Varşavada Mstislav Rostropoviçin 90 illik yubileyi qeyd olunub

 

 

   Sentyabrın 24-də Polşanın paytaxtı Varşavada həmyerlimiz, dünya şöhrətli violonçel ifaçısı, dirijor, ictimai xadim Mstislav Rostropoviçin (1927-2007) anadan olmasının 90 illiyi münasibətilə tədbir keçirilib. Tədbir maestronun yubileyi ilə bağlı Prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli sərəncamına əsasən təşkil olunub.  

   Varşavanın ən mötəbər konsert zallarından olan Kral Sarayında baş tutan musiqi axşamı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin Polşadakı səfirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

   Gecədə M.Rostropoviçin həyat və yaradıcılığı haqqında geniş məlumat verildikdən sonra Xalq artisti, beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynov, Əməkdar artist, tarzən Sahib Paşazadə və Əməkdar artist, violonçel ifaçısı Aleksey Miltıx konsert proqramı ilə çıxış ediblər.

   Səfər təəssüratlarını qəzetimizlə bölüşən Sahib Paşazadə bildirdi ki, konsert proqramında M.Rostropoviçə həsr edilmişonun vaxtilə ifa etdiyi əsərlərlə yanaşı, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Fərhad Bədəlbəyli, eləcə də R.Şuman, İ.S.Baxbaşqa bəstəkarların əsərləri səsləndirilib: “Azərbaycan tarının möhtəşəmliyi yenə də öz sehrli, sirli notları ilə Varşava tamaşaçısını heyran edə bildi. F.Şopenin 10 saylı valsı, V.Adıgözəlovun “Qərənfil”, Həsən RzayevinÇahargah”, M.OginskininPolonez” əsərləri 2012-ci ildən bəri UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olmuş Azərbaycan tarının səsi ilə bir daha dünyaya ölkəmizin musiqisinin əzəmətini nümayiş etdirdi. Konsert proqramında sənət dostlarımın çıxışları alqışlarla qarşılandı. Çox şadıq ki, mötəbər konsert salonlarında Azərbaycan musiqisini layiqincə təmsil və təbliğ edirik”.

   Gənc tarzən bildirdi ki, tədbir çərçivəsində həmçinin ölkəmizin mədəniyyəti və turizm imkanları haqqında da qonaqlara məlumat verilib.

   Qeyd edək ki, yubiley gecəsində Polşanın dövlət və hökumət rəsmləri, deputatlar, bu ölkədə akkreditə olunmuş diplomatik missiya və beynəlxalq təşkilatların rəhbərləri və əməkdaşları, tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri iştirak ediblər.

  

   Lalə

 

Mədəniyyət.- 2017.- 27 sentyabr.- S.4.