Xəzər Universitetində məşhur pianoçunun
ustad konserti
Sentyabrın 21-də Xəzər Universitetinin “Dünya” konsert salonunda Üzeyir Hacıbəyli
IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində
məşhur pianoçu,
UNESCO-nun “Sülh artisti”
Eliso Bolkvadzenin konserti və ustad dərsi oldu.
Universitetin yaradıcısı, professor
Hamlet İsaxanlı çıxış
edərək qonaqları
və tədbir iştirakçılarını salamladı. O, dahi bəstəkarın yaradıcılığından
söz açaraq bildirdi ki, Şərqdə
ilk opera və operettanın
yaranması Üzeyir Hacıbəylinin adı ilə bağlıdır.
Onun bənzərsiz yaradıcılığının
zirvəsi isə “Koroğlu” operasıdır.
Bəstəkar bu əsərində
klassik opera qaydaları
əsasında bitkin ariyalar, kütləvi xor səhnələri və s. yaradıb. Marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor üçün
əsərlər yazan
Üzeyir bəyin “Sevgili canan”, “Sənsiz” romansları Azərbaycan musiqi xəzinəsinin ən dəyərli incilərindən
hesab olunur.
Sonra Xəzər Universitetinin kamera orkestrinin (bədii rəhbər Zülfiyyə Sadıqova, dirijor Cavad Tağızadə) müşayiəti ilə Eliso Bolkvadze pianoda Üzeyir Hacıbəylinin “Arazbarı”, Fikrət Əmirovun “Nizami” simfoniyası, “1001” gecə baletindən Şəhrizadın bayramı, Sərdar Fərəcovun “Sübh duası”, Y.Haydnın “London simfoniyası”ndan parça, Sevda Rəhimovanın “Həzin dalğalar”, D.Şostakoviçin “Vals N2”, L.V.Bethovenin fortepiano və simfonik orkestr üçün konsertini səsləndirdi.
Yüksək ifa məharəti ilə yadda qalan konsert alqışlarla qarşılandı.
S.Fərəcov
Mədəniyyət.- 2017.- 22
sentyabr.- S.3.