Məclislər yaraşığı, ustad sənətkar
XIX əsrin ikinci yarısında milli musiqi sənətimizi inkişaf etdirən və ona töhfələr bəxş edən sənətkarlar çox olub. Mahir ifaçılıq qabiliyyəti ilə xanəndələr arasında tanınan həmin sənətkarlardan biri Məşədi İsidir. O, bənzərsiz ifası ilə xalq arasında şöhrət tapıb.
Məşədi İsinin tərcümeyi-halı ilə bağlı mənbələrdə səhih məlumat çox azdır. Bircə o məlumdur ki, ilk musiqi təhsilini Şuşa şəhərində xanəndə Xarrat Qulunun məktəbində alıb. Sonra məşhur xanəndə Hacı Hüsünün “Xanəndələr məclisi”ndə iştirak edir. Fitri istedadı və məlahətli səsi ilə tanınır. Az vaxt ərzində “Xanəndələr məclisi”ndə müəllim kimi çıxış edir. Bununla belə o, arxayınlaşmır, əksinə, öz üzərində çox çalışır. Milli muğam sənətinin dərin qatlarına baş vurur, muğamların incəliklərini və məna çalarlarını dərindən mənimsəyir. Öz bilik və sənətkarlıq bacarığını “Xanəndələr məclisi”nin gənc üzvlərinə də böyük həvəslə öyrədir. Çox keçmir Şuşada ustad xanəndə kimi tanınır. “Rast”, “Şur”, “Humayun”, xüsusilə “Mahur” dəstgahını özünəməxsus şəkildə ifa edir...
Cabbar Qaryağdıoğlu Məşədi İsinin xanəndəlik qabiliyyətinə yüksək qiymət verərək yazıb: “...Şuşa şəhərində, bütün Qafqazda məşhur olan Xarrat Qulunun şagirdlərindən xanəndə Məşədi İsi “Mahur” dəstgahını çox təntənə ilə oxuyardı. Özü də təsnifxanalıqda və qaval çalmaqda birinci sayılırdı”.
Araşdırmalardan məlum olur ki, Məşədi İsi oxuduğu muğam və mahnıların sözlərini aydın, səlis diksiya ilə dinləyiciyə çatdırıb. O, Azərbaycan şairlərinin qəzəl və qoşmaları ilə yanaşı, Hafizin, Sədinin əsərlərini də ilhamla oxuyub və dinləyicilərini valeh edib.
Cəlil bəy Bağdadbəyov xatirələr kitabında qeyd edir ki, Azərbaycan şairlərinin şeirlərini ilk dəfə məclislərdə oxuyan Məşədi İsi olub. O, təkcə Qarabağda deyil, Azərbaycanın bir çox şəhərlərində - Gəncədə, Ağdaşda, Şamaxı və Bakıda dəfələrlə toy məclislərində oxuyub. İran hökmdarı Nəsrəddin şah tərəfindən bir neçə dəfə Tehran şəhərinə dəvət olunur. Şah sarayında İran müğənniləri ilə müsabiqədə qələbə qazanır. Şah tərəfindən “Şiri-Xurşid” ordeni ilə təltif olunur.
XIX əsrin 90-cı illərində Məşədi İsi tarzən Mirzə Sadıqcan ilə birlikdə Orta Asiyada - Aşqabad, Səmərqənd, Daşkənd və digər şəhərlərdə olur, xalq şənliklərində yaxından iştirak edir.
O, böyük muğam ustası olmaqla bərabər, bir təsnifxan kimi də klassik Azərbaycan xanəndələri arasında xüsusi yer tutub. Məlumdur ki, musiqi aləmində təsniflərin müəllifi xanəndələr olub. Məşədi İsinin muğam sənətində “Rast”, “Mahur” təsnifləri çox məşhurdur. Görkəmli sənətkar təsniflərin ifa olunmasında el ədəbiyyatından nümunələr, Vaqifin, Zakirin müxəmməs və qoşmalarından ustalıqla istifadə edib. Məsələn, Qasım bəy Zakirin “Dilbər” rədifli gəraylısından istifadə edərək “Rast” təsnifini bəstələyib:
Bir bağda bülbül olmasa,
Gülün nə miqdarı, dilbər.
Dal gərdənə tökülməsə,
Telin nə miqdarı, dilbər.
Görkəmli ədəbiyyatşünas Salman Mümtaz yazıb: “Bu gəraylını qarabağlı məşhur xanəndə Məşədi İsinin Aşqabadda təsnif məqamında oxuduğunu şəxsən eşitmişəm”. Deyilənə görə, Məşədi İsinin Hacı Hüsü, Bülbülcan kimi zil səsi olmayıb. Lakin o, muğamatın texnikasına dərindən bələd olub. Sözlərin aydın tələffüzü və məlahətli səsi ilə dinləyicilərini heyran edib.
Onun sənəti və ifası ilə bağlı xalq arasında maraqlı rəvayətlər yaranıb. Şuşalı Çıraq Məhəmmədoğlu xatirələrində yazır: “Məşədi İsinin səsi çox zil deyildi. Amma muğamları çox ustalıqla oxuyardı. Onun kimi “Osmanlı” oxuyan az-az olardı. Bir gün Şuşanın “Çöl qala məhəlləsi”ndə Səlim bəyin qardaşı oğlu Rüstəm bəyin toyu idi. O vaxt mənim 17-18 yaşım olardı. Dayım dəllək Kərbəlayı Hüseyn də toya dəvət almışdı. O məni də özü ilə toya apardı. Səlim bəyin böyük salonu altı arşın Qarabağ xalıları ilə döşənmişdi. Qaz lampasının işığı adamın gözünü qamaşdırırdı. Toya iki xanəndə dəstəsi dəvət olunmuşdu. Xanəndə Məşədi İsi, tarçalan Qulu (Xəstə Qasımın qardaşı) ilə salonun görkəmli yerində əyləşmişdi. Salonun başında isə Hacı Hüsü ilə Sadıqcan oturmuşdu. Ayaq tərəfdən Gülablı aşıqları (Abbasqulu, Nəcəfqulu, Həşim, Heydər) əyləşmişdi. Toyun aparıcısı şair Növrəs açılış etdi. Hacı Hüsü bir dəstgah başlasın. Bir saat “Şüştər” oxudu. Sonra toyun aparıcısı dedi ki, Məşədi İsi dəstgahı davam etdirsin. Tarzən Qulu Məşədi İsiyə dedi:
- Hacı Hüsüdən sonra nə dəstgah oxuyacaqsan?
Məşədi İsi:
- Mən dəstgah başlamayacağam. Hacı Hüsü camaatı yatırdıb, mən isə oyadacağam.
Məşədi İsi qavalı əlinə alıb oxumağa başladı:
Sübhi tezdən oyandım,
Dərdi-qəmə boyandım.
Daş olsaydım, əriyərdim,
Torpaq idim, dayandım.
Xanəndənin bu sözləri hamının diqqətini çəkdi. O, böyük həvəslə oxumağını davam etdirdi. Oxuyub qurtaranda salonu sürəkli alqış bürüdü. Məclisi şən keçirdiyinə görə, o gecə Məşədi İsiyə bir paltarlıq və 500 manat qızıl pul hədiyyə verildi”.
Xalqın yaddaşında görkəmli xanəndə kimi əbədiləşən Məşədi İsi 1905-ci ildə Ağdamda vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət.- 2017.- 20 sentyabr.-
S.15.