Hyustondan gələn sənət səsi

 

 

   Bu səs Azərbaycan mədəniyyətini xarici ölkələrdə tanıdan, təbliğ edən, atasının sənət izi ilə addımlayan gənc sənətkar, keramist-rəssam Səidə Haqverdiyevanın səsidir. Səidə Haqverdiyeva rəssam Həsən Haqverdiyev və həkim Vera Kalininanın ailəsində dünyaya gəlib. Özünün dediyinə görə, incəsənətə marağının yaranmasında ilk müəllimi atasının rolu böyük olub.

   Səidə Haqverdiyeva 1977-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. Sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunda bədii keramika və şüşə ixtisası üzrə ali təhsil alıb. 1983-cü ildə institutu bitirəndən sonra 12 il Yaradıcılıq Kombinatında çalışıb. Özünün qeyd etdiyinə görə, burada işləmək onun sənətində qiymətli təcrübə olub.

   1990-cı ildə Rəssamlar İttifaqına üzv olan Səidə Haqverdiyeva bir sıra yerli və beynəlxalq sərgilərdə fəal iştirak edib. Əl işləri Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, həmçinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən alınaraq saxlanılır. 1987-ci ildə Moskvadakı Şərq Xalqları Muzeyi onun bir neçə əsərini alaraq yaradıcılığını qiymətləndirib.

   Səidə Haqverdiyeva 1988-ci ildə Amerikaya köçüb. 1999-cu ildə Art-4 All İncəsənət məktəbində işə başlayır. Eyni zamanda yerli incəsənət qalereyalarında öz əl işlərini nümayiş etdirib. 2000-ci ildən ailəsi ilə birgə Hyuston şəhərində yaşayan Səidə Haqverdiyeva burada keramika rəssamı kimi fəaliyyət göstərir. 2000-ci ildə Texas Clay Assosiasiyasına və Hyuston Clay Rəssamlar dərnəyinə üzv olub, həmçinin incəsənət məktəbində müəllim kimi fəaliyyət göstərir. 2002-ci ildən Hyuston-Bakı Assosiasiyasının sədri İradə Axundova ilə yaxın münasibətləri yaranıb. 2004-cü ildə öz sənətini də davam edərək assosiasiyanın mədəniyyət üzrə direktoru olur. Uzun illərdir ki, xaricdə təkcə öz əsərlərini yox, həmçinin ölkəmizin mədəniyyətini təqdim edən rəssamın sözlərinə görə, onun üçün öz vətəni ilə əlaqələrinin sıx olması çox vacibdir.

   Bu illər ərzində Səidə Haqverdiyeva müxtəlif qalereyalarda öz sənətini nümayiş etdirib. Əsərləri “Texas Craft Show” (2004), “Hyuston Graft Show” (2008) sərgilərində göstərilib, 2002-ci ildən 2007-ci ilə qədər Anya Tish Qalereyasında və Hyuston DekorativMüasir Sənət Mərkəzində təqdim edilib, sonrakı illərdə müxtəlif qalereyalarda sərgilənib. Hyustondakı Rus Mədəniyyət Mərkəzində və Foelber Qalereyasında bir neçə fərdi sərgisi keçirilib.

   2010-cu ildə keramist-rəssamın “Üç qadın” kompozisiyası birinci yer tutub və “The best of Show” mükafatına layiq görülüb, müəllif eyni zamanda Texasda müəllim sertifikatı alıb. Bununla yanaşı, Texas Gulf İnstitutunun Kompüter texnologiyası fakültəsini bitirən rəssam 2013-cü ildə The Post Oak məktəbinə dəvət olunub və hazırda orada incəsənət və keramikadan dərs deyir.

  

   Sevinc Quliyeva

   Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi

 

Mədəniyyət.- 2017.- 22 sentybar.- S.13.