Orkestr Novosibirskdən, dirijor bizdən, musiqi dünyadan...
Üzeyir Hacıbəyli IX Beynəlxalq
Musiqi Festivalı
Sentyabrın 19-da, Üzeyir Hacıbəyli
IX Beynəlxalq Musiqi Festivalının ikinci günü də rəngarəng konsert proqramları ilə diqqəti çəkdi.
Həmin konsertlərdən
biri M.Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasında
baş tutdu. Konsertdə
Novosibirsk Filarmonik Kamera
Orkestri (Rusiya) çıxış etdi.
Uzaq Sibirdən gəlmiş
orkestr artıq Azərbaycandan uzaqlarda da yaxşı tanınan cavan dirijorumuz, Əməkdar
artist Əyyub Quliyevin
idarəsi ilə maraqlı bir proqram təqdim etdi. Azərbaycan, rus və dünya
bəstəkarlarının əsərlərindən ibarət
proqramda həm klassik, ilk çağ Avropa kamera musiqisi
nümunələrinə, həm
də XX əsrin ikinci yarısında intişar tapan
avanqard musiqinin ən maraqlı nümunələrinə yer
verilmişdi.
V.A.Motsartın «Adajio və
fuqa» K546 s-moll əsəri
də, P.Çaykovskinin
«Simli orkestr üçün sereneda»sı
da, Ü.Hacıbəylinin
«Arazbarı»sı da orkestrin ifasında mükəmməl səslənirdi.
Dirijor orkestr ilə bu əsərləri cəmi iki dəfə
məşq etdiyini etiraf etməsəydi, yəqin salondakı peşəkar musiqiçilər
də birgə məşqin yetərli olduğunu düşünərdilər.
Bu konsert
daha iki əsərin ifası ilə əlamətdar oldu. Rodion Şedrinin «Concerto lontano» fortepiano və orkestr üçün 6 saylı konserti, görkəmli gürcü
bəstəkarı Giya
Kançelinin «Daneliada»
əsərləri paytaxtımızda
ilk dəfə səsləndi.
Azərbaycan klassik musiqisi isə konsertdə Üzeyir bəyin «Arazbarı»sından
savayı, dahi Qara Qarayevin «Yeddi gözəl» baletindən fraqmentlər və görkəmli bəstəkar, Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının
sədri Firəngiz Əlizadənin «Metamorfozlar»
əsəri ilə də təmsil olundu.
* * *
Fasilə zamanı orkestrlə birlikdə Bakıya gəlmiş Novosibirsk vilayəti
mədəniyyət nazirinin
müavini Yevgeni Sazonov və Novosibirsk Dövlət Filarmoniyası
baş direktorunun beynəlxalq əlaqələr
üzrə müavini,
kamera orkestrinin meneceri Alyona Bolkvadze ilə ayaqüstü söhbət
etdik.
Yevgeni Sazonov Azərbaycanla
Novosibirsk vilayəti arasında
mədəni əlaqələrin
qurulmasından, festivalın
əhəmiyyətindən söz açdı:
- 18 sentyabr azərbaycanlılar kimi bizim üçün də əziz gündür. Təsəvvür edin, Novosibirskdə
filarmoniyanı yaradan görkəmli dirijor və pedaqoq Arnold Mixayloviç Kats da Üzeyir Hacıbəyli ilə bir gündə
doğulub. Bütün Sibirin
dərin hörmət
bəslədiyi bu gözəl insan isə sizin yerlinizdir, o, Bakıda doğulub. Təəssüf ki, bu böyük insan indi aramızda yoxdur. Filarmoniyanın konsert salonu
onun adını daşıyır. Necə deyərlər,
Novosibirsk ilə Bakının
mədəni-musiqi əlaqələrinin
tarixi qədimdir.
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyində gələcək
əməkdaşlıq ilə
bağlı işgüzar
söhbətlərimiz oldu.
Bizim musiqi kollektivlərimizin, ifaçıların Azərbaycanda
keçirilən digər
beynəlxalq musiqi festivallarında da iştirak etməsini, mədəni əməkdaşlığın
genişlənməsini istəyirik.
Novosibirskdə keçirilən teatr festivallarında Azərbaycan teatrlarını
görmək, eləcə
də Bakıya teatr tamaşası ilə qastrola gəlmək çox yaxşı olardı.
Sizin Musiqili Teatrda da oldum. Binanın gözəlliyinə, yaradılmış
şəraitə heyran
qaldım. Hələ
aktyorlar, orkestr festival
tamaşası üçün
necə həvəslə
məşq edirdilər!
Azərbaycan dövlətinin musiqinin,
teatrın inkişafına
dəstəyi təqdirəlayiqdir.
Biz də öz
tərəfimizdən istərdik
ki, mədəni əlaqələrimiz inkişaf
etsin, qarşılıqlı
qastrol səfərləri
təşkil olunsun.
Novosibirsk filarmoniyasının
direktor müavini Alyona Bolkvadze:
- Bizim kamera orkestrimiz Bakıda ilk dəfə çıxış etsə
də, dirijor Əyyub Quliyevlə əməkdaşlığımız çoxdan başlanıb.
Əyyub
da, onun atası, görkəmli tarzən Ramiz Quliyev də dəfələrlə bizim
orkestrlə birlikdə
çıxış ediblər.
Şəxsən mən Anna Netrebkonun
və onun həyat yoldaşı Yusif Eyvazovun pərəstişkarıyam. Bu cütlüyün Novosibirskdə konsertini təşkil etmək mənim ən böyük arzularımdan
biridir. Üstəlik, həmin konsertə
dirijorluq üçün
Əyyub dəvətimizi
qəbul edərsə,
çox sevinərik.
Bizim filarmoniyanın sizin Beynəlxalq Muğam Mərkəzi ilə yaradıcılıq əlaqələri
var. Ötən il filarmoniyanın bayan dueti burada
konsert vermişdi. Azərbaycandan bir çox
ifaçılar ilə
dostluq edir, yaradıcılıq əlaqəsi
saxlayırıq. Polad Bülbüloğlunu
da bizdə sevənlər çoxdur.
Onun oğlu Murtuza isə Novosibirsk Akademik Simfonik Orkestrini idarə etmiş ən gənc dirijordur.
* * *
Konsertin ikinci hissəsində əsasən hazırlıqlı dinləyici üçün nəzərdə tutulan proqram səsləndi. Rodion Şedrinin fortepiano ilə orkestr üçün 6 saylı konsertində solo ifaçı Moskva konservatoriyasının məzunu, hazırda Rusiyanın Perm şəhərində P.Çaykovski adına Opera və Balet Teatrının simfonik orkestrində çalışan gənc soydaşımız Riad Məmmədov idi. Tanınmış eston bəstəkarı Arvo Pyartın skripka ilə orkestr üçün «Fratres» poemasında əslən Novosibirskdən olan tanınmış musiqiçi Yuliya Rubina solo ifa etdi.
...Alyona Bolkvadze ilə söhbətimizdə o, bir cümlə işlətdi: «Bizim kamera orkestri harada ilk dəfə çıxış edirsə, onu yenidən həmin şəhərə dəvət edirlər. Ümidvarıq ki, qarşıdakı illərdə Bakıda yenidən görüşəcəyik».
G.Mirməmməd
Mədəniyyət.- 2017.- 22
sentyabr.- S.8.