Türkiyə və Azərbaycanın nəşriyyat
işi sahəsində əməkdaşlığı
Bakıda iki ölkənin naşir,
redaktor və yazarlarının
iştirakı ilə simpozium keçirilir
Sentyabrın 28-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyinin təşkilatçılığı ilə “Türkiyə-Azərbaycan nəşriyyatçılığı” adlı simpoziumun açılışı oldu.
Tədbiri giriş sözü ilə Türkiyə səfirliyinin mədəniyyət və tanıtım müşaviri İrfan Çiftçi açaraq son dövrlər iki ölkə arasında mədəni əlaqələrin inkişafından bəhs etdi.
Ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamını xatırladan İ.Çiftçi bildirdi ki, biz qardaşıq, qonşu deyilik. Eyni zamanda iki qardaş arasında çox möhkəm təməllərə söykənən mənəvi körpü yaranıb. Bu təməllər üzərindən qarşılıqlı olaraq nəşriyyat işçiləri, yazıçı və mədəniyyət xadimlərimiz əlaqələr qurur.
Müşavir Türkiyə ilə Azərbaycan arasında nəşriyyat, kitabçılıq və kitab təbliği sahəsində əməkdaşlığın, birgə fəaliyyətlərin həyata keçirilməsinin vacibliyini vurğuladı.
Azərbaycan Yazıçılar Biliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid simpoziumun əhəmiyyətindən danışdı. Qeyd etdi ki, bu tədbir gələcək əlaqələrimizin gerçəkləşməsi yolunda bir vəsilə olacaq.
Tədbirdə daha sonra iki ölkənin nəşriyyat və kitab evlərinin təmsilçiləri, qəzet və jurnal redaktorları, yazarlar, mütəxəssislər çıxış etdilər.
Lütfullah Parıltılı, Tolqa Yılmaz, Salih Zeki Meriç, Şəmil Sadiq, Seyfəddin Hüseynli və başqaları mövzu ilə bağlı fikirlərini bölüşdülər. Bildirdilər ki, Türkiyə-Azərbaycan mədəni əlaqələrini daha da inkişaf etdirərək qarşılıqlı kitab nəşrini ən yüksək səviyyəyə çatdırmaq lazımdır.
“Türkiyə-Azərbaycan nəşriyyatçılığı” adlı simpozium sentyabrın 30-dək davam edəcək.
S.Fərəcov
Mədəniyyət.- 2017.- 29 sentyabr.-
S.4.