Maestronun ev-muzeydə konsert
və sərgi maraqla qarşılanıb
Xəbər verildiyi kimi, sentyabrın 21-də Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində “Kamera musiqi axşamı” adlı konsert keçirilib. Konsertdə Əməkdar artist, violonçel ifaçısı Aleksey Miltıx və beynəlxalq müsabiqələr laureatı, pianoçu Səidə Tağızadə rus bəstəkarı S.Raxmaninovun “Vokaliz”, “Violonçel üçün sonata” (II-III hissə), Azərbaycan bəstəkarlarından Ə.Bədəlbəylinin “Qız qalası” baletindən “Rəqs”, O.Zülfüqarovun “Muğamsayağı və rəqs”, F.Bədəlbəylinin “Şuşa” əsərlərini ifa ediblər.
Konsert proqramı ilə yanaşı, Azərbaycan bəstəkarlarının violonçel üçün yazılmış nadir çap və əlyazma notlarının sərgisi də böyük marağa səbəb olub. Sərgidə A.Zeynallının “Muğamsayağı”, “Laylay”, eyniadlı xalq mahnısı əsasında “Qoyunlar”, A.Rzayevin violonçel ifaçısı S.Əliyevə həsr etdiyi “Skertso”, “Kantilena”, T.Bakıxanovun bəstəkar M.İsrafilzadənin xatirəsinə həsr etdiyi “Elegiya” əsərlərinin notları yer alıb. Xalq artisti, Bəstəkarlar İttifaqının sədri F.Əlizadənin yubileyi münasibətilə “Sikorski” nəşriyyatı tərəfindən çap olunmuş “Habilsayağı” əsəri və diski də ilk dəfə Bakıda bu sərgidə nümayiş olunub.
Tədbirdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin müəllim və şagird heyəti, muzeylərin əməkdaşları, həmçinin qonaq qismində Rusiya səfirliyinin referenti Olqa Kudryavtseva, bəstəkar O.Zülfüqarovun ailə üzvləri iştirak ediblər. O.Zülfüqarovun qızı Leyla xanım atasının bəstəkarlıq fəaliyyətindən öncə violonçel ifaçısı olduğunu qeyd edərək onun maestro Mstislav Rostropoviç ilə sıx dostluq əlaqələri saxladığını bildirib.
Mədəniyyət.- 2017.- 27 sentyabr.-
S.10.