Əleyk-əssalam, Şəhriyar baba!..
Bu dünyaya xitabəti də,
bu dünya barədə
həmsöhbəti də DAĞ olmuş
zirvəkar baba...
XX əsr şeirimizin bənzərsiz möhtəşəmi, bütöv Azərbaycan və İran ədəbiyyatlarının fəxri, adı hələ sağlığında klassiklər sırasında çəkilmiş, ümumbəşər düşüncəsinin ortaq aynası olan bədii ƏDƏBİYYATı - daha çox bakirə bənzətmə, ifadə və obraz möcüzələrilə zənginləşdirmiş, “Heydərbabaya salam” adlı etnoqrafik-toponomik-folklorik fəlsəfəsilə bu dünyanın indiyəqədərindən bütün gələcəyini salamlamış Məhəmmədhüseyn Şəhriyar...
Orta təhsilini 15 yaşında (1922) başa vuran, Tehran Tibb İnstitutunda oxuyarkən yüksək çinli (İran şahına simsar) bir məmurun qızını sevdiyi üçün sürgün edilib, həm də doğma-yaxın ayrılıqları nisgilinə qərq olan, uzun illər (ta şah rejimi devrilənədək) doğma diyarı Qaraçəmənə, Təbrizinə buraxılmadığından, başda o tay-bu tay paytaxtları olmaqla, qəlbindəki Bütöv Azərbaycan arzu-ilhamı və “Deynə mənim şair oğlum Şəhriyar - Bir ömürdür qəm üstünə qəm qalar” ağrıları ilə yaşayan Şəhriyar...
Anasının “...sənin nə yazdıqlarını başa düşə bilmirəm, mənim anlamadığım dildədi” sözlərindən sonra yaratdığı “Heydərbabaya salam”ında öz uşaqlığı ilə, yaşca və şöhrətcə (hələ “Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi” imzalı) vaxtlarında əhatə olunduğu təbiət, insanlar, daha sonralar xalq və ən nəhayət, bütün dünya ilə söhbət edən Şəhriyar...
Bir vaxt butaylı həmkarlarına “Eşq əhlisiz - məni yaxşı qanarsız, Gözlər yağış yağdırmasa, yanarsız” yazmış və (M.P.Vaqifin yubiley törəninə gəlməsi qəsdən əngəllənməsi səbəbilə) onlardan birinə - Məmməd Araza: “Güllər güllüklərdə dərili qaldı, Xalçalar yollara sərili qaldı, - Şəhriyar gəlmədi” yazdırmış Şəhriyar...
Məhəbbət lirikası və Vətənpərvərnaməlik korifeylərindən olan, klassik şeirin bütün şəkillərində yazdığı şeirlərilə dünyanı dərk fəlsəfəsinin poetik filosofu səviyyəsinə yüksələn Şəhriyar...
Hələ sağlığında əfsanələşib-rəvayətləşən, ölüm tarixçəsi (!.. doğum tarixçəsi dəqiq bilinmir və bunun özü də bir Şəhriyaranəlik...) bütün İranda “Milli Şeir Günü” kimi qeyd edilən Şəhriyar...
Və bütün bunlardan sonra “...Yatmış hamı, bir Allah oyaqdı, daha bir mən, Məndən aşağı kimsə yox, ondan da yuxarı” təvazösündə olmuş, dünyalarca məşhurlaşdırdığı adi bir dağa “Salam olsun şövkətüzə, elüzə, Mənim də bir adım gəlsin dilüzə” kimi qılıq-iltimasda bulunmuş Şəhriyar...
Bu Ad -
dilimizə nəinki gəlir, hətta, ulu Təbrizin Bağmeşə bölgəsində - Qaraçəmən elinin Xoşginab kəndində (sonralar “Mənim atam süfrəli bir kişiydi, El əlindən tutmaq onun işiydi, Gözəllərin axıra qalmişiydi” - deyə öyəcəyin gözəl hüquqşünas Mirağa Xoşginabinin sadə ailəsində) qoyulub, ilk gəncliyində sevdiyin bir qızdan yana sürgün edildiyin günlərdən hər saat, hər gün səslənib-şöhrətlənməyə başlayandan bəri dillərdən, “Heydərbabaya salam”dan sonra isə qəlblərdən düşmür, Şəhriyar baba!..
Səndən ayrı düşsəm də mən,
eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi,
qəlbi viran Azərbaycan...
Vətən eşqi məktəbində
can verməyi öyrənmişik,
Ustadımız deyib heçdir -
vətənsiz can, Azərbaycan!
Şəhriyarın ürəyi də
səninkitək yaralıdır,
Azadlıqdır mənə məlhəm,
sənə dərman Azərbaycan!
Nə vaxtadək qolu bağlı
Qalacaqsan,
Dur ayağa, ya azad ol,
ya
tamam yan, Azərbaycan!..
Bu misralarına
yönəli “qəlblərdə
möhtəşəm bir
ordu yaradan poetik general” bənzətməmlə
kifayətlənib, bu qurdürəkli şairin bir vaxtlar həmkarı
Hökumə Bülluri
ilə söhbətindən
bir parçanı təqdim edirəm:
“Mən
illərdir ki, yalnız çox vacib olduqda evdən
çıxıram. Mənim hər
şeyim bu bir otaqda yerləşib.
Gördüyünüz kimi,
onun bəzəyi ancaq sadəlikdir... Üç uşağımla burda yaşayıram. Qazancım vaxtilə
işlədiyim, Fəxri
ustad adı aldığım yerdəndir.
16 aydır ki, maaşımın bir az artırılması
üçün qərar
çıxarıblar. Qərar var,
ancaq pul yoxdur. Bilmirəm “qənaət falı” niyə elə şairin bəxtinə düşmüşdür?..
İyirmi iki il bundan əvvəl aldığım paltarı
hələ də təzələməmişəm...
Pul mənim üçün
bəlkə də əl çirkidir. Lakin mənə bağlı başqalarıyçün
ki, belə deyil! Bu məsələlər
mənim daxili rahatlığımı pozur.
Kimsədən gileyim yoxdur, ancaq dərvişliyi
uşaqlarıma (söhbət
1953-cü ildə ailə
qurduğu əmisi qızı Əzizə xanımdan doğulan bir oğul, iki qızdan gedir) aşılaya bilmirəm...”
Başqa (daha doğrusu, poetik) sözlə:
“Tehranın qeyrəti yox -
Şəhriyarı
saxlamağa,
Qaçmışam
Təbrizə -
qoy
yaxşı-yaman bəllənsin”...
Böyük sevgilər bəslədiyimiz
bu şairin ruhi həzin-hüznlük
saçan bu nəsri və nəzmi sözlərindən
sonra -
Təbəssüm...
Bəli, bu dağdan ağır, qaş-qabaq qərəmətdi kişi hərdən,
həm də poetik-yumoristik (bəlkə
də özü buna “mollanəsrəddinvarilik”
deyərdi) edib:
Belə bir dövrədə
Hafiz doğulur?
Bir ümid varsa, qalıb məncığaza...
Yaxud:
...Bizə bir din qala bilmişdi
miras,
bir
də İran,
Din gedəndə
dedi: “tək getmərəm”,
İran ilə getdi.
...Hava insanı boğur -
baş-başa
“qaz, karbonik” olmuş
Yel də əsmir -
elə
bil yel də
Süleyman ilə getdi.
...Türki olmuş qədəğən,
divanımızdan
da xəbər yox -
Şəhriyarın
dili də
“vay”
deyə divan ilə getdi...
Və (məşhur “Qorxum budur oyun ola, Millət yenə qoyun ola” kimi misraları
“silsilə”sindən) şimal
şairi Süleyman Rüstəmə yazdığı
“ağeləmək” ağılı
bir “ağlar-güləyən”lik:
İtimiz qurd olalı -
biz də qayıtdıq qoyun olduq,
Bir də baxdıq it ilə qurd arasında
-
oyun
olduq,
İt ilə qol-boyun olduq...
İlk baxış-düşünüşdə
“aydın ana dilində yazıb-yaratmış
şairlər haqda danışmaqdan, yazmaqdan asan nə var
ki” sualının ömrü buna gərəyincə cavab veriləsi ana qədərdir. Görünür, onların öz yazdıqları öz barələrində yazılanlardan
daha gözəl, daha maraqlı olduğuna görə.
Məsələn;
Heydərbaba, yolum səndən kəc oldu,
Ömrüm keçdi, gələmmədim,
gec oldu,
Heç bilmədim gözəllərin
necoldu...
...Uşaqların
bir dəstə gül bağlasın
Yel gələndə ver gətirsin bu yana
Bəlkə mənim yatmış
bəxtim oyana.
Bir uçaydım bu çırpınan yelinən,
Bağlaşaydım
dağdan axan selinən,
Ağlaşaydım
uzaq düşən elinən,
Bir görəydim ayrılığı
kim saldı?
Ölkəmizdə
kim qırıldı,
kim qaldı?
Heydərbaba, göylər bütün dumandı,
Günlərimiz
bir-birindən yamandı,
Bir-birizdən ayrılmayın, amandı...
Əlbəttə,
bunlar şairin Azərbaycan türkcəsində
yazdığı (1952-53) ilk əsərindən - Türk-Turan
arealında bütöv
bir Vətən dastanı kimi dillərdən düşməyən,
milli ədəbiyyat və mədəniyyət
fədakarlarının səyilə
1954-də Təbrizdə nəşr
olunandan sonra dünya ədəbiyyatının
nadir əsərləri səviyyə-sırasında
dəyərləndirilən “Heydərbabaya salam”dandır.
Bu əsərin Təbriz
nəşrindən bir
neçə ay keçər-keçməz,
Türkiyəyə səs
salır, “Azərbaycan”
dərgisində dərc
olunur və buna ilk fundamental, ictimai-mətbu
rəy bildirənlərdən
ilki elə həmin dərgidə “Ədəbi bir hadisə” adlı məqaləsilə M.Ə.Rəsulzadə
olur. Neçə illərdir oxucular tərəfindən milli-irfani
şərbət kimi içildiyi Azərbaycanda
isə 1966-cı ildə
nəşr olunur...
Hansı ki, ondan cəmisi
24 il sonra
- 1990-cı ildə hər
iki tərəfdən
qohum-qardaşın sərhəd
xəttini dəstə-dəstə
yarıb bir-birilə görüşmə əzmində
həmin bu əsərin (və “Aman ayrılığ”ın)
təsir əsəri hər hansı diplomatik və ya hərbi qüvvədən
az olmadı...
Bilməz idim döngələr var, dönüm var,
İtkinlik var, ayrılıq var, ölüm var...
Millətinin vurğunlarından biri (Rövşənzəmir) yazırdı:
“Heydərbaba dağı
bir gün yerlə-yeksan olub, yer üzərindən silinə bilər. Lakin “Heydərbabaya salam” abidəsinin
hər oxunuşunda o yenidən bərpa olunacaqdır!”
Bu fikri
doğruldan cəhətlərdən
biri də budur ki, milli
mədəniyyət zəhmətkeşi
kimi tanınan Mirzə Tahir Xoşnevisin qələmə
aldığı izahları
Şəhriyar öz dili ilə vermişdir.
Hər ilin 18 sentyabrında İranda qeyd olunan “Milli Şeir
Günü”ndə işlənmiş
sözlərdən biri:
“Ulu Şəhriyarın
ədəbi aləmə
yadigar qoyub getdiyi poetik xəzinənin dərinliyi
dəryalar, eni-uzunu okeanlar qədər...”
Vəsiyyətinə görə Təbrizin “Şairlər məqbərəsi”ndə dəfn olunmuş bu şair elə məsələ-mətləblərdən yazırdı ki, onlara ölüm heç olmaz. Məsələn;
Türkün dilitək sevgili,
istəkli dil olmaz,
Ayrı dilə qatsan -
bu əsl dil əsil olmaz.
Bişmiş kimi şeirin də gərək
dad-duzu
olsun
Kənd əhli bilirlər ki,
doşabsız
xəşil olmaz...
1976-cı ildə Tehran qəzetlərinin birinə verdiyi müsahibədə isə ictimai-sosial bir “xəşillik”; şahlıq rejimi devrildikdən sonra hökumət orqanları Şəhriyarın güzəranını yaxşılaşdırmaq üçün tədbirlər görməyi, abad mənzil, müvafiq təqaüd təyin etmək qərarı versə də, gec idi. Elə gənclik çağlarından həyatı maddi məhrumiyyətlər içərisində keçən, sürgün illərində çəkdiyi ağır fiziki və mənəvi əzablar üzündən dəfələrlə xəstəliklər keçirən şair ağciyər iltihabı və ürək çatışmazlığından vəfat edir. Həmin gün Təbrizdə bütün dükan-bazar bağlanır, dəfn mərasimi ümumxalq matəminə çevrilir...
Nəysə, ey ulu və əbədi olu Şəhriyar baba, doğrudan a; “...dünya yalan dünyadı, Süleymandan, Nuhdan qalan dünyadı, Oğul doğan, dərdə salan dünyadı...”
Tahir Abbaslı
Mədəniyyət.- 2017.- 22 sentybar.- S.12.