağa həsr etdim və Türküstana
gəldikdən sonra məqsədimi reallaşdırdım.
İndi kitabxanada özbək, qazax, qırğız, Azərbaycan və digər türk xalqları ədəbiyyatından
nümunələr görə
bilərsiniz. Digərlərindən
fərqli olaraq Azərbaycan bizə bir qədər uzaq olduğu üçün kitablar da müqayisədə bir az azdı. Amma düşünürəm ki, yaxın gələcəkdə bu
problem də öz həllini tapacaq. Kitabxanada 40
min kitab var. Əlbəttə,
bu kiçik rəqəm deyil, amma mənə görə çox da deyil. Düşünürəm ki, bu hələ başlanğıcdır.
Gələcəkdə kitabxana daha
da böyüyəcək.
Eyni zamanda, məncə, belə bir kitabxana,
muzey və qalereya bütün türk respublikalarında olmalıdır. Kitab mənəvi
bir karvandır və bizi birləşdirir.
- Türküstanın
“Türk dünyasının
mədəniyyət paytaxtı”
olması şəhərdə
hansı dəyişikliyə
səbəb oldu? Bu şəhərə necə təsir göstərdi?
- TÜRKSOY bu layihə ilə gözəl bir missiya həyata keçirir. “Paytaxt ili” Türküstanın daha da tanınmasına, dirçəlməsinə vəsilə oldu. Bu il bütün türk dünyasının diqqəti Türküstana yönəldi. Bu tədbirlərdən sonra bir daha dərk edirik ki, biz vahid xalqıq, bir ağacın qollarıyıq. Yaxınlaşdıqca bir-birimizi daha yaxşı tanıyırıq.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2017.- 20 sentyabr.-
S.12.