Beynəlxalq festival çərçivəsində
daha bir konsert
Bəstəkarlarımızın
xor, kamera-vokal və kamera-instrumental əsərləri səslənib
Sentyabrın 21-də Bəstəkarlar İttifaqında Üzeyir
Hacıbəyli IX Beynəlxalq
Musiqi Festivalı çərçivəsində klassik Azərbaycan bəstəkarlarının xor,
kamera-vokal və kamera-instrumental əsərlərindən
ibarət konsert keçirildi.
Üzeyir Hacıbəyli adına
konsert salonunda gerçəkləşən tədbirdən
əvvəl çıxış
edən Bəstəkarlar
İttifaqının sədri,
Xalq artisti, professor Firəngiz Əlizadə beynəlxalq festivalın əhəmiyyətindən danışdı.
Bildirdi ki, Bəstəkarlar İttifaqı mütəmadi
olaraq Ü.Hacıbəylinin
xatirəsinə həsr
olunan müxtəlif tədbirlər keçirir,
musiqişünasların iştirakı
ilə məruzələr
dinlənilir.
Vurğulandı ki, Üzeyir
Hacıbəyli mədəniyyət
tariximizdə dahi bəstəkar, peşəkar
musiqi sənətimizin
və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi
xüsusi yer tutur. O, 300-dən çox
xalq mahnısını
toplayıb nota salıb,
marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor üçün əsərlər yazıb.
Azərbaycan bəstəkarlıq məktəbi Üzeyir Hacıbəylinin adı ilə bağlıdır.
Dahi bəstəkar öz yaradıcılığı ilə
milli bəstəkarlığın
yolunu, istiqamətini təyin edib, özündən sonra ardıcıllar yetişdirərək
onlara örnək olub.
Sonra konsert proqramı təqdim edildi. Azərbaycan Dövlət Televiziyası və Radiosunun Cahangir Cahangirov adına xorunun ifasında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbi-hicran” xoru, C.Cahangirovun “Xəzər”, Ü.Hacıbəylinin “Ey Vətən” əsərləri səsləndi. Həmçinin Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyli, vokal ifaçısı Tural Ağasıyev, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri, paytaxtın digər musiqi məktəblərinin kollektivlərinin ifasında Şəfiqə Axundova, Fikrət Əmirov, Süleyman Ələsgərov, Müslüm Maqomayev və digər görkəmli bəstəkarların əsərləri təqdim edildi. Konsert proqramı alqışlarla qarşılandı.
Lalə Azəri
Mədəniyyət.- 2017.- 22
sentyabr.- S.5.