Milli vokal sənətimizin təməlçisi

 

 

 

    Şövkət Məmmədova - 120

 

   Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ Xalq artisti, professor Şövkət Məmmədovanın yaradıcılığı ifaçılıq sənətimizdə xüsusi yer tutur. Onun bənzərsiz ifasında Azərbaycan və dünya klassik bəstəkarlarının müxtəlif janrlı vokal əsərləri lentə alınıb və həmin nümunələr bu gün də musiqisevərlərin könlünü oxşayır.

   Prezident İlham Əliyev böyük musiqiçinin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Şövkət Məmmədova dünya vokal məktəbinin yüksək nailiyyətlərini milli musiqi ənənələri ilə ahəngdar şəkildə əlaqələndirərək Azərbaycan opera sənəti tarixinə parlaq səhifələr yazıb. Onun tanınmış ictimai xadim və görkəmli pedaqoq kimi ölkəmizdə musiqi mədəniyyətinin tərəqqisi naminə uzun illər ərzində geniş, səmərəli və təqdirəlayiq fəaliyyəti vətənə, xalqa xidmətin bariz nümunəsidir.

   Şövkət Həsən qızı Məmmədova 18 aprel 1897-ci ildə Tiflis şəhərində anadan olub. Atası sənətə çox bağlı olub və qızının təlim-tərbiyəsi ilə ciddi maraqlanıb. Şövkəti əvvəlcə A.Kitesanın maliyyələşdirdiyi özəl məktəbə qoyur. Təhsil ocağında tədrisin səviyyəsi onu qane etmədiyinə görə “Müqəddəs Nina” məktəbində çalışan Yelena Kandelakini fərdi müəllim tuturlar. Onun məsləhəti ilə Şövkəti musiqi məktəbinin fortepiano sinfinə yazdırırlar. Balaca qızın istedadı ilk gündən müəllimlərinin diqqətini çəkir. O, V.A.Motsartın, İ.S.Baxın əsərlərini məharətlə ifa etməyə başlayır. Həmin ərəfədə italyan müğənnisi Aida Qonzaqa Tiflisə qastrola gəlir. Şövkət onun çıxışlarını sonsuz maraq və məftunluqla dinləyir.

   Şövkət Məmmədova böyük uğurların astanasında ikən atası vəfat edir. Ancaq bu itki onu sənətindən ayırmır. Anasının və müəlliməsinin qayğısı ilə musiqi təhsilini davam etdirir. Novruz bayramında Tiflisin “Artistlər Cəmiyyəti”ndə qrafinya Vorontsova-Daşkovanın təşkil etdiyi konsertdə italyanrus romanslarını, həmçinin Azərbaycan xalq mahnısını oxuyur. Çıxışı alqışlarla qarşılanır. Həmin il musiqi məktəbini bitirən gənc Şövkət “Tağıyev teatrı”nın 30 illik yubileyi ərəfəsində Bakıya gəlir. İtaliyada oxumaq arzusunu Hacı Zeynalabdin Tağıyevə bildirir. Milli mesenat gənc qızın arzusunu bəyənir və təhsil haqqını öhdəsinə götürür. Ş.Məmmədova MilanKiyev konservatoriyalarında təhsil alır.

   Araşdırmalarda qeyd olunur ki, Ş.Məmmədovanın müğənni kimi yetişməsində dahi bəstəkar Üzeyir Hacıbəyli və Kiyev Konservatoriyasının rektoru, bəstəkar Reynqold Qliyerin böyük xidmətləri olub. Ü.Hacıbəyli müğənninin fəaliyyəti haqqında deyib: “Cəsarətlə deyərdim ki, Şövkət xanım Məmmədova vokal sənətimizin ilk pioneri olubdur. O, bu sənətin gələcəyi üçün bütün gəncliyini qurban veribdir”.

   Ş.Məmmədova Kiyev Konservatoriyasında A.Şperlinqin sinfində təhsil alır. Burada onun görkəmli bəstəkar R.Qliyerlə yaradıcılıq əlaqələri yaranır. “Gəl, gəl, maralım”, “Küçələrə su səpmişəm”, “Yeri, yeri, küsmüşəm səndən” və s. Azərbaycan mahnılarını R.Qliyer ilk dəfə Şövkət xanımın ifasında eşidir. Sonralar görkəmli bəstəkar “Şahsənəm” operasını yazarkən Azərbaycan musiqi nümunələrindən də bəhrələnir. Hətta sözügedən opera üzərində işləyərkən Ş.Məmmədova milli musiqi parçalarının araşdırılmasında və əsərdə yerli-yerində istifadə olunmasında R.Qliyerə yaxından köməklik göstərir. Məhz onun səyi nəticəsində belə gözəl bir opera yaranır. R.Qliyer ölkəmizi tanımasında Şövkət Məmmədovanın xüsusi rol oynadığını bildirib: “Mən Rusiyada böyümüşəm. Demək olar ki, Şövkət xanım Məmmədova ilə ilk tanışlığa qədər Azərbaycanı tanımırdım. Azərbaycanı ilk dəfə Şövkətin oxuduğu xalq mahnıları ilə kəşf etmişəm”.

   Görkəmli müğənni ilk dəfə Bakıda Üzeyir Hacıbəylinin “Ər və arvad” operettasının tamaşasında iştirak edir. Bu, Azərbaycan qadının səhnəyə ilk qədəmləri olmaqla mədəniyyət tariximizdə mühüm hadisə idi. Şövkətin bu cəsarəti şəhərin bəzi dairələrini bərk qəzəbləndirir. Lakin gənc ifaçı həyatını təhlükəyə atmaq bahasına da olsa, sənət yolunu davam etdirir.

   Sonralar o, “Arşın mal alan” operettasında (Ü.Hacıbəyli) Gülçöhrə, “Traviatada (C.Verdi) Violetta, “Sevilya bərbəri”ndə (C.Rossini) Rozina, “Riqolettada Cilda (C.Verdi), “Şahsənəm”də (R.Qliyer) Şahsənəm, “Şah İsmayıl”da Gülzar, “Nərgiz”də (M.Maqomayev) Nərgiz və s. obrazları məharətlə ifa edirgeniş tamaşaçı rəğbəti qazanır.

   Ş.Məmmədova eyni zamanda Paris, Berlin, Təbriz şəhərlərində qastrol səfərlərində olur, məlahətli səsi ilə dinləyiciləri heyran edir. Bir fransız bəstəkarı onun ifasından heyrətlənərək deyib: “Bu müğənni çox nadir səs tembrinə malikdir. Onun səsi royalı olduqca pis vəziyyətdə qoyur. Bu müğənni üçün xüsusi royal düzəltmək lazımdır”. O, daha sonra fransız qəzetlərindən biri belə yazmışdı: “Şövkət Məmmədovanın çıxışı bir daha sübut etdi ki, böyük musiqi mədəniyyəti və vokal məharəti tək avropalılara məxsus deyil”.

   Onu da qeyd edək ki, Şövkət Məmmədova ilk azərbaycanlı qadın müğənnidir ki, 1925-ci ildə Fransada qrammofon valı buraxılıb.

   Tanınmış vokalçı 1921-ci ildə İtaliyaya gedirMilanda sona çatdırılmamış təhsilini başa vurur. Vətənə qayıtdıqdan sonra Şövkət Məmmədovanın təşəbbüsü ilə 1923-cü ildə Bakıda Teatr Texnikumu açılır və o, 1923-1925-ci illərdə bu təhsil ocağına rəhbərlik edir. Azərbaycanda ilk not nəşriyyatı da Şövkət xanımın təşəbbüsü ilə yaradılır. Burada Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin redaktəsi və tərtibi ilə Azərbaycan xalq mahnıları nəşr olunur.

   Musiqi ilə nəfəs alan görkəmli müğənni 1938-ci ilin aprelində Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə yaxından iştirak edir. Burada M.Maqomayevin “Nərgiz” və R.Qliyerin “Şahsənəm” operalarında baş qəhrəmanları füsunkarlıqla canlandırır. Tamaşaçını təkcə səsi ilə deyil, həm də obrazın daxili aləmini, xarakterini ustalıqla açması ilə də heyrətə gətirir. Dekadada böyük nailiyyətlərinə və musiqi yaradıcılığı fəaliyyətinə görə Şövkət Məmmədova SSRİ Xalq artisti fəxri adına layiq görülür.

   O, 1939-1945-ci illərdə Azərbaycan Dövlət OperaBalet Teatrının direktoru işləyib. Onun təşəbbüsü ilə 18 aprel 1940-cı ildə ilk Azərbaycan baletinin - Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletinin tamaşası nümayiş olunur.

   Milli vokal sənətimizin inkişafına misilsiz töhfələr verən unudulmaz müğənni 8 iyun 1981-ci ildə Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2017.- 27 sentyabr.- S.12.