“Tarixi yaddaşın
canlanması”
Monqolustandakı qədim türk tarixi ilə bağlı ekspedisiyanın yekunları müzakirə edilib
Beynəlxalq Türk Akademiyası tərəfindən təşkil edilən “Kentaydan Ulutauya doğru: tarixi yaddaşın canlanması” beynəlxalq tədqiqat ekspedisiyasının nəticələri ilə bağlı Astanada, Qazaxıstan Milli Kitabxanasında hesabat konfransı keçirilib.
Konfransda Monqolustanda qədim türklərə aid Şiveet Ulaan abidələr kompleksində iki il ərzində aparılan qazıntı işləri nəticəsində əldə edilən tapıntıların təqdimatı keçirilib.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali Monqolustan ilə əldə olunan razılaşmalar nəticəsində uğurlu layihələrin həyata keçirildiyini, Şərqi Monqolustanda qədim türklərə məxsus yeni kurqan və heykəllərin aşkar edildiyini bildirib. Diqqətə çatdırıb ki, ulu türklərin yaşadıqları qədim məkanları axtarıb tapmaq, onların tarixdə qoyduqları izləri dünyaya tanıtmaq, türk və islam mədəniyyətinə aid türbələri, yaşayış yerlərini öyrənib dünya elminə çatdırmaq üçün akademiya 2015-ci ildən tədqiqatlar aparır.
Monqolustan Milli Muzeyinin direktor müavini Bayarsayhan Jamsranjavin isə Kültegin, Bilgə Xaqan və Tonyukuk yazıları kimi qədim türk abidələri də daxil olmaqla, qədim mənbələr əsasında əski toponimlərin xəritəsinin hazırlanması barədə razılılığın əldə edildiyini diqqətə çatdırıb.
Tanınmış türkoloq alim, arxeoloq Napil Bazılxan beynəlxalq ekspedisiyanın üç ildə gördüyü işlər, Şiveet Ulaan məqbərəsindən tapılan eksponatlar barədə məlumat verib. Bildirib ki, İlteriş Kutluk xaqanın iqamətgahı olan Şiveet Ulaanda gələcəkdə açıq muzey fəaliyyət göstərəcək.
Konfransda
çıxış edən tədqiqatçı jurnalist Aida Eyvazlı Beynəlxalq
Türk Akademiyasının ortaq türk tarixinin öyrənilməsi və təbliği
baxımından həyata keçirdiyi
layihələrin əhəmiyyətini yüksək qiymətləndirib,
bu layihələrin türkdilli
ölkələr və xalqlar arasında əlaqələrin
inkişafına mühüm töhfə verdiyini deyib.
Mədəniyyət.- 2017.- 22 sentybar.- S.11.