“Yarımçıq xatirələr” filmi mühafizə alayının əsgərləri üçün nümayiş olunub

 

 

   Sentyabrın 22-də Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin təşkilatçılığı ilə rejissor Elxan Cəfərovun “Yarımçıq xatirələr” bədii filmi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mühafizə alayında əsgərlər üçün nümayiş olundu.

   Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin rəis müavini, ədliyyə polkovnik-leytenantı İntiqam Əliyev qonaqları salamlayaraq filmin nümayişinin təşkilinə görə təşəkkürünü bildirdi. Qeyd etdi ki, hərbi mövzuda lentə alınan filmlərin gənclər üçün göstərilməsi vətənpərvərlik ruhunun yüksəldilməsi amalına xidmət edir. Diqqətə çatdırıldı ki, filmin nümayişi Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının icrası ilə əlaqədar tədbirlər planı çərçivəsində həyata keçirilir.

   Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin böyük məsləhətçisi Almaz Sultanzadə hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi və gənclər arasında milli kinomuzun təbliğ olunmasının əhəmiyyətindən danışdı. Bildirdi ki, nazirliyin Kinematoqrafiya şöbəsi mütəmadi olaraq hərbi hissələrdə, məktəblərdə Milli Qəhrəmanlara həsr edilən filmlərin nümayişini təşkil edir.

   Qeyd olundu ki, ekran əsəri II Dünya müharibəsində Brest qalasını faşistlərdən qəhrəmancasına qorumuş və 50 ildən sonra Dağlıq Qarabağda doğma torpağını erməni işğalçılarından müdafiə etməyə qalxmış bir əsgərin taleyini əks etdirir.

   Sonra filmdə rol alan Xalq artisti Şamil Süleymanov, əməkdar artistlər Qurban İsmayılov və Bəhruz Vaqifoğlu çıxış edərək çəkilişlərlə bağlı təəssüratlarını bölüşdülər.

   Vurğulandı ki, son illərdə “Azərbaycanfilm” kinostudiyasında Qarabağ mövzusunda bir sıra filmlər lentə alınıb və bu filmlərin gənclər arasında təbliği böyük əhəmiyyət kəsb edir.

   Çıxışlardan sonra film nümayiş olundu. Ekran əsəri gənc əsgərlər tərəfindən rəğbətlə qarşılandı.

   Qeyd edək ki, Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə 2015-ci ildə C.Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasında ekranlaşdırılan filmin ssenari müəllifləri Konstantin Vorobyov Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, səs operatoru Tariyel Həsənzadə, quruluşçu rəssamları Rafiq Nəsirov Vadim Şafranski, bəstəkarı Polad Bülbüloğludur.

   Filmdə Mixail Kaminski, Georgi Saava, Gülzar Qurbanova, Andrey Milyuxin, Zurab Nicaradze, Veronika Plyaşkeviç, Aleksandr Pavlov, İvan Matskeviç, Kərim Pokaçakov, Qurban İsmayılov, Rövşən Ağayev, Anatoli Quryev, Otar Mikeladze, Faiq Məmmədov, Cavanşir Hadıyev başqaları rol alıblar.

  

   Lalə

 

Mədəniyyət.- 2017.- 27 sentyabr.- S.6.