“Muğamın meracı” kitabının təqdimatı keçirildi

 

 

 

   Nəşr muğam ustadı Alim Qasımovun sənət dünyasından bəhs edir

  

   Sentyabrın 27-də Beynəlxalq Muğam Mərkəzində dünya şöhrətli muğam ustadı, Xalq artisti Alim Qasımova həsr olunan “Muğamın meracı” kitabının təqdimatı keçirildi.   

   Kitabın videoslayd nümayişindən sonra səhnəyə çıxan Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq İlqar Fəhmi nəşr haqqında qısa məlumat verdi.

   Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə muğam sənətinin inkişafına göstərilən dövlət qayğısından söz açdı. Bildirdi ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri və dəstəyi ilə ölkəmizin qeyri-maddi mədəni irsinin, xüsusilə muğam sənətinin dünya səviyyəsində tanıdılması və təbliği istiqamətində mühüm işlər görülüb. 2003-cü ildə muğam sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.

   Alim Qasımovun yaradıcılığını mədəniyyətimiz üçün hadisə adlandıran nazir qeyd etdi ki, son illər muğamlarımız onun ifasında daha geniş üfüqlərə yol açıb, yeni zirvələr fəth edib: “Alim Qasımov bu gün Azərbaycan musiqisini dünyaya təqdim edən elçilərdən biridir. Onun ifaçılıq tərzi, üslubu muğam sənətimizdə yenilikdir. Alim Qasımovun Avropada, Amerikada ifa etdiyi muğam, sadəcə, istedadlı bir xalqın ənənələrinə və düşüncə tərzinə bağlı olan musiqi kimi deyil, bəşəri musiqi kimi dəyərləndirilir. Qədim milli musiqi ənənələrinin qorunması və təbliği istiqamətində göstərdiyi xidmətlərə görə Alim Qasımovun UNESCO-nun beynəlxalq musiqi mükafatı ilə təltif edilməsi və haqqında sənədli filmin hazırlanması da onun sənətinin qüdrətinin göstəricisidir”.

   Nazir vurğuladı ki, muğam sənətinin bəşəriyyət tərəfindən qəbul edilməsi onun qüdrətini düzgün çatdıra bilən ifaçıların əməyinin nəticəsidir: “Alim Qasımovun xaricdəki konsertlərində iştirak etmək mənə də nəsib olub. Görmüşəm ki, onun sənəti insanlara nə qədər böyük təsir edir. Bu gün eyni zamanda gözəl bir kitabın təqdimatıdır. Bu kitabda onun bütün yaradıcılığı əhatə olunub. Ona yeni uğurlar, yeni sənət zirvələri arzu edirəm”.

   Sonra Əbülfəs Qarayev Prezident İlham Əliyevin 12 avqust 2017-ci il tarixli sərəncamı ilə Alim Qasımovun “Şərəf” ordeni ilə təltif olunduğunu diqqətə çatdırdı və ordeni sənətkara təqdim etdi.

   Xalq artisti sənətinə verilən bu yüksək dəyərə görə ölkə başçısına minnətdarlığını bildirdi. Qeyd etdi ki, sənətə gələn kəs əgər onu ürəkdən sevirsə, heç bir təmənna güdmədən gəlir: “Böyük sənətə göstərdiyimiz sevgi nəticəsində dövlətimiz tərəfindən mükafata layiq görülmək bütün sənətçi həmkarlarım kimi mənim üçünxoşdur”.

   Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, millət vəkili, akademik Nizami Cəfərov, professorlar - tarzən Vamiq Məmmədəliyev, şair-ədəbiyyatşünas Vüqar Əhməd çıxış edərək Alim Qasımovun sənəti haqqında fikirlərini bölüşdülər.

   Bildirildi ki, xanəndənin oxuduğu muğamlarda fərəh də var, kədər də. Onun ifası zamanı insan sanki qədim bir rəvayəti dinləyir. Musiqi dünyasında Şərq-Qərb anlaşmasını, vəhdətini təmin edən ifaçı mədəniyyət tariximizdə əbədi qalmaq haqqını qazanmış sənətkarlardandır. İnsanı düşündürən dərin mənalı fəlsəfəni muğamla sintezdə gözəl şəkildə təqdim edən ifaçının üslubunu çox zaman hürufilik, dərvişlik, sufiliklə əlaqələndirirlər. Təqdim olunan kitabda da məhz bu məqamlara aydınlıq gətirilib.

   Çıxışlardan sonra təqdimat mərasimi Əməkdar incəsənət xadimi, xanəndə Hacı Aqil Məlikov və oğlu Hüseyn Məlikov, gənc muğam ifaçıları Məmməd Nəcəfov, Abgül Mirzəliyev və sufi-ozan Fəxrəddin Salimin ifaları ilə davam etdi.

   Sonda səhnəyə çıxan kitabın müəllifi - musiqişünas, dosent Lətifəxanım Əliyeva nəşrin ərsəyə gəlməsinə və təqdimatın təşkilinə göstərdiyi dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə, Beynəlxalq Muğam Mərkəzinə təşəkkürünü bildirdi.

   Qeyd edək ki, kitabda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, akademik Vasim Məmmədəliyev, xalq artistləri Firəngiz Əlizadə, Siyavuş Kərimi, Zabit Nəbizadə, Rasim Balayev, Alim Qasımovun ustadı, mərhum xanəndə Ağaxan Abdullayev, yazıçı İlqar Fəhmi, teatrşünas Aydın Talıbzadə - ümumilikdə on üç müsahibin və müəllifin Alim Qasımov haqqında düşüncələri əksini tapıb. Kitabda Alim Qasımovun sənətkar portreti “sufi-filosof-xanəndə” tandemində təqdim olunur.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2017.- 29 sentyabr.- S.6.