Bir səhnəni paylaşan iki orkestr
Sentyabrın 22-də Azərbaycan Dövlət Filarmoniyasında
Üzeyir Hacıbəyli
IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində
sözün gerçək
mənasında böyük
bir konsert baş tutdu. İki böyük tanınmış kollektiv
- Türkiyənin Başkənd
Akademik Orkestri ilə Qara Qarayev
adına Azərbaycan Dövlət Kamera Orkestri bir səhnəni paylaşdı.
Əvvəlcə səhnəyə Ankaranın Başkənd Akademik Orkestri çıxdı. 2003-cü ildə yaradılan orkestr mövcud olduğu 14 il
ərzində dünyanın
bir çox səhnələrində çıxış
edib, məşhur festivalların iştirakçısı
olub. Barokko dövründən müasir dövrədək
bəstəkarların əsərlərini
ifa edən orkestr Bakıya da maraqlı proqramla gəlmişdi.
Konsert orkestrin dirijoru,
bəstəkar Ertu Korkmazın "Uzaq torpaqların xəyalları"
əsəri ilə başladı. Bəstəkarın dirijorluq etdiyi əsərin ardınca Azərbaycanın Əməkdar
artisti Aleksey Miltıx
ölməz Fikrət
Əmirovun violonçel
və orkestr üçün "Poema-monoloq"
əsərini Başkənd
orkestrinin müşayiəti
ilə səsləndirdi.
Konsertin
ilk yarısı Ankaradan
gəlmiş orkestrin ifasında Fikrət Əmirovun daha bir əsərinin - "Nizami" simfoniyasının
ifası ilə başa çatdı.
Bu dəfə dirijor pultunun arxasında Azərbaycanın
Xalq artisti Yalçın Adıgözəlov
idi.
İkinci hissədə Ezgi
İçellioğlu (Türkiyə)
solist olaraq səhnəyə çıxdı.
O, Azərbaycan Dövlət
Kamera Orkestrinin müşayiəti ilə
(dirijor - Yalçın
Adıgözəlov) Türkiyədə
klassik musiqi təhsili sisteminin qurulmasında böyük
xidmətləri olmuş
alman bəstəkarı
Paul Hindemitin alt və
simli orkestr üçün "Matəm
musiqisi" əsərini
ifa etdi.
Biz artıq
öz orkestrlərimizin
XX əsr Avropa musiqisində avanqard üslublu və yenilikçi ruhlu əsərlərini məharətlə
ifa etməsinə alışmışıq. Hər böyük musiqi hadisəsində, festivalda
onlardan həm də belə əsərlərin ifasını
gözləyirik. Bu dəfə də Dövlət Kamera Orkestri gözləntimizi doğrultdu. Orkestr adını
daşıdığı böyük
Qara Qarayevin müəllimi Dimitri Şostakoviçin ən məşhur və ən mürəkkəb əsərlərindən birini
- Simli orkestr üçün kamera simfoniyasını çaldı.
Anşlaqla keçən konsertin sonunda isə orkestr salondan qopan "bravo" və "bis" sədalarına cavab olaraq Qara Qarayevin "İldırımlı yollarla" baletindən rəqsi səsləndirdi.
Konsertdən sonra musiqi bilicilərinin əhatəsinə düşən qonağımız Ertu Korkmaz öz ürək sözlərini qısa da olsa jurnalistlərlə bölüşdü: "Bu gün çox maraqlı proqramla çıxış etdik. Azərbaycan bəstəkarlarının əsərləri möhtəşəmdir. Ümidvaram ki, dinləyicilər üçün də yaddaqalan bir gecə oldu".
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2017.- 27 sentyabr.-
S.8.