Harada... iş - orada baş
Dövrünün ədəbiyyat, mədəniyyət,
ictimaiyyət aləmi azmanlarından Sabit
Rəhman
26 mart 1910-cu ildə Nuxada (Şəkidə) doğulmuş, 23 sentyabr 1970-də vəfat etmiş, sovetizmin plan-filan illərində yazdığı məşhur əsərlərinin bir “qeyri-məşhur”unda (“Yalan”) “Yalan həyatımızın bəzəyidir” kimi siyasi cəsarətlər etdiyi halda belə, çağlar istedad və qaynar fəaliyyəti müqabilində Əməkdar incəsənət xadimi adına layiq görülmüş Sabit Rəhman.
Bu dünyaya gəlişindən-gedişinə qələm və ürəyilə sənətə, xalqa işlədi. Təlim-tərbiyəsilə Emin Mahmudov (oğlu) ad-sanında nəğməkar, Ceyran Mahmudova (nəvəsi) ad-namında musiqişünas yetişdirdi.
Ömür ardınca ömür...
Elə bir şərəfli insan ömrü, sənətkar həyatı yaşadı ki, ölümündən sonrakı yaşamı da şan-şöhrətlə davamda: özü Fəxri xiyabanda uyumada, adı Şəki Dövlət Dram Teatrının, habelə neçə-neçə küçənin adlıqlarında, bənzərsiz komediyaları ünlü teatrlarımızın daimi repertuarlarında...
Xislətən hədsiz aktiv-dramatik olmuş bu adam həm də həddən ziyadə səmimiliyi, “yupyumşaq”lığı ilə tanınıb. Dövrünün ən işlək terminlərindən olan “plan və öhdəlikdən” artıq realistliyi də ki, öz yerində; müqtədir qələmilə saysız-hesabsız “iç üz”lər açmış ustad “xatirələr”ində öz “çöl üz”ünə də toxunub: “Hər səhər güzgüdən mənə... heç də xoşuma gəlməyən sifətli bir adam baxır”...
Amma bu “xoşagəlməz” canlı obrazın bizim hədsiz dərəcədə xoşladığımız ədəbi işlərinin, bədii məhsullarının sayı-hesabı yox: “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Koroğlu”, “Əhməd haradadır?”, “Ulduz” filmlərinin ssenariləri, “Yeddi gözəl” baletinin librettosu, “Toy”, “Xoşbəxtlər”, “Aşnalar”, “Əliqulu evlənir” komediyaları, “Vəfasız”, “Son faciə” povestləri, “Şirin bülbül”, “Mirzəkələntər”, “Xəyalplov”, “Nikolay taxtdan düşdü” hekayələri, 17 yaşından qəzet-jurnallarda çap etdirdiyi yüzlərlə məqalə, şeir və felyetonları...
Və dövrün çox ciddi imzalarının ona münasibəti. Məşhur rus teatrşünası A.Qlebov: “Sovet İttifaqının ən yaxşı komediyanəvislərilə bir sırada gördüyüm S.Rəhmanın komediyalarında gənc Şekspir komediyalarını xatırladan dipdiri bir ruh, coşqun bir nikbinlik var”. Akademik M.Arif: “S.Rəhman yaradıcılığında C.Məmmədquluzadə tizfəhmliyi və kinayəsi çağlayır”.
Aha, bu qənaət...
Sabit Rəhmanın (elə əvvəldən hörmətli oxucularımıza təqdim etmək fikrində olduğum) öz yazılarından birinə - ümummilli dərd-ələmzadəmiz Mirzə Cəlillə bağlı xatirəsinə də ayaq vermiş oldu. Buna - onun rəsmi tərcümeyi-halının “bədii format”da davamı da demək olar. Vurğulayım ki, vur-tut 16 yaş qapsamlı bu xatirəsində (həcmindən yana yarıdan çoxunu ixtisar etməyinə baxmayaraq), sonralar həmin dahi özül-sələfinin dadlı-duzlu davamçı-xələfi olası bu sənətkarın da bir çox maraqlı keyfiyyətləri aşkara çıxır.
“Hələ lap uşaqlığımdan “Molla Nəsrəddin”nin hər nömrəsi mənimçün bir bayram idi. Onu gətirən poçt maşınını dostlarımla şəhər ayağında - Yevlax yolunda dayanıb səbirsizliklə gözləyirdik. Redaktorunun adı bizə ata kimi əziz idi. Dərdlilər “Molla Nəsrəddin”ə müraciət edir, dalaşanlar bir-birini “Molla Nəsrəddin”lə hədələyirdi...
1926-cı il. Bakı Darülmüəllimini bitirib, rayonda müəllimlik edirəm. Bir gün xəbər tutduq ki, Zaqatalada oxuyan qızını görməyə gedəsi Mirzə Cəlil Yevlağa yaxınlaşmaqdadır. Biz onu görmək və bir-iki gün qonaq saxlamaq xəyalı ilə təcili hazırlıq gördük.
...Nəhayət, iri üzüm zənbillərinə oxşayan bir avtobus gurhagurla gəlib, keçmiş karvansara həyətində dayandı. Yoldaşlarım məni - Bakıda Mirzə ilə dəfələrlə qarşılaşmış bir “bəxtəvər” olaraq - “onu tanımaq və ilk kəlmə kəsmək” məsələsində nümayəndə seçmişdilər (əslində, mən onun özünü yox, şəklini görmüşdüm). Sərnişinlər arasında girdəüz (şiş bığları yuxarı) gənc sifət görmədikdə, avtobusa qalxıb, lap arxada tənha oturmuş (saçlarına dən düşmüş) qocadan soruşdum:
- Bağışlayın, sizinlə gələn sərnişinlər arasında Cəlil Məmmədquluzadə yox idi ki?
O, təvazö utancaqlığıyla dilləndi:
- Cəlil Məmmədquluzadə mənəm.
Dərhal yoldaşlarımı səslədim (və birinin qulağına pıçıldadım ki, “Görən kimi tanıdım!”).
Mirzə isə, nə bir-iki günlüyə Nuxada qonaq qalması xahişimizlə (bir özgə vaxt Nuxaya xüsusi gələcəyi vədilə), nə də, heç olmasa, beş-on dəqiqəliyə aşağı düşməsi təvəqqemizlə razılaşdı: “Çox sağ olun, yerim rahatdır!” - dedi.
Biz “hərbi hiylə”yə əl atdıq; stansiya müdirinin qulağına pıçıldadıq və o da çıxıb sərnişinlərə belə bir elan etdi: “Avtobus xarab olub, təmir ediləcək, Zaqatalaya sabah səhər yola düşəcək”.
M.Cəlil, istər-istəməz, “rahat yerini” tərk etməli oldu və bizdən onu Mirzə Həsənin (Nuxa kitab mağazasının müdiri, jurnalın Nuxa müvəkkili) yanına aparmağı xahiş etdi.
Onlar qardaş kimi görüşdü və mağaza vaxtından iki saat qabaq bağlandı. M.Cəlil çox az danışır, bizim uzun suallarımıza teleqram yığcamlığıyla cavablar verirdi. “Qəbul proqramı”mızın əsasını (“Nuxanın duz-çörəyini kəsməsi”) bildirəndə isə gülümsündü və dostuna tərəf dönüb dedi:
- Mirzə, bu cavanlara sən də de ki, mən Zaqatalaya çox tələsirəm. Qoy avtobusun da qulağına bir-iki kəlmə söz pıçıldasınlar ki, yola düşsün.
Lakin həmin avtobusu - öz sevimli Mirzələrini əllərindəki şirniyyat, hədiyyə, gül-çiçəklərlə dövrəyə almış camaat bizdən də artıq ləngitdi...
Bir il sonra “Molla Nəsrəddin”ə yazılar göndərməyə başladım. Felyetonlarımın bir kəlməsi belə dəyişilmədən çap olunmasına görə “yəqin Molla Əmi haqqımda çox yaxşı fikirdədir” xəyalına və bu böyük yazıçı ilə yaxından söhbət etmək, ondan məsləhət almaq həvəsinə düşmüşdüm.
Yay tətilində Bakıya gəldim və onu (yaşayış mənzilində yerləşən redaksiyada) tapmaq çətin olmadı (çünki ədib “Staraya poçtovaya” küçəsilə həmin binanı “Zırrama” və “Saqqallı uşaq” hekayələrində əla təsvir etmişdi).
Qapısı kömürlə çəkilmiş cizgilər və şəkillərlə dolu böyük bir otağa girdim. İlk stol arxasında gödəkboy bir kişi (məsul katib Əli Nəzmi imiş), qarşı stolda bir qadın (M.Cəlilin arvadı Həmidə xanım) işləyirdi. Bir tərəfdə çoxlu qəzet-jurnal, o biri tərəfdə maşınka üstündə piti, bir uşaq da yerdə oturub “Molla Nəsrəddin”in şəkillərinə baxırdı.
“Kimi istəyirsən, ağrın alım” sualına “Molla Əmini” cavabımı eşidən kişi yan otağa sarı çevrilib səsləndi - Mirzə, sizi çağırırlar.
Dörd-beş dəqiqə ötmüş Mirzə ev libasında yan otaqdan çıxdı:
- Məni soruşan kimdir?
Cəld ayağa qalxıb (Nuxada görüşməyimiz də daxil), özümü təqdim etdim. Yadına düşdü, hörmətlə əlimi sıxdı və iki-üç dəqiqəlik sükutdan sonra soruşdu:
- Xub, mənə dair qulluğunuz?
Mən əlimdəki felyetonu ona uzatdım. Diqqətlə oxudu, imzama çatanda zəndlə üzümə baxmağa başladı:
- Bunu sən yazmısan? Deməli, neçə ildir bu imza ilə bizə yazan sənsən. Çox təəccüb... Mənə elə gəlirdi sən yaşlı adamsan və bu cür mühüm felyetonları kiməsə arxalanıb yazırsan. Sən hələ çox cavansan, bala, belə yazıların dalında dayana bilməzsən. Çox yuxarılardan yapışma. Komsomoldan yaz, pionerdən yaz...
Mən həyəcanlandım:
- Bunu çap eləmək olmaz?..
- Yox... Sən burda ispalkom boyda bir kişini gün-fəyəkun eliyirsən. İspalkom kimdir? Rayonun böyüyü. Bəs sən? Cavan bir müxbir. Sənin “Molla əmi”n neçə ildir ona döşəyir, yerindən tərpədə bilmir.
Mən danışmağı sevməyən bu ciddi kişinin bu cür uzun nəsihətlər verməsinə təəccüblənməkdə ikən, o, yazımı mənə qaytarıb dedi:
- Bilirsən nə
var? Götür bunu, hekayə elə. Bu ispalkomu “gözəl” bir bədii tip elə. Yaxşı qələmin
var, yazsan, çıxar... Sən yaz gətir,
biz də çap eliyək.
Bu an qadın maşınkanın üstündəki qazanı götürüb qarışdırdı və kağıza sürtməyə başladı. Sən demə, bu, piti deyil, yapışqan imiş...
Bu iki görüşdən sonra, mən bu... son dərəcə təvazökar, daim asta-ağırbatman tərzdə, müdrikanə sakit-sükutluqda və müqəddəs bir utancaqlıqda gəzib-dolanan və... dağ kimi böyük əsərlərin müəllifi olan böyük Mirzəmizlə irili-xırdalı məclislərdəki ötərgi söhbətlərimizdən hiss edirdim ki, ətrafımızda (hələlik çoxları tərəfindən birmənalı qarşılanmayan...) bir canlı dahi yaşayır ki, onun qiymətli irsi əbədi yaşayacaqdır!..”
Bu sənətkarın özü də...
yaşamaqda; bir çoxu hələ də “stolüstü” kitablarında, bəziləri hələ də “anşlaq” tamaşalarında, “kərəmovçuluq”, “mirzə qərənfillik”, “əliqululuq” və sair mentallıqlarımızın azalmasında...
Tahir Abbaslı
Mədəniyyət.- 2017.- 27 sentyabr.-
S.13.