Müsəlman Şərqinin ilk operası ilk dəfə
Rusiya səhnəsində
“Bu, ölkəmizin mədəniyyətinin, incəsənətinin
təbliği üçün yeni imkanlar açır”
Xəbər verdiyimiz kimi, Azərbaycan peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası oktyabrın 16-da ilk dəfə Rusiya paytaxtında nümayiş etdiriləcək.
Müsəlman Şərqinin ilk operası Moskvanın ən böyük konsert salonlarından olan "Crocus city hall"da nümayiş olunacaq. Tamaşada Məcnun obrazında Xalq artisti Mənsum İbrahimov, Leyli rolunda beynəlxalq müsabiqələrin laureatı, xanəndə Arzu Əliyeva çıxış edəcək.
Sentyabrın 21-də Azərbaycan Milli Konservatoriyasında "Leyli və Məcnun"un Rusiyada ilk nümayişi ilə bağlı mətbuat konfransı keçirilib. Milli Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi bildirib ki, gələn il 110 illiyi qeyd olunacaq "Leyli və Məcnun" operası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Rusiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və İncəsənət Studiyası və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə nümayiş olunacaq.
Operanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Rafiz İsmayılov, baletmeysteri Yuliana Əlikişizadədir. Simfonik orkestrə Xalq artisti Yalçın Adıgözəlov dirijorluq edəcək.
Rektor qeyd edib ki, "Leyli və Məcnun"la Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir dövr açılıb, eyni zamanda müsəlman Şərqində opera janrının əsası qoyulub. Opera Məhəmməd Füzulinin eyniadlı poemasının motivləri əsasında yazılıb.
Vurğulanıb ki, "Leyli və Məcnun" operasının Rusiyada nümayişi Azərbaycan mədəniyyətində olduqca mühüm hadisədir: “Bu bizə ölkəmizin mədəniyyətinin, incəsənətinin təbliği üçün yeni imkanlar açır. Bu işdə əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”.
Opera haqqında geniş məlumat verildikdən sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Mədəniyyət.- 2017.- 22
sentyabr.- S.3.